Azərbaycan.SSR
xalq artisti (1954).Əlağa Ağayev ilk növbədə teatr aktyoru idi.
Ömrünün ən məhsuldar dövrünü Milli Teatrımıza həsr etmişdi. Klassik
aktyor ənənələrindən bəhrələnərək orijinal üslub yaradan aktyor hansı
rolda çıxış etməsindən asılı olmayaraq, ona özünəməxsus şirinlik
gətirərdi.
Teatra 30-cu illərdə gəlmişdi. 25 il Gənc Tamaşaçılar Teatrında
işləmişdi. Gənclik enerjisi ilə teatrın əksər tamaşalarında oynayırdı.
Onlarca tamaşada öz bənzərsiz rolları ilə yaddaşlara hakim olmuşdu.
Əlağa Ağayev hansı rolda oynayırdısa, orada gülüş var idi. Komediya
aktyorluğunun yeni nümunəsini gətirmişdi teatrımıza. İşləməyi çox
sevirdi. Onunla tərəf-müqabil olanlar söyləyirdilər ki, heç vaxt
məşqlərdən yorulmazdı. 1961-ci ildə Əlağa müəllim öz yaradıcı taleyini
Akademik Milli Teatra bağladı.
Kinematoqrafçılarımız da bu möhtəşəm sənətkarı unutmadılar. İlk
dəfə T.Tağızadə 1955-ci ildə Əlağa Ağayevi “Görüş” filminə dəvət etdi.
İlk rolu olsa da, aktyor ekranda o qədər sərbəst hərəkət edib ki, heç
tamaşaçı bu rolun debüt olduğunu hiss etmir. Əlağa Ağayev bu obrazı
çox məharətlə yaradıb. Komediya janrının zəngin ənənələrindən
məharətlə bəhrələnən aktyor obrazı özününküləşdirə bilib.
Sonra isə məşhur “O olmasın, bu olsun” filmi gəlir. Buradakı rolu
ilə Əlağa müəllim Azərbaycan kinoaktyorluğu aləmində özünə əbədi bir
“heykəl” ucaldıb. — Günlərin birində bu filmin baş operatoru Ə.Atakişiyev
işlədiyim Gənc Tamaşaçılar Teatrına gəldi, — deyə, Əlağa müəllim
xatırlayırdı. — Həmin axşam “Yağışdan çıxdıq, yağmura düşdük”
tamaşasında Hacı Qəmbər rolunda çıxış edirdim, nökəri isə Əhməd
Əhmədov oynayırdı. Elə həmin gün Əhməd Əhmədovu hambal roluna dəvət
etdilər, məni isə bir neçə gün sonra studiyaya çağırdılar. Əlağa
müəllim xatırlayırdı ki, bir gün rejissor mənə dedi: — Əlağa, filmin
taleyindən çox narahatam, ağlınca, film necə çıxacaq? Dedim ki, bu
aktyorlar ki var, onlar sənin filminin müvəffəqiyyətinin 50 faizini
təmin ediblər. Qaldı qalan 50 faizə, onu da zaman göstərər. Bəli,
zaman göstərdi ki, film dünyanın 50-dən artıq ölkəsini gəzib, kinomuza
şöhrət qazandırdı. Söz yox ki, filmin belə canlı alınmasında Məşədi
İbadın əvəzsiz ifaçısı Əlağa Ağayevin xidmətləri böyük olmuşdu.
“Sehirli xalat” filmindəki Xan obrazı da Əlağa Ağayevin
yaradıcılığında özünəməxsus yeri olan qəhrəmanlardandır. Xanın başına
açılan oyunları elə gözəl yumorla tamaşaçıya çatdırır ki, onun komik
rolların ən mahir ifaçısı olduğuna inanırsan.
Əlağa müəllimin ən dəyərli kino qəhrəmanlarından biri də “Bizim
Cəbiş müəllim” filmindəki roludur. “Evlənmək istəyirəm” filmində polis
işçisinin rolu da maraqlı və yaddaqalandır. Kinematoqrafda onun
rollarının özünəməxsus xüsusiyyətləri var. Bu, hər şeydən əvvəl,
aktyorun ciddi obrazlara komik əhval gətirmək bacarığı ilə xarakterizə
olunur. Bəzən lap kiçik epizodları belə filmin əsas qəhrəmanları
səviyyəsinə qaldıra bilir. Elə, “Əhməd haradadır” filmindəki kassiri
xatırlayın. Ekranda görünməsi ani bir məqamı əhatə etsə də,
tamaşaçının yadından çıxmır. “Qanun naminə” filmindəki Məmmədxan rolu
isə daha çox aktyor oyunundakı cizgilərlə yadda qalır.
Əlağa Ağayevin televiziya tamaşalarındakı rolları da öz komik
cizgiləri ilə tamaşaçıların yaddaşına əbədi həkk olunmuşdur. Hansı
tamaşada oynamasından asılı olmayaraq, tamaşaçı bilirdi ki, aktyor ona
bir xoş ovqat bəxş edəcək. Onunla çəkilişlərdə iştirak edənlər o qədər
gözəl xatirələr danışırlar, hiss edirsən ki, Əlağa müəllim elə həyatda
da insanlara sevinc bəxş etməkdən həzz alırmış.
Əlağa Ağayevin milli aktyor sənətimizin inkişafında çox layiqli
yeri vardır. Hər dəfə bu filmlər, tamaşalar ekranda görünəndə tamaşaçı
çöhrəsinə xəfif bir təbəssüm qonacaq və istər-istəməz onların
yaradıcısı, böyük sənət fədaisi Əlağa Ağayevi bir anlıq da olsa yad
edəcəyik.
Teatr sahəsində rolları: Kərəmov (Toy, S.Rəhman)
Xəlil (Əliqulu evlənir, S.Rəhman)
Abış (Əcəb işə düşdük, Ş.Qurbanov)
Martin (Dəlilər, Lope de Veqa)
Nağı (Yaxşı adam, M.İbrahimov)
Dadaş (Qəribə oğlan, İ.Əfəndiyev)
Kino sahəsində rolları: Bir məhəlləli iki oğlan
O olmasın bu olsun
Əhməd Hardadır
Sehirli xalat
Görüş
Yeni Horizont
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...