Sanballı adam idi, Həsən
Məmmədov. Danışanda adam ona heyrətlə qulaq kəsilirdi. Həmişə də
sənətdən, yaratdığı rollardan söz düşəndə söhbəti dəyişərdi. Nədənsə
özü haqqında danışmağı sevməzdi. Müsahibələrində daha çox
rejissorlardan, tərəf-müqabillərindən danışmağı xoşlayardı.
Azərbaycan kino sənəti üçün çox işlər gördü. 100-ə yaxın filmdə irili-xırdalı
rollar yaratdı. Sağlığında haqqında kitablar yazılıb, mətbuatda
dəyərli yazılar çap edilib. Jurnalist Əlisəftər Hüseynovun “Həsən
Məmmədov” monoqrafiyası bu böyük sənətkarın sağlığında çap olunmuşdu.
Bu, istedadlı sənətkar haqqında çox qiymətli bir tədqiqat əsəri idi.
Sənəti haqqında, şəxsiyyəti haqqında söhbət açılırdı, bu kitabda. Amma
dəfələrlə Əlisəftər müəllimə demişdi ki, niyə böyük sənətkarlar
haqqında yazmırsınız. Belə təvazökar adam idi, Həsən müəllim.
1938-ci ildə, noyabrın 22-də dünyaya göz açmışdı. Universitetə daxil
olmuşdu. Fizik olmaq istəyirdi.
Lakin tale onu kino üçün yaratmışdı və elə kinoya da gətirdi. “Böyük
dayaq”la kinoya ayaq açdı. Qaraş onun kinoda ilk işi idi və bu filmlə
o aktyorluq sənətində nəyisə demək imkanı olduğunu sübut etdi. Və
sonra bir-birinin ardınca Muradı (“Bir cənub şəhərində”), Oqtayı (“Gün
keçdi”), Bəxtiyarı (“Yeddi oğul istərəm”), Dədə Qorqudu (“Dədə Qorqud”),
Abasqulu bəyi (“Axırıncı aşırım”) və s. kino tariximizə bəxş etdi.
Həsən Məmmədovun rollarını bizə sevdirən çox əlamətdar cəhətlər var.
Məsələn, bunlardan biri onun rollarının milli xarakterli olmasıdır.
Onun qəhrəmanları əsil azərbaycanlılardır. Onlar bu torpağı, bu xalqı
qəlbən sevən insanlardı. Digər tərəfdən, onlar sadə və səmimi
insarlardır. Öz talelərini həmişə xalqın taleyi ilə bağlayıb, xalq
yolunda ölümə belə getməkdən çəkinməyən obrazlar müəllifi idi, Həsən
Məmmədov. Bu rolların bir xarakterik xüsusiyyəti də ondan ibarət idi
ki, onlar qəhrəman insanlar idi. Ölümün gözünə dik baxmağı bacaran
cəngavər obrazlar idi.
Həsən Məmmədovun xatirəsini yad edərkən çox şeyləri qələmə almaq olar.
O, bütövlükdə milli kinomuzun aparıcı aktyorlarından idi. Və deyərdim
ki, ilk professional kinoaktyorluq məktəbi yaratmışdı.
Onun obrazlarında bir yaxınlıq var. Əslində hamısı müsbət
xarakterlərdir. Belə demək mümkünsə, Azərbaycan kişisidirlər. Qeyrətli,
namuslu insanlardır. “Bağ mövsümü” filmindəki qəhrəmanı adi avtobus
sürücüsüdür. Amma əsil azərbaycanlı kişisidir. O, ətrafında baş
verənlərə biganə deyil. Daxili qüruru var.
Həsən Məmmədovun qəhrəmanları daxilən azad insanlardır. Bu insanların
taleyi müxtəlif kataklizmlərlə müşayiət olunsa da, onlar mübarizədən
çəkinmirlər. Bəxtiyar da, Şadlinski də belə obrazlardandır.
Həsən Məmmədovun kino aktyorluğu məktəbində öyrəniləsi çox şeylər var.
Güman edirik ki, Azərbaycanımızın kino tarixini tədqiq edənlər bu
barədə geniş araşdırmalar aparacaq, onun sənətinin bütün tərəflərini
açıb oxuculara çatdıracaqlar.
Son vaxtlar az işləyirdi. Kinomuzun düşdüyü vəziyyətdən çox
narahatçılıq keçirirdi. Bütün müsahibələrində gileyli danışırdı. Bəlkə
də onun aramızdan belə tez köçməsinə səbəb də elə daxili sarsıntıları
idi. Sənətinə olan biganəliyi qəbul edə bilmirdi. İstəyirdi ki,
Azərbaycan kinosu dünyada tanınsın. Xüsusilə müstəqillik qazandıqdan
sonra bu istəyi daha da artmışdı.
Bu böyük sənətkarın xatirəsi bizim üçün, kino sənətini sevənlər üçün
həmişə əziz və doğmadır. Onun xatirəsi əbədi olaraq Azərbaycan
xalqının yaddaşında yaşayacaqdır.
Kino sahəsində rolları:
1. "Böyük dayaq" - Qaraş (1962)
2. "Belə bir ada var" - Nazim (1963)
3. "Verşina"-Kamil (1964)
4. "Arşın mal alan" - Əsgər (1965)
5. "Yaşamaq gözəldir, gardaşım" - Ziya (1966)
6. "İstintaq davam edir" - Əzimov (1966)
7. "Bir cənub şəhərində" - Murad (1969)
8. "Yeddi oğul istərəm" - Bəxtiyar (1970)
9. "Sevil"-Balaş (1970)
10. "Axırıncı aşırım" - Abbasqulubəy (1971)
11. "Gün keçdi"-Oqtay (1971)
12. "Flaminqo - qızıl qazdır" - Fərman (1973)
13 "Səmt küləyi" - Əlibala (1973)
14. "Xaos" - Kazım bəy (1973)
15. "Qatır Məmməd" - Səməd (1974)
16. "Bakıda küləklər əsir" (1974)
17. "Bakıda küləklər əsir" - Tahir Clilovıç (1974)
18. "Dədə Qorqud" - Dədə Qorqud (1975)
19. "Alma almaya bənzər" - Qurban (1976)
20. "Sevinc buxtası" - Rüstəmov (1977)
21. "Arxadan vurulan zərbə" (1977)
22. "İstintaq" - Murad (1979)
23. "Bizi bağışlayın" - Nəriman (1979)
24. "Birisigün gecəyarısı" - Əliyev (1981)
25. "Məlikməmməd" - Şah (1982)
26. "Papaq" - Mirzə (1983)
27. "Qoca palıdın nağılı" (1984)
28. "Bağ mövsümü" - Sürücü (1985)
29. "Şahid qız" - Müstəntiq (1990)
30. "Həm ziyarət.həm ticarət" (1994)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...