Azərbaycan.SSR
xalq artisti (1959). SSRİ (1946) və Azərb.SSR (1972) Dövlət
Mükafatları Laureatı. 1937-42 illərdə Azərbaycan Dövlət Filarmoniyası
Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942-75 illərdə Azərbaycan
Dram Teatrında fəaliyyət göstərmişdir. 1945-ci
il. II Dünya Müharibəsi artıq başa çatıb. Ölkədə quruculuq işləri
aparılır, mədəniyyətin əsas sahələrindən olan kinoya diqqət artırdı.
Stalinin göstərişi ilə Azərbaycanda “Arşın mal alan” filminin
çəkilişləri başlayır.
Filmdə əsas 2 obraza - Əsgər və Gülçöhrə rollarına dahi Üzeyir
Hacıbəyov iki nəfəri dəvət edir. Rəfael adını dəyişməyə məcbur etdiyi
Rəşid Behbudovu və Leyla Bədirbəylini. Leyla Bədirbəyli 1920-ci ildə
Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirin Musa xanının qızı,
atası Ağalar bəy isə həmin rayonun kənd bəylərindən olub. 1918-ci ildə
bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə
xanımın o zaman 12-13 yaşı vardı. İçərişəhərdəki evlərində Leyladan
başqa özündən 18 yaş kiçik olan bacısı Ofeliya da böyüyürdü. Çox
mehriban bacı idilər. Leyla ona həm böyük bacı kimi, həm də anaları
ola-ola ana qayğısı göstərib. Uşaqlıqda Ofeliyanı nə qədər çox istəsə
də, bir o qədər ciddi yanaşırdı. Ofeliya xanım xatırlayır: “Heç
yadımdan çıxmaz. Nardarandakı bağımıza gedəndə anam məni Leylaya bərk-bərk
tapşırmışdı ki, uşağı aparırsansa, ona fikir ver. Mən çox arıq idim.
Yeməklə heç aram yox idi. Nahar vaxtı bacım nə qədər çalışsa da məni
yedizdirə bilmədi. Onu o qədər bezdirdim ki, axırda məni gicitkənlə
vurdu. Mən qışqırdım və ağlaya-ağlaya Leylaya dedim ki, gedib anama
deyəcəm, qoy məni internata qoysun, çünki sən məni döyürsən. Leyla
həmişə deyərdi ki, ömrümdə bir pis iş görmüşəmsə, o da bacımı həmin
gün incitməyimdi”. Ərköyün idi Leyla. 12 yaşına qədər hər hansı bir
qonaqlığa gedərkən atasının qucağında qayıdardı. “Yorulmuşam, gedə
bilmirəm” deyən Leylanı atası məcbur olub qucağına alardı. O zaman
Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını
da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa
başlayır. O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı,
amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər
qoyulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə”
rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı
illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə
isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk
tamaşası Rəsul Rzanın “Vəfa”-sı olur: “Tamaşalarda həmişə baş rolları
oynayırdı. Bacımın incəsənətdə heç bir çətinliyi olmayıb. Çünki öz
işinə çox ciddi yanaşırdı. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gəlirdi.
Leyla “Solğun çiçəklər”də Saranı oynayırdı. Səhnələrin birində Sara
ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb. Amma bir dəfə də olsun
yadıma gəlmir ki, tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə çıxsın.
Deyirdi axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş
əyim. Sənətinə belə məsuliyyətlə yanaşırdı”. Leyla xanımın Üzeyir
bəylə tanışlığı da Filarmoniyadan başlayıb. 1938-ci ildə Moskvada
Azərbaycan mədəniyyət günləri keçirilən zaman nümayəndə heyətinə
Üzeyir bəy rəhbərlik edirdi və o şəxsən özü Leylanı nümayəndə
heyətinin tərkibinə daxil etmişdi. Onların Moskvadakı çıxışı çox böyük
uğurla qarşılanmışdı. Çıxışlardan birində Stalin də iştirak edirdi. O,
Leyla Bədirbəylini görəndə heyran olur. Kim olduğunu soruşur.
