Məmmədrza Şeyxzamanov 1915-ci ildə
Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən
ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur.
1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki
toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu
qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə
görə, 1918-20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta
uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan
“təmizlənmələr” Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın
məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz
qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar
hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və
problemlərlə üzləşirdilər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun
sənətində də az-çox özünü biruzə verməkdə idi. Ona layiq olduğu xalq
artisti adını da çox sonralar, 1974-cü ildə verdilər. Bunların
hamısını Maarif Teymura Məmmədrza Şeyxzamanovun özü danışmışdı...
1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur.
O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və
biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə
hələ məktəb illərində öz “toxumlarını səpməkdə” idi. Ona görə də orta
məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər
Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun
təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin “Hind qızı”
tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun
professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda
atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar
yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin
gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə “Vaqif” (Eldar),
“Fərhad və Şirin” (Fərhad), “Yaşar” (İmamyar), “İki qardaş” (Yuri) və
digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət
Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram
Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı
“yaşıl işığı” daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili
obrazlarla daha çox tanınır və sevilir. Teatrda “Göz həkimi”ndə
Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov,
“Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də
Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji,
dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər
böyük aktyorluq məharəti ilə ifa edirdi ki, obrazın xarakterini aça
bilirdi. Bunları azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas
Qədirov xatırlayır. Deyir ki, Məmmədrza Şeyxzamanov çox cazibədar və
nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi
vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar
“Mahnı dağlarda qaldı”, “İblis”, “Zamanın hökmü” və digər tamaşalarda
tərəfmüqabilləri kimi çıxış ediblər. Məmmədrza Şeyxzamanov qəhrəman
obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq,
müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də
bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda
da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir
şəxsiyyət olub. Mərd idi. Heç kimdən qorxmazdı. Ürəyindən keçən sözü
üzə deyərdi, arxaca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı
olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda
görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı.
Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da
əskik olmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi
idi. Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır.
“Bəxtiyar” filmində Şahbazov rolu ilə. Bununla da kino yolunda ilk
uğurlu cığırı açılır. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir.
Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da
Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da
polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də
Şeyx Əzəm kimi obrazlar yaradır.
1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın
ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - “Əhməd
haradadır”da Şirin kişi rolunda çıxış edir. “Əhməd haradadır” filmi
Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor
kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının
direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas
Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış
idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi.
O zaman ekranlaşdırılması üçün kinostudiyanın “papka”sında bir neçə
əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun “Əhməd haradadır” xoşuna
gəlir və ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək
aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza
Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev,
Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Rəfiyev,
Töhfə Əliyeva, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov... kimi
gənc aktyorları da çəkir. O zaman Azərbaycanın kino tarixində ilk dəfə
olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndərirlər. Onları - Xamis
Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət
Əliyevi “Adil İsgəndərovun beşliyi” adlandırırdılar. Rejissorun
təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə
iştirak edir, rejissor, assisent köməkçisi kimi çalışırdılar. Elxan
Qasımov isə sürücü Əhməd obrazını yaradır. Filmin çəkilişləri Bakıda,
Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılırdı. Bütün rəqs
səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar “Yaşıl teatr”da
çəkilirdi. Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman
sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edir, onlardan
sənətin sirlərini öyrənməyə can atırdılar. Onda Məmmədrza
Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi. Böyük
aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr və kino
xadimiydi. O, elə sənətkarlardan idi ki, böyüklüyündən,
peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və
yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş
təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq
insan olub Məmmədrza Şeyxzamanov. O, hamıyla öz dili ilə danışırdı.
Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və
tanışları arasında isə bir ləqəbi vardı - “Yaxşı kişi”.
1976-cı ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını
yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi
“Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə,
yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza
Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.
Teatr sahəsində rolları:
Xosrov (Fərhad və Şirin, S.Vurğun)
Şahbazov (Göz həkimi, İ.Səfərli)
Edqar (Antoni və Kleopatra, V.Şekspir)
Nəbi (Qaçaq Nəbi, S.Rüstəmov)
Kino sahəsində rolları:
Sevimli mahnı
Qızmar günəş altında
Bir qalanın sirri
Bizim Cəbiş müəllim
Tütək səsi
Nəsimi
Əhməd Hardadır
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...