Həyatda da yaratdığı obrazlar
kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt
deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə öz obrazını yaradır.
Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi.
Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan,
maraqlı rollar yaratmışdı. Məlik Dadaşov 1924-cü il iyunun 27-də
Bakıda doğulmuşdu. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu
bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə
gəlmişdi və burada ilk dəfə H. Muxtarovun “Ailə namusu” pyesində
oynamışdı.
Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü
inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ə. Ələkbərov, M.
Məmmədov, A. İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı.
Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir
göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına
çıxarmışdı.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi
xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən
yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən,
A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss
olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı
obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta
tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N.
Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha
təsdiq edir.
Məlik Dadaşov xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi.
Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə
Qəmlonun, (“Axırıncı aşırım”), Kərbəlayi İsmayılla dialoqlarındakı
ifadələri xatırlayın. Yəqin ki, “Abbasqulu bəyin nazı ilə çox
oynayırsan, a... Kərbəlayi” ifadəsi hamıya yaxşı tanışdır.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın
səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin
klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi
tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin.
Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə
mərhum kinorejissor T.Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı
“O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu
çəkmişdi.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı.
Kinorejissor Ə.İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. “26 Bakı
komissarı” və “Ulduzlar sönmür” filmlərində o, M. Əzizbəyovun və N.
Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.
Xalq yazıçısı İ.Əfəndiyevin “Atayevlər ailəsi” pyesi əsasında
hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı
Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
“Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan
obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan
aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox
təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə
keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı.
O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) “sovetin” mükafatını
ala bilməz. Və bir də “Dəli Kür”dəki Molla Sadıq. Bu obrazın da
Azərbaycan kinosunda öz xüsusi yeri var.
M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin “On
ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”,
Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun “Nağıl başlananda” və s.
tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən
silinməmişdir.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında
çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın
repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb
olunmuşdu. 80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində aktyor sənətindən dərs də deyirdi.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr
etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda
olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq
yaşayacaqdır.
Kino sahəsində rolları:
1. Bir məhəlləli iki oğlan
2. Koroğlu
3. Dəli Kür
4. Dağlarda döyüş
5. Ulduzlar sönmür
6. 26 Bakı Komissarı
7. Birisigün gecəyarısı
8. Axırıncı aşırım
9. O dünyadan salam
10. Müharibə görən adam
11. Fəryad
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...