Onu hamı tanıyırdı. Çoxları İsmayıl deyə çağırırdılar. İlk
böyük işi də, son işi də İsmayıl oldu. Biri “Ögey ana”da, o biri isə
“Fəryad”da. “Fəryad”ı tamamlamışdı. Çox az iş qalmışdı. Bir az
montajdan, bir az da səsləndirmədən. Günlərin birində eşitdik ki,
Ceyhun ürək tutmasından keçinib.
Bu elə vaxt idi ki, müharibə davam edirdi. Cəbhədən hər gün onlarla
igid oğlanlarımızın tabutu gətirilirdi. Ceyhun isə “Fəryad”la
vuruşurdu. Ürəyi dözmədi. O da şəhid oldu. Sözün əsil mənasında Şəhid.
Amma sağ olsun filmin ssenari müəllifi Vaqif Mustafayevi. “Fəryad”ı
tamamladı, heç özünü rejissorluğa şərik də etmədi.
İnanmaq olmaz ki, Azərbaycanda “Ögey ana” filminə baxmayan olsun. 9 yaşlı
İsmayılın şıltaq obrazını oynayan Ceyhun Mirzəyev Azərbaycan kinosunda
şedevr yaratdı. Kim deyərdi ki, Ceyhun aktyor kimi İsmayılı ifa edir.
O özünü oynayırdı, çevikliyi də var idi, küsməkliyi də, dəcəlliyi də.
Ceyhunun bu filmə düşməsi bəlkə də təsadüf deyildi. Çünki üç il əvvəl
Tofiq Tağızadənin “Görüş” filmində balaca bir epizodda çəkilmişdi.
Amma bu İsmayıl özgə bir aləm idi. Kinoçular da, tamaşaçılar da bu
balaca aktyorun istedadına məəttəl qalmışdılar. İllərlə aktyor təhsili
alıb, adi cizgiləri verməyi bacarmayan aktyorlar ibrət götürə
bilərdilər İsmayılın yaradıcılığından. Doğrusu, rejissor Həbib
İsmayılovun onunla necə işlədiyi barədə məlumatım yoxdur. Amma elə
bilirəm ki, o həmişə Ceyhunu sərbəst buraxıb, “necə istəyirsən, oyna”,
deyib. Çünki bu balaca dəcəl ekran qanunlarından bəzən kənara çıxır,
hətta ssenaridə olmayan elementlərlə filmə xüsusi görüntülər gətirir.
Ağlayanda da özüdür, güləndə də. Heç onun kədərli olduğu anlardakı
sifət cizgilərinə fikir vermisinizmi? Bu doğrudan da ilahi bir
istedaddır. Bəlkə də “Ögey ana”nın Ceyhunu Azərbaycan kinosunda ən
uğurlu aktyor seçimi idi.
Sonra illər ötüşdü. “Mateo Falkone”də göründü, “Yenilməz batalyon”da
arabanı mənzilə çatdırmağa can atdı. Və 1970-ci ildə Hüseyn Seyidzadə
onu “Dəli Kür”də Osman rolunda çəkdi. Püxtələşmişdi, böyümüşdü. Arzusu
rejissor olmaq idi Ceyhunun. İncəsənət İnstitutunda rejissorluq
təhsili də aldı.
Amma o filmlərini hələ bir az sonra çəkəcək. Ekranlarımıza mərhum
rejissor Teymur Bəkirzadənin “İşgüzar səfər” filmi çıxarılanda Ceyhun
artıq studiyada işləyirdi. “Mozalan” satirik kinojurnalının bədii
rəhbəri idi. Yüzlərlə “Mozalan” süjetlərinə quruluş vermişdi. Bir-birindən
maraqlı və kəsərli süjetlər idi. Ceyhunun rejissorluğunda bir yumşaq
komizm var. Onun süjetlərinə tamaşa edənlər uzun müddət filmin
təsirində olurlar. Burada hər şey bütöv olardı. Ümumiyyətlə, yarımçıq
işi xoşlamazdı. Bircə, “Fəryad”ı yarımçıq qaldı. Ceyhun Mirzəyev
zamanın, dövrün nəbzini tutmağı bacaran rejissor idi. Aktyor kimi
oynadığı rolların hər birində onun öz şəxsi keyfiyyətləri var. Məsələn,
xeyirxahlıq, çılğınlıq, sözünə bütövlük və s. Onun rolları tamaşaçını
həmişə düşündürüb, təsirləndirib. Kinorejissor Vaqif Mustafayev
Ceyhunu “Yaramaz”da çəkmişdi. Burada isə aktyor kimi o tamam yeni bir
ampluadadır. Onun qəhrəmanı tədbirli, sakit və mülayim insandır.
Bu gün müharibə mövzusunda çəkilən ən dəyərli ekran əsərlərimizdəndir
“Fəryad”. Görünür, o bu ağrılara tab gətirə bilmədi. Çünki çəkiliş
vaxtı yaratdığı situasiyalar o qədər təbii alınırdı ki, istər-istəməz
həm rejissor, həm də aktyor kimi o ağrıları çəkməli olurdu. Bəli,
“Fəryad” Ceyhunun son yaradıcılıq işi oldu. Ceyhun haqqında o qədər
xoş xatirələr var ki, onlar qalaq-qalaq kitablara sığmaz.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...