Azərbaycanlı cavan bir rəqqasə olduğunu və Filarmoniyada çalışdığını
öyrənir. Görüşlərin birində Stalin onu çağırır, qucaqlayıb öpərək
deyir: “Tı krasavitça Azerbaydjana”. O, qənirsiz gözəl idi. Onun
gözəlliyinə hamı heyran olurdu. O dərəcədə ki, hətta süd vannası belə
qəbul etdiyi haqqında söhbətlər gəzirdi. Şəhərə çıxan zaman arxasınca
çox adam gəzərdi. Onun nitqi haqqında isə hamı danışırdı. 1945-cü ildə
“Arşın mal alan” filmi çəkilməyə başlayan zaman Gülçöhrə rolunu ifa
etmək istəyən 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq
çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq
çəkilişlərində iştirak etməyib. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü
ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi.
Sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına
çağırıb deyir: “Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol
səndə alınmır”. Leyla qayıdır evə. Gecə nə isə düşünürsə, səhər
yenidən gəlir Üzeyir bəyin yanına və onun roluna sonuncu dəfə baxmağı
xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu yaradılır. Üzeyir bəy isə
“mən belə dedim ki, gedib öz üzərində çalışasan” deyir. Və beləcə
Leyla Bədirbəyli dünya ekranlarına çıxan “Arşın mal alan” filminə
çəkilir. O zaman Rəşid Behbudovla Leyla Bədirbəyli arasında məhəbbət
macərasının yaşandığı haqqında söhbətlər gedirdi. Lakin bunların
hamısı şaiyə idi: “Onda Rəşid Behbudovun Bakıda evi yox idi. Köhnə
“İnturist”də qalırdı. Özü də gec evlənmişdi. Anam çox xeyirxah qadın
idi. Deyirdi ki, evi yoxdu, yeməyini heç kim bişirmir. Rəşid bizimlə
ailəvi yaxınlaşmışdı. Yeznəmizlə də yaxın dost idilər. Bir dəfə
hamılıqla oturub evdə yemək yeyirdik. Kimsə zəng etdi. Yeznəm dəstəyi
götürdü və onu nalayiq sözlərlə söyməyə başladılar ki, sən evdə
oturmusan, ancaq sənin arvadın Rəşidlə gəzməyə gedib. Halbuki anam,
Rəşid, Leyla-hamımız süfrə arxasında oturmuşduq. Yeznəm də dedi ki,
yaxşı eləyirlər, qoy gəzsinlər, kef çəksinlər. Onlar haqqında belə
sözlər çox danışırdılar. Bu, Rəşidə çox təəccüblü görünürdü. Bizimkilər
onu sakit edirdilər ki, fikir vermə, burada çox şey danışa bilərlər”.
Leyla Bədirbəyli 1937-ci ildə 16 yaşı olarkən ailə həyatı qurub. Lakin
bu ailənin ömrü çox qısa 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova
ərə gedir. Onların tanışlıqları Filarmoniyadan başlayıb. K.Aslanov
rəqs etməyi xoşlayırdı və gözəl də rəqs edirdi: “O, da Əli Bayramov
klubuna gedirmiş. Görünür, elə o vaxtdan Leylada gözü olub. Anam
danışardı ki, bir gün Leyla gəlib deyib ki, yaxşı bir diş həkimi var
gedək onun yanına. Yəqin anamın dişi ağrıyırmış. Görünür, onlar
görüşürmüşlər, ancaq anama deməyə utanıb. Nə vaxt yanına gedirdisə,
deyirdi bu dişi çəkmək lazımdı. Anam həmişə deyərdi ki, mən dişlərimi
qızımın yolunda qurban elədim. Elçi gələndə isə artıq hər şey bəlli
oldu. Anam dedi ki, bunu elə əvvəldən deyərdin, mən də dişlərimi
çəkdirməzdim”. Bir neçə il övladları olmur. Lakin 1947-ci ildə ilk qız
övladı-Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları olur. O,
nənəsi Bikə xanımın adını daşıyır: “Anam avqustda rəhmətə getdi. Qız
isə oktyabrda dünyaya gəldi. Anamın qırxı çıxan kimi Kamil bizə heç nə
demədən uşağın adını doğum şəhadətnaməsinə yazdırır. Kamillə anam
ana-bala kimi mehriban idilər. O, anama qaynana kimi yox, ana gözü ilə
