Ana obrazının ən qabil yaradıcısı O, son
dərəcə gözəl və cazibədar xanım olub. Uca qaməti, təbəssümlü sifəti,
işıqlı gözləri, şux yerişi, məlahətli səsi, qeyri-adi aktyorluq
istedadı və nəhayət, unudulmayan obrazları ilə mədəniyyət tariximizin
səhifələrində və yaddaşımızda əbədi yaşayan xalq artisti Nəcibə xanım
Məlikova. Uzun müddətdir ki, onun haqqında yazmaq istəyirdim, amma
haradan başlayacağımı qərarlaşdıra bilmirdim. Çünki bədii filmlərdə
yaratdığı obrazlara özünün elə möhürünü vurub ki, onları bir-birindən
ayırıb təhlil etmək çox çətindir. Bütün bunlardan sonra onun zəngin
obrazlar aləmini diqqətlə nəzərdən keçirəndə, nədənsə mənə elə gəlir
ki, bizim kino tariximizdə möhtəşəm ana obrazlarının ən qabil
yaradıcısı məhz Nəcibə xanım Məlikovadır. Bir anlıq da olsa, yadımıza
salaq: "Ögey ana"dakı Dilarəni, "Aygün"dəki Aygünü, "Əhməd haradadır"da
Nərgiz xalanı... Sadə, mehriban, sədaqətli, mərd, qeyrətli Azərbaycan
qadınının yaddaqalan obrazları. Deyirlər ki, ötən əsrin ortalarında "Ögey
ana" filminin tamaşaçılar arasında böyük təsiri olmuşdur. Filmdəki
mehriban və iradəli Dilarə xanımdan nəinki ögey analar, bütün qadınlar
nümunə götürürdülər. "Əhməd haradadır" filmindəki Nərgiz xala isə bir
özgə aləm idi. Nəcibə xanım onu elə təbii və səmimi yaratmışdı ki,
həyatda da çox vaxt bu istedadlı aktrisaya "Nərgiz xala" deyirdilər. O,
həqiqətən də Azərbaycan kinosunun əbədi yaşayan Nərgiz xalası idi.
Nəcibə xanımın mənəvi dünyamıza bəxş etdiyi qadın
obrazları teatr və kino tariximizdə silinməz izlər qoyub.
Nəcibə xanım Bakı ətrafında, Buzovnada doğulmuşdu. Azərbaycan Dövlət
Teatr İnstitutunu bitirmiş və sonra Akademik Dram Teatrında fəaliyyətə
başlamışdı. Sonra isə ölkəmizin müxtəlif teatrlarında, o cümlədən
Gəncə Dövlət Teatrında çalışmışdı. Nəcibə xanım 1952-ci ildə yenidən
Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıtmış və sonrakı bütün
yaradıcı həyatını bu teatra bağlamışdır.
Bu aktrisa dramatik xarakterlərin çox mahir ifaçısı idi. Onun rolları
arasında ikinci dərəcəli qəhrəman tapmaq çətindir. Çünki rejissorlar
ona həmişə baş qəhrəmanların rollarını həvalə edirdilər. Nəcibə xanım
da bu obrazlara ürəyinin hərarətini verərdi, onları sevə-sevə
yaradırdı. Onun rollarını sadalamaqla qurtaran deyil. Çünki 50–70-ci
illərin teatr repertuarında elə əsər yox idi ki, Nəcibə xanım orada
oynamasın.
Azərbaycan dramaturqlarının əsərlərində oynadığı rollar xüsusilə
yaddaqalan olurdu. Məsələn, Xumar (“Şeyx Sənan”), Sofiya Xatun (“Qılınc
və qələm”), Şölə xanım (“Lənkəran xanının vəziri”), Şəhrəbanu xanım (“Müsyö
Jordan və dərviş Məstəli şah”) və onlarla digər əsərlərdə yaratdığı
qadın obrazları səhnəmizdə böyük məhəbbətlə qarşılanan rollardan idi.
Nəcibə xanım müasir aktyor sənəti məktəbinin nümayəndəsi idi. Onun
qəhrəmanları dövrünün xarakterik cizgilərini əks etdirməklə çox
tərbiyəvi əhəmiyyət daşıyırdı və bu qadınlar öz hüquqları uğrunda
mübarizə aparan insanlardır. Nəcibə Məlikova özünəməxsus yaradıcılıq
yolu olan bir sənətkar idi.
Özü də həmişə gözəl qadınların obrazını ona həvalə edirdilər. Kinoda
onun çox qiymətli rolları bizə yadigar qalıb. İlk dəfə onu “Fətəli xan”
filmində çəkmişdilər. Bu ekran əsəri tarixi hadisələri əks etdirməklə,
həm də qadınlarımızın o dövrdəki həyat şəraitini bizə aydın şəkildə
çatdırır.
1950-ci ildə “Bakının işıqları” filmində oynayan aktrisa, nəhayət
ki, kinoda ən böyük rolunu 1959-cu ildə “Ogey ana” filmində yