Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən
Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir.
Möhsün Sənaninin adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm
görünür. Onun repertuarı zəngin və murəkkəbdir. Sənanini xalqa
sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim
qayğı ilə yanaşması olmuşdur. Sənani aktyora çox vacib olan hər cür
qabiliyyətə: oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. Sənani onun
təxəllüsüdür. Onun əsl familiyası Cəfərovdur. Möhsün Sənani Cəfərov
1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində
anadan olmuşdur. O, 4-5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin
hima-yəsində qalmışdır. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur.
Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası
kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa
çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə
nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür.
Molla Zinyət, respublikanın xalq artisti Əli Qurbanovun anasıdır.
Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması
ilə şəxsən özu məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı
deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət
ana Möhsünü da, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik
yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət
çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda hər cür
əzab-əziyyətə və böyük zəhmətə qatlaşır. Səhnə həvəsi Sənanidə
yeniyetmə yaşlarından baş qaldırmışdı. O, yerli teatrların və Tiflisə
qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün
həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin
səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq
qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş
izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı
dinləyiçilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci
ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli
povestlərdə sınamağa başlayır. Möhsünün ilk rejissoru "Tiflis musəlman
artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur".
Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov,
Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun
istedadına umid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da
artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndurmək
istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü
sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası
"Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla
özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini
yüngülləşdirirdi.
Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr
dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr
keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim
Mərdanovun bəzzaz dükanında olurdu.
Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı
ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları
təşkil etmək işində səmərəli yardım göstərirdilər. N.Nərimanov, Əli
Tağızadə, Əşrəf Yüzbaşiyev, H.Zərdabi, Üzeyir Hacıbəyov və Mərdanov
qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olmuşlar.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Girmanşahlı,
Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb
edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-ahəngər"
tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar.
O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin aqırlığına,
maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl
çəkir, ancaq aktyorluqla məşğul olur.
Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət
göstərirdi. Bunlardan: Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf
Yüzbaşıyev, M.Girmanşahlı, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Tərlan
xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Tanailidi,
Əli Qurbanov və b. Möhsün Sənani onların arasında ən
gənc aktyor idi.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy,
Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu
("Nadir şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılmışdır.
Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi
aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi
Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr
səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino
sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir.
Bunlardan "Səbuhi", "O olmasın bu olsun", "Sehirli xalat" və s.
filmləri qeyd etmək kifayətdir.
50 il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani
qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin
səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc
aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də
səmərəlidir.
Teatr sahəsində rolları:
Laert (Hamlet, V.Şekspir)
Kassiol (Otello, V.Şekspir)
Serqo (Şeyx Sən'an, H.Cavid)
Mixaylo (Uzaq sahillərdə, H.Seyidbəyli və İ.Qasımov)
Sadiq (Xoşbəxtlər, S.Rəhman)
Həsənağa (Göz həkimi, İ.Səfərli)
Kino sahəsində rolları:
Bismillah
İsmət
Kəndlilər
Yeni Horizont
Səbuhi
O olmasın bu olsun
Kölgələr sürünür
Sehirli xalat
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...