baxırdı. Hətta o dərəcədə hörmətlə yanaşırdı ki, uşağın adını Bikə yox,
Bikəxanım yazdırmışdı. Kamil çox yaxşı insan olub. Onlar 55 il
birlikdə gözəl bir həyat sürüblər”. Hazırda Leyla xanımın adını kiçik
nəvəsi əbədiləşdirib. Ofeliya Bədirbəyli daha bir maraqlı hadisəni
xatırlayır. Hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü
ildə itkin xəbəri gəlir. Bikə xanım adət-ənənəyə sadiq qalaraq həyat
yoldaşının yasını saxlayıb, qırxını verir. 4 ildən sonra gözlənilməz
bir hadisə baş verir. Sara Qədimova ilə Leyla Bədirbəyli yaxın rəfiqə
olublar. Hətta evləri yaxın olduğu üçün Filarmoniyaya da birlikdə
gedib gələrdilər. Bir gün onlar Sara xanımgildə olarkən telefon zəng
çalır. Ondan Leylagilin orada olduqları barədə soruşurlar və deyirlər
ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım çaşır, bilmir nə
etsin və Kamili çağırıb ona deyir. Stol arxasında oturarkən Kamil
deyir: “Yeməyimizi burada yedik, çayı da gedək anangildə içək”. Evə
yaxınlaşanda Sara Qədimova deyir: “Leyla, gedək evə görək ki, atan
qayıdıb”. O isə: “Nə danışırsan, elə şey olar? Atamın xəbəri 3-4 il
əvvəl gəlib”. Pilləkənləri qalxanda Sara xanım fikirləşirdi və həyəcan
keçirirdi ki, Leyla atasını sağ və salamat geri dönmüş görəndə nə
edəcək: “Qapını açanda gördü ki, evdə çoxlu adam var. Əvvəl qorxdu,
elə bildi, anama nə isə olub. Ancaq içəri girib atamı görəndə qışqırıb
ağladı və ürəyi getdi”. ALLAH ona hər şeyi nəsib etmişdi. Gözəllik,
ailə səadəti, sənət uğuru. Onun xoşbəxt ailə həyatı var idi. Onu sevən
və sevilən həyat yoldaşı, 2 övladı və nəvələri. O, dünyada ən gözəl
hiss olan analıq hissini yaşamışdı. Ürəyində heç bir arzusu qalmamışdı.
Qadınlar arasında birinci “İstiqlal” ordenini Leyla Bədirbəyli,
ikincisini isə Əminə Dilbazi alıb. Lakin hər şey öz axarı ilə davam
etdiyi zaman ailədə faciə baş verir. 1995-ci ildə həyat yoldaşı Kamil
xarici ölkədə yol qəzasına düşür. Yağışlı havada maşın sürüşür,
çevrilir və... Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək
çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir
dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir.
Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında
maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki
Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Bu iki ölümdən sonra
o özü də tədricən ölməyə başlayır. Həyatdan küsür. Ər, övlad
itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiyyətlə, evdən çölə
çıxmır. Təzə-təzə Kinematoqrafçılar İttifaqına və Teatr Xadimləri
İttifaqına bir neçə dəfə getmişdi. Ancaq sonra əlini hər şeydən üzdü.
Onun üçün artıq heç nəyin marağı yox idi. Nə televizora baxırdı, nə də
mütaliə edirdi. Hətta heç kimlə görüşüb danışmaq belə istəmirdi... Hər
şeyin bir sonu olduğu kimi, bu ağrıların da sonu çatdı. 1999-cu il
noyabrın 23-də. Həmin gün hamının gözəlliyinə heyran olduğu qadın,
böyük sənətkar Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumur.
Dünyasını dəyişən günü o, heç kimlə danışmadı. Elə bil hamıdan, hər
şeydən küsmüşdü, həyatdan da.
Teatr sahəsində rolları: Dezdemona (Otello, V.Şekspir)
Nərminə (Göz həkimi, İ.Səfərli)
Solmaz (Od gəlini, C.Cabbarlı)
Liza (Canlı Meyit, L.Tolstoy)
Fəxrəndə (Mahnı dağlarda qaldı, İ.Əfəndiyev)
Kino sahəsində rolları:
Səbuhi
Arsin mal alan
Fətəli Xan
Dəli Kür
Sevil
Görüş
Onun böyük ürəyi
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...