Kiçik
rolların böyük ifaçısı. Əslində Fazilin arzuları böyük idi, o, səhnədə də, ekranda da
oynamadığı, arzusunda olduğu çox rollar qoyub getdi.
Fazili görənlər, onunla yaxınlıq edənlər yaxşı bilirlər ki, o,
həqiqətən, çox istedadlı, sənətə ürəkdən bağlı bir aktyor idi.
Deyillər ki, Fazil Salayev heç özü də baş rollar istəmirdi. Deyirdi ki,
mənə kiçik rollar verin, mən onları böyük rollar səviyyəsinə qaldıra
bilərəm. Doğrudan da, elə filmlər var ki, Fazillə yadda qalır, onun
rolları tamaşaçıda əsl mənada filmə maraq oyadır.
Fazil Salayevin rolları kiçik olsa da, bütövdür. Onun “kiçik”
qəhrəmanlarında bir böyüklük duyulur. Çox vaxt rejissorlar bunu
qiymətləndirə bilmirdilər. Yoxsa, bu illər ərzində onu bu qədər az
filmə çəkməzdilər.
Rejissorlar həqiqətən “xəsislik” göstərirdilər. O, hər gün
kinostudiyada idi. Hətta işi olmayanda belə studiyanı gəzib dolaşır,
sənət dostları ilə söhbətləşərdi.
Fazil studiyanın həyətinə ayaq basanda burada əsl mənada bayram olardı.
Nədənsə, ona elə rollar həvalə edilirdi ki, hamısı onun öz taleyinə
bənzəyirdi.
“Şərikli çörək” filmində qırçı Məhəmmədin rolunu rejissor Şamil
Mahmudbəyov ona həvalə edəndə bir az sevinc, bir az da tərəddüd
keçirmişdi. Qırçı Məhəmmədlə bağlı bu filmin səhnələri əslində ayrıca
bir kino mövzusudur. Mən həmişə bu fikirdəyəm ki, Şamil müəllim kino
içərisində kino yarada bilirdi. Fazil bu rolu o qədər səmimi, o qədər
istedadla yarada bilmişdi ki, onu filmin baş qəhrəmanlarından biri
kimi də xarakterizə etmək olar.
Fazil Salayevin Məhəmmədi bizim hər gün Bakı küçələrində
qarşılaşdığımız qırçılardan biridir. Amma aktyor onu o qədər səmimi
yaradıb ki, biz onu təkcə qırçı kimi təsəvvür etmirik. O, həm də
vətənpərvər bir insandır.
Heç onun gözlərinə fikir vermisinizmi? Cəbhədə kontuziya alıb, sonra
bacardığı bir işin qulpundan yapışmaqla öz vətəndaşlıq borcunu yerinə
yetirir. Onun gözlərində həmişə çox kədərli bir düşüncə duyursan.
Tamaşaçı onun qəhrəmanını sevir, hətta onun sözlərini uzun müddət
yaddaşında saxlayır.
Həyatda da onun gözlərində çox qəribə bir kədər olardı. danışanda da,
güləndə də heç vaxt gözlərində sevinc hiss olunmazdı.
“Ömrün səhifələri” kinoalmanaxındakı “Rəqiblər” novellasında elə
Fazili oynayır. Fazil də özüdür ki, durub. Yenə öz zarafatlarından
qalmır, ətrafındakılar Fazili sevdiyi kimi tamaşaçı da onu sevir.
Fazil Salayev Azərbaycan kinosunun unikal istedada malik
aktyorlarından idi. O, kiçik bir süjetdə o qədər güclü mətləbləri aça
bilirdi ki, tamaşaçı həqiqətən onun istedadına heyran olurdu.
“Mozalan”ın süjetlərini xatırlayın. Bu satirik kinojurnalın bədii
süjetlərində onun 5-6 dəqiqəlik epizodları bəzən bir filmdən belə
güclü təsir bağışlayırdı. Yəqin ki, metro səhnəsini xatırlayırsınız.
Necə ustalıqla qurulmuş və ifa olunmuş səhnədir. Bu filmdə o, mərhum
aktyor Bahadur Əliyevlə tərəf müqabildir. Onun içki düşgünü olan
qəhrəmanı metroya hələ də düşməyib. Polis ona deyəndə ki, heç metroya
minməmisən? Cavabı çox konkret olur: “Qoyursunuz ki...”
Belə süjetlər çoxdur. Məhlədəki səs-küydən cana doymuş Fazil Salayevin
qəhrəmanı axırda dəli olur, dəlixanaya düşür.
Elə “Axırıncı aşırım” filmində də Fazilə kiçik bir rol tapşırılıb.
Ancaq burada da o dilini dinc qoymur. Kərbəlayı İsmayıl “dilini
boğazından çıxardaram” deyəndə onun sifətinə diqqətlə baxsanız hansı
hala düşdüyünün və bu anları aktyorun necə məharətlə ifa etdiyinin
şahidi olarsınız.
Bizim klassik aktyor məktəbi ənənələrindən çox məharətlə bəhrələnən
aktyor, öz ifa tərzində bunu çox aydın büruzə verirdi. Onun obrazın
daxili dünyasına çox asanlıqla sirayət etmək bacarığı bir daha təsdiq
edirdi ki, Fazil professional sənətkardır.
Fazili tamaşaçıya sevdirən bir cəhət də onun özünəməxsus komizmi idi.
O, tamaşaçını güldürmək üçün dəridən-qabıqdan çıxmazdı. Üzünün
mimikası və yaxud ifşaedici nəzərləri ilə həmişə tamaşaçıya şən əhval-ruhiyyə
bağışlayardı.
Bir vaxtlar televiziya ekranlarında gedən “Komediyalar aləminə səyahət”
verilişində tez-tez səhnəciklərdə oynayardı. Burada da əsasən komik
rolları məharətlə yaradardı.
Fazil Salayev “Ürək...Ürək...”, “Alma almaya bənzər”, “Var olun,
qızlar”, “Ulduz” və s. filmlərdə də epizodik rollar oynayıb. “Ulduz”da
fotoqraf onun kinoda ilk rolu idi. Çox kiçik bir epizodda oynayır.
Ancaq tamaşaçı onu unutmur.
O, ömrünü çox vaxtsız başa vurdu. Həmişə sağlamlığından şikayət edərdi.
Doğrudan da xəstə idi. Amansız ölüm onu aramızdan çox tez apardı.
Deyirdi: “O qədər oynamalı rollarım qaldı ki”...
Fazil Salayevin sənəti bizim kinoda əvəzi olmayan ifaçılıq nümunəsidir.
O, öz qəhrəmanlarını sevirdi. Xalq da onun qəhrəmanlarını. Əslində elə
bu xalq Fazilin özünü, sənətini sevirdi. Və bu gün də onu böyük
məmnunluqla xatırlayır və ruhuna dualar oxuyur.
Kino sahəsində rolları:
Şərikli çörək
Ulduz
Bizim Cəbiş müəllim
Alma almaya bənzər
Dərvış Parisi partladır
Ürək...ürək
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...