Güllə səsi qonşuları da oyatmışdı.
Çoxları elə bilmişdi ki, nəsə partlayış olub. Lakin bir azdan hər şey
aydın oldu. Kinorejissor Lətif Səfərov özünə qəsd etmişdi. 1963-cü il
dekabrın 9-u idi. İliklərə işləyən soyuq adamlardakı həyəcana bir sərt
ovqat da gətirmişdi. Onlar təəccüblə bir-birinə baxıb çiyinlərini
çəkirdilər.
Lətif Səfərovun üzərində işlədiyi “Möcüzələr adası” filminin redaktoru
Natalya Şneer həmin günü belə xatırlayırdı: “Lətif qüvvəsindən,
imkanından artıq yaşamağa və işləməyə can atırdı, əsəbləri tarıma
çəkilmişdi... O xəstəydi (həqiqətən bir gün əvvəl titrətmə və
qızdırması vardı), daxilən tənhaydı, didişmələrdən, yaradıcılıq
uğursuzluqlarından yorulmuş, üzülmüşdü.Yenicə çəkməyə hazırlaşdığı
”Möcüzələr adası" filminin redaktoru idim. Dekabrın 9-da səhər saat
10-da kinostudiyada görüşməliydik. Lakin adətinin xilafına olaraq
gecikirli. Sonra eşitlik ki, Lətif özünə qəsd edib". Dəhşətli hadisə
idi. O vaxt ziyalı ictimaiyyətində anlaşılmazlıq yaranmışdı. Çoxları
bu müəmmalı intiharın səbəbini öyrənmək üçün canfəşanlıq da edirdi. Əslən Şuşalı idi. Lətif Bəkir oğlu Səfərov 1920-ci il sentyabrın
31-də doğulub. 7 yaşında ikən rejissor L.Murun “Gilan qızı” (“Tunc ay”)
filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif
studiyada ştata da qəbul olunub. 1928—1931-ci illərdə “Sevil”, “Lətif”,
“Şərqə yol”, “Qızıl kol” filmlərində uşaq rollarında oynayıb. Ancaq
sonradan xəstələnən Ləiif Bərdəyə gəlib. Nəhayət, 1931-ci ildə Gəncə
Pedanoji texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya
qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə
rejissor assistenti kimi çalışıb.
Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru
Qriqori Kozintsevdən sənətin sirlərini öyrəndi. Müharibənin başlaması
ona təhsilini davam etdirmək imkanı vermədi, Bərdəyə qayıtdı və
1941-1946-cı illərdə burada müəllimliklə məşğul oldu. 1946-cı ildə
Moskvaya qayıdan gənc Lətif təhsilini davam etdirdi. 1950-ci ildə
təhsilini başa vurub professional sənətkar kimi Bakıya döndü,
kinostudiyada fəaliyyətə başladı. O vaxta kimi bizim filmlərə
Rusiyanın, Gürcüstanın rejissorları quruluş verirdilər. Lətif Səfərov
Azərbaycan kinosuna ilk peşəkar kinorejissor kimi gəldi və bir çox
qiymətli filmlər yaratdı.
Cürətli insan idi Lətif Səfərov. 1952-ci ildə Moskvada keçirilən
kino işçilərinin Ümumittifaq müşavirəsində əsl mənada qəhrəmanlıq
göstərdi. Müşavirədəki çıxışından bəzi məqamları diqqətinizə
çatdırmaq istərdik. “...Biz tələbə skamyası arxasında yanaşı
oturmamışıqmı? Niyə bir parasının başdan-binadan hər şeyi var, o
birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır.
Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində
epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün
təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki
imkansızlıq ucbatından məhv olur. Bəc bunu lentə aldığımız adamlara
necə izah edək? Onların gözünün içinə necə baxaq? Bizim nəhayət,
soruşmağa haqqımız varmı, hamı üçün eyni cür şərait nə vaxt olacaq, nə
vaxt?” Bu çıxış, bəlkə də, Lətifin gələcək taleyinə ilk zərbə idi.
