Xalq onu sevirdi və yaratdığı yüzlərlə teatr və
kino qəhrəmanları bu gün də xatirələrdən silinməyib.
Bu günlər böyük sənətkarın anadan olmasının 107-ci ildönümü qeyd
edildi. Ələsgər Ələkbərov o sənətkarlarımızdandır ki, adı sənət
tariximizin ən layiqli səhifələrinə əbədi düşüb. Aktyor 1927-30-cu
illərdə Bakıdakı Teatr Texnikumunda təhsil almışdı. Sonra türk işçi
teatrında çalışmış, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə
(“Hücum”) kimi yaddaqalan obrazlar yaratmışdı. Ə.Ələkbərov bir neçə il
Tiflis Azərbaycan Teatrında, Kirovabad teatrlarında çalışmış, 1933-cü
ildən öz yaradıcı taleyini indiki Akademik Milli Dram Teatrına
bağlamışdı. Onun tamaşalarına baxanlar uzun müddət yaratdığı obrazın
təsirindən çıxa bilməzdilər. Ələsgər Ələkbərov geniş ampluaya malik
istedadlı sənətkar idi. Xüsusilə dramatik rolların əvəzsiz ifaçısı idi.
Aktyorun səhnədə görünməsi əslində tamaşanın taleyini həll edərdi.
Teatrşünaslar onun rolları haqqında həmişə müxtəlif mövqedən mülahizə
bildirmişlər.
30-cu illərdə aktyorun ünvanına bəzən yersiz tənqidlər də səslənirdi.
Ancaq bunlar onu sənətdən soyutmur, əksinə daha məsuliyyətlə işləməyə
sövq edirdi. Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”),
Heydərbəy (“1905-ci ildə”), Fərhad (Fərhad və Şirin") və onlarla
rolları aktyorun güclü plastikaya, geniş diapazona malik olduğunu
təsdiqləyirdi. Ancaq iki obraz — Vaqif (“Vaqif”) və Otello (“Otello”)
rolları onun sənət dünyasının ən layiqli nişanələridir. Bu obrazları
Azərbaycan səhnəsində güclü aktyorlar ifa ediblər. Ələsgər Ələkbərovun
ifasında isə onlar tamam başqa bir aləmdir. “Nə yaxşı ki, dünyada
Səməd Vurğun var” sənədli filmində “Vaqif” tamaşasından bir neçə
epizod əks olunur. Bu parçalarda Ələsgər Ələkbərov Vaqifi o qədər
təbii, o qədər canlı formada yaradıb ki, tamaşaçı aktyorun istedadına
heyran olur.
Ə.Ələkbərov səhnəmizə yeni üslub, yeni yaradıcı manera gətirdi. Onun
rollarında klassik aktyor sənəti məktəbinin gözəl ənənələri yaşayır.
Bu ənənələr elə aktyorun ekran qəhrəmanlarında da özünü büruzə verir.
Rüstəm kişi (“Böyük dayaq”) kinomuzun əvəzsiz obrazlarındandır. Elə
Fətəli xanın (“Fətəli xan”) tarixi obrazı da Ələsgər Ələkbərovun
yüksək istedad sahibi olduğuna bariz nümunədir. “Lətif”, “Almaz”, “Kəndlilər”,
“Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində də aktyor gözəl ekran
qəhrəmanları yaratmışdır.
Ələsgər Ələkbərov milli aktyorluq sənətimizin korifeylərindəndir. Onun
sənəti əsl mənada məktəbdir. Böyük sənətkarın xatirəsi xalqın
hafizəsində əbədi yaşayacaqdır.
Teatr sahəsində rolları: Makduf (Makbet ,V.Şekspir)
Vaqif (Vaqif, S.Vurğun)
Fərhad (Fərhad və Şirin, S.Vurğun)
Otello (Otello, V.Şekspir)
Xanlar (Xanlar, S.Vurğun)
Minnətov (Vəfa, R.Rza)
Alxan (Bahar suları, İ.Əfəndiyev)
Yusif (Mehebbet, M.Ibrahimov)
Kino sahəsində rolları: Vulkan üzərində ev
Kəndlilər
Böyük dayaq
Fətəli Xan
Qara daşlar
Uzaq sahillərdə
Məhəbbət dastanı
Yeni horizont
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...