O, 1937-ci ildə Bakıda dünyaya gəlib. Ailədə üç oğul idilər. "Anası
danışırdı ki, Eldəniz hamısından kaprizli, az yeyən və dəcəl olub.
Yeməyin dərdindən qabındakı küftələri qardaşlarına pulla satarmış.
Böyüyəndən sonra, 60 yaşında da elə idi. Kiçik oğlumuz ona oxşayıb.
Bir dəfə dedim ki, ay oğul, sən nə vaxt ağıllanacaqsan. Eldəniz
qayıtdı ki, atası ağıllananda". Uşaqlıqda çox dəcəl olub Eldəniz.
Yuxarı dağlı küçəsində yaşayıb. Küçədə, qonşuda o qız qalmırdı ki, ona
sataşmasın. Hamının saçını dartırdı. Anası ömür boyu ondan şikayət
edirdi. Məktəbdə də bundan betər dəcəlliklər edirdi. Çox yaxşı oxuyan
şagird deyildi, tənbəl idi. Ancaq zirək, qoçaq olub. Elə belə də
məktəbi qurtarıb. Eldəniz sözü üzə deyən adam idi. Fikrinə nə
gəlirdisə, onu da üzə deyirdi. Amma ürəyində kin saxlamırdı.
Ziyalı ata-ananın bu üç övladından ikisinin hərəsinin öz yolu, seçimi
oldu, amma ailənin böyük oğlu Eldənizin alnına dayısı Həsənağa
Salayevin yolu ilə getmək yazılmışdı. Hələ uşaqkən dayısı ilə
teatrlara ayaq açan balaca Eldəniz özü də bilmədən səhnənin sehrinə
düşdü. İllər keçdi, H.Salayev dünyasını dəyişəndə E.Zeynalov artıq
İncəsənət İnstitutunun tələbəsi idi. Dövrünün ən məşhur pedaqoqu,
sənətkarı Adil İsgəndərovdan dərs alırdı. Tələbə ikən Eldar Quliyev
onu özünün çəkdiyi "Bir cənub şəhərin"də filminə baş rola dəvət edir.
Bu filmlə də bir aktyorun sənət yolu başlanır. İnstitutu bitirib
Akademik Dram Teatrına təyinat alan aktyor həm teatrda, həm də "Azərbaycanfilm"
kinostudiyasında paralel çalışırdı.
Əslində Eldənizin sənətə gəlişi təsadüfi olmayıb. Çünki həyata göz
açandan, dünyanı dərk etməyə başlayandan ailədə teatr, sənət barədə
söhbətləri eşidib. Özü də dayısı Həsənağa Salayevdən. Eldəniz elə
uşaqlıqdan dayısı ilə birgə teatra gedib-gəlirdi. Beləcə, uşaq
yaşlarından səhnəni sevməyə başladı və bu sənətə ürəkdən bağlandı.
İncəsənət İnstitutunu bitirəndən sonra Akademik Dram Teatrında işə
başlayıb. İlk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Ancaq
bir ara “Azdrama”dan çıxdı və kinostudiyaya keçdi. Orada 2-3 il
işlədikdən sonra isə yenə teatra qayıtdı. Və elə ömrünün sonunadək
teatrda çalışdı.
Eldəniz Zeynalovun başına gələn gülməli əhvalat:
Eldəniz Yaponiyadan gətirilən xeyli işlənmiş maşın almışdı. Maşının da
rulu sağdaydı. O vaxtlar belə maşınlar hələ təzə çıxırdı. Eldəniz
maşını alan kimi gəlir Mikayıl Mirzənin yanına. Onu da götürüb
gedirlər maşını “yumağa”. Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər.
Axşam da şəhərə qayıdırlar. “Azneft”i keçəndə yol polisi görür ki,
maşın ləngər vura-vura gəlir. Əl eləyib maşını saxlatdırır. Eldəniz
maşından düşən kimi, şığıyır polisin üstünə və özünəməxsus tərzdə
deyir: “Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları
incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük
sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə
televizorunuz yoxdu?” Bu zaman Mikayıl tez maşından düşüb girir
Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf
çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır.
Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş
eləməyən Eldəniz də deyinə-deyinə əlini rula atır, görür rul yoxdu.
Tez qapını açıb düşür və yüyrək gələrək polisin yaxasından tutur ki:
“Bura bax, alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu bəri ver”.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...