Ancaq o qorxmadan danışdı, sözünü dedi və əyalət adından danışan bu
gənc kinematoqrafçı öz üzərinə ciddi məsuliyyət götürdü. “Sevimli
mahnı”ya sevimli müğənnimizi gətirdi
Böyük sənətə doğru inamla irəliləyən gənc rejissor müəyyən
maneələrlə rastlaşsa da, 50-ci illərin əvvəllərində bir neçə sənədli
filmə quruluş verdi. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”)
filmini çəkmək həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini
yaratdı. Azərbaycanı, onun incəsənətini çox sevirdi Lətif. Ssenarini
ruslar yazmışdı (Boris Laskin və Nikolay Rojkov). Amma ssenari nə
qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O,
baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq
Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət
olunmasını tələb edirdi. Rəşid Behbudovun “Arşın mal alan” filmindəki
uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu
filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. “Bəxtiyar” filmi
Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu.
Tofiq Quliyevin ürək oxşayan musiqisi bizim kinomuzda bir növ yeni
ovqat yaratdı. Filmdəki “Zibeydə”, “Qızıl üzük”, “Bakı” mahnıları
dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor
ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı milli aktyor
sənətimizin nəhəng simalarından olan Ağasadıq Gəraybəyli, Ağahüseyn
Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi
ahənginə xüsusi təsir göstərmişdi.
“Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi filmləri ilə
Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik
funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa
reallaşdıra bildi.
Kinematoqrafçılar İttifaqının sədri nələri istəyirdi? Əslində çox
şeylər barədə düşünürdü. 1958-ci ildə ona etimad göstərib Respublika
Kinematoqrafçılar İttifaqının sədri seçdilər. O, kinonu qaldırmaq
istəyirdi. Tələbləri də qəti və dönməz idi: “Yaradıcı adam indi ya
kinematoqrafiyadan getməli, ya da nəyi isə partlatmalıdır.
Kinematoqrafçı kinodan uzaqlaşa bilməz. Kino onun həyatıdır”. Bu
sözləri rejissor 1961-ci ildə söyləmişdi. Həmin il Kinematoqrafçılar
İttifaqının müşavirəsində daha kəskin nitq söylədi. Açıq-aşkar deyirdi:
“Adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub-o
dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət və üzəyarı yalan
danışıblar”.
“Koroğlu” filmi üzərində böyük əziyyətlə işlədi. Çünki studiyanın
imkanları çox məhdud idi. Texnika sarıdan çətinliklər vardı. Elə
müşavirələrdən birində də deyirdi ki, “Bakı kinostudiyasında heç nə
yoxdur”. Amma Lətif Səfərov bu çətinliklərə baxmayaraq işləyirdi. Axı,
bütün canı, qanı ilə ömrünü kinematoqrafa bağlamışdı. Kino haqqında
danışanda böyük yanğı ilə deyirdi: “Axı bu da yaradıcılıqdır,
kollektiv — ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı
yaradıcılıqdır. Quruluşçu rejissoru divara dirəmək lazım deyil ki, o
da axırda gücdən düşsün, əlini yelləsin”. Beləcə, bütün yaradıcı
ömrünü kinonun inkişafı uğrunda mübarizəyə həsr etdi. Çoxlarını da
özündən narazı salırdı. Çünki ətrafındakılara bu cür tələbkarlıq lazım
deyildi.
Bu böyük sənətkarın tale ağrıları haqqında çox yazılsa da, onun
intiharının səbəbləri hələ də sirr olaraq qalır. Əlbəttə, gümanlar,
şübhələr çoxdur. Amma o gecənin təfsilatları barədə müəyyən məqamlara
aydınlıq gətirilmişdir. Jurnalist N.Əbdürrəhmanlı “Şimşəklər kimi”
məqaləsində bu müdhiş hadisəyə münasibət bildirmişdir: “Artıq dekabrın
9-u saat 2 radələriydi...Güllə səsiylə hər şey bitdi. ...Səhəri
qonşulardan kimsə güllə səsini şimşək çaxmasına oxşatdığını demişdi.
Deyəsən, yanılmamışdı...Lətif Səfərov kinoya şimşək kimi çaxıb
gəlmişdi, şimşək kimi çaxıb getdi”.
Həmin il o Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılmışdı.
Son narazılıqlar da 1963-cü ilin yanvarında keçirilən
Kinematoqrafçılar İttifaqının qurultayından başlamışdı. Və belə
nəticələndi.
Rejissor öz sənət dostlarını bir olmağa çağırırdı: “Ancaq bir olanda
qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız
üçün yaxşı işlər görə bilərik”. Əfsus ki, Lətif Səfərov çox arzularını
ürəyində apardı. Bizə isə onun gözəl filmləri yadigar qaldı.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...