130
yaşı tamamlanmış milli peşəkər teatrımızın inkişaf etməsində misilsiz
xidmətləri ilə seçilən sənətkarlardan biri də Ağahüseyn Cavadovdur. Uzun
illərdən bəri mahir bir komediya ustası kimi tanınan Azərbaycan.SSR xalq
artisti Ağahüseyn Cavadov ən çox müasir dövrün tamaşaçılarına "Bəxtiyar",
"Görüş", "Sehrli xalat", "Bir qalanın sirri", "Qızmar günəş altında", "O
olmasın, bu olsun", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd
haradadır?" və s. filmlərdən tanışdır. Yəqin ki, bir çoxlarımız bu
filmlərdə Ağahüseyn Cavadovun özünəməxsus ustalıqla yaratdığı istər baş
rol, istərsə də epizodik rollarda ifa etdiyi məzəli, eyni zamanda
təkrarsız ifasını xatırlayırıq. Hətta bəzi filmlərdə aktyorun dediyi bir
çox ifadələri hərdən öz aramızda səsləndiririk.
İndi aktyor olmağa nə var ki... Dekorasiya da var, hər cür şərait
də var, üstəlik aktyorluq sənətinə yiyələnmək üçün təhsil almaq imkanı
da. Eyni zamanda Azərbaycan teatrının təməlini qoyan məşhur
sənətkarların zəngin yaradıcılıq irsi də var. Amma o vaxtlar çox çətin
idi bu sənətlə məşğul olmaq. Aldığın cüzi maaşla ev-eşik saxlamaq. Bəzən
elə olurdu ki, bu sənət fədailəri açıq havada, tarlalarda, kolxozlarda
tamaşalar verirdilər.
Arabaların üstündə dekorasiya qururdular. Gecəli-gündüzlü çalışırdılar.
Çünki sənətlərini sevirdilər. Azərbaycan mədəniyyətinin təməl daşını
qoymaqları ilə fəxr edirdilər. Milli teatrımızın təşəkkülü, inkişafı
üçün münbit zəmin yaradırdılar. Ona zəngin həyat materialı, real məişət
mənzərələri, canlı insan nəfəsi verməklə, aktyor sənətini
formalaşdırırdılar. Ağahüseyn Cavadov da məhz belə aktyorlardan biri idi.
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü ildə Bakıda anadan olmuşdur.
Ömrünün 60 ilini səhnəyə həsr edən Ağahüseyn Cavadov da öz sələfləri
kimi ilk təhsilini mollaxanada almışdır. Anası Hürmət xanım isə oğlunun
oxumuş, savadlı olmasını çox istəyirdi. Lakin o dövrün ab-havası bir
çoxları kimi Ağahüseyn Cavadovun da əl-qolunu bağlayırdı. A. Cavadov
harda olursa-olsun teatr sənəti ilə maraqlanır, o dövrün görkəmli
aktyorlarının, xüsusilə Sidqi Ruhullanın, Mirzəağa Əliyevin, Cahangir
Zeynalovun, Hacıağa Abbasovun ifalarına tamaşa edir, onlarla bir sırada
olmağı arzulayırdı. İlk addımlarını Tənqid-təbliğ teatrında atan
Ağahüseyn Cavadovun sənət taleyi çox uğurlu olmuşdur. 1920-ci ildən
səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın
kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların
son günləri", "Namus" tamaşalarında yaratdığı obrazlarla tamaşaçıların
geniş rəğbətini qazanır. Bu obrazların hərəsi ayrı-ayrılıqda süjet
xəttinə görə bir-birindən kəskin surətdə fərqlənsə də, onun ifasının
təkrarsızlığını sələfləri dönə-dönə qeyd edirdilər.
Zəngin yaradıcılıq imkanlarına malik olan Ağahüseyn Cavadov
xarakterik və dramatik rolların da ustad ifaçılarından olub. Yumşaq,
sakit təbiətə malik olan bu aktyorun yaratdığı obrazlar həmişə təbii,
canlı və inandırıcı olub. Çünki aktyorluq bu insanın varlığında idi.
Onun rəng və boyalarının zənginliyi və əlvanlığı, sənətinə ciddi
münasibəti həm dramlarda, həm komediyalarda, həm də operettalarda bir-birindən
fərqlənən orijinal obrazlar yaratmağa imkan vermişdir.
Musiqili Komediya Teatrının repertuarının zənginləşməsində
Ağahüseyn müəllimin böyük rolu olmuşdur. 1938-ci ildə o, yenicə təşkil
edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur.
Burada o, "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın
mal alan", "Toy kimindir", "Evli ikən subay" və sair əsərlərin səhnə
həyatının uğurlu alınmasından ötrü böyük yaradıcılıq zəhmətinə
qatlaşmışdır. Yaratdığı komik obrazlarla yadda qalan, sevilən, istər
kiçik, istərsə də böyük rollarında həmişə gülüş doğuran satira və yumora
imkan verən epizodların, səhnələrin daha canlı, daha parlaq olması üçün
öz aktyorluq məharətindən istifadə edən sənətkar Mirzəağa Əliyev, Kazım
Ziya, Fatma Qədri, Mustafa Mərdanov, Möhsün Sənani, Leyla Bədirbəyli,
Barat Şəkinskaya, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi
sənətkarlarla yanaşı çalışmışdır. Əsl sənət fədaisi olan bu insan həmişə,
istər səhnədə, istərsə də həyatda təbiiliyi, səmimiliyi ilə hamıdan
seçilmişdir. Ekranda yaratdığı obrazlar ciddi sənət axtarışları, dəqiq
və zəngin həyat müşahidəsi sayəsində maraqlı ekran həyatı kəsb etmişdir.
Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində
Ağahüseyn Cavadovun xidməti böyük olmuşdur. O, ömrünün 60 ildən çoxunu
səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır. İstər klassik
dramaturgiyanın nümunələrində, istərsə də müasir əsərlərimizdə eyni
hərarət və səmimiyyətlə çıxış etmişdir. Yaratdığı obrazlar uzun müddət
hafizələrdə yaşamışdır.
Ağahüseyn Cavadov Azərbaycan.SSR xalq artisti (1938) kimi fəxri ada
layiq görülmüş, 2 dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Cavadov sənəti, Cavadov komizmi isə neçə-neçə sənətkar üçün əvəzsiz bir
örnək olaraq Azərbaycan teatrının ayrılmaz tərkib hissəsi kimi bu gün də
öyrənilir.
Teatr sahəsində rolları:
Dəmirçi Musa (Toy, S.Rəhman)
Bərbərzadə (Xoşbəxtlər, S.Rəhman)
Məmişov (Məhəbbət, M.Ibrahimov)
Luka Lukiç (Müfəttiş, N.Qoqol)
Brabansio (Otello, V.Şekspir)
İmran (Əcəb işə düşdük, S.Qurbanov)
Kino sahəsində rolları:
Sevimli mahnı
O olmasın bu olsun
Görüs
Şərikli Çörək
Əhməd Hardadır
xatırlayırsınızmı?
60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan
reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay,
troleybuslar...