Ömür də kino kimidir. Bu qədər filmə
çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 57
filmə çəkilib.
Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin
199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq
həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb.
Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayıb və İncəsənət
İnstitutuna, ikinci təhsil ardınca gedib.
Muxtar Maniyevin kinoya gəlişi “Koroğlu” filmi ilə başlayıb.
Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta
gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad
rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu
möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı
haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər
ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər
bir-birinin ardınca “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş
müəllim” filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda
canlandırmaqla özünü təsdiq edib.
“İnsan məskən salır” filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı
ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdur.
Hadisələr Neft Daşlarında cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni
təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak
olmuşdur. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanmışdır ki,
indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz
onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox
şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin
əsas personajı kimi tamaşaçıya təqdim edə bilir.
Bir aktyor kimi M.Maniyevin konkret ampluası yoxdur, o müxtəlif
xarakterli insanların obrazını ekranda uğurla yaradır. Onun
qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı
bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara
sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar
müəllimin istedadı və yaradıcı intellektidir.
Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın böyük bir dövrü ilə
bağlıdır. Onun 60-70-ci illərdən başlanan yaradıcılıq yolu bu gün də
inamla davam edir.
Aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir
məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı
dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb.
Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.
Azərbaycan
kinosunu onsuz təsəvvür etmək çətindir.
Doğrudan da, milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz
xidmətlər göstərmişdir. Onun rolları milli, xarakterlidir, əsl
azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip
rolları həvalə edirdilər. “Bəxt üzüyü”ndəki zırpı rolunu
xatırlayırsınızmı? Yaxud, “Ölsəm...bağışla” filmindəki Seyidrza rolunu
gözləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində
insanlara etdiyi zülmün, axır ki, nəticəsini gördü. Amma “Bəyin
oğurlanması” filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu
komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip
rolların gözəl ifaçısıdır. “Bakıda küləklər əsir”, “Bizim Cəbiş
müəllim”, “Sizi dünyalar qədər sevirdim” və digər filmlərdə Muxtar
müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı
obrazlarını yarada bilmişdir.
Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir. Əvvəllər, demək
olar ki, hər il bir-iki filmə çəkilirdi. “Mozalan” satirik
kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları
var.
Ömrünün kamillik dövründə o yenə də filmlərə çəkilir, tədbirlərdə
iştirak edir, xatirələrini yazır və s. Deyir ki, imkanı olsa bir saat
belə çəkiliş meydançasından aralı dayanmaz. Çünki insandan yalnız onun
əməlləri yadigar qalır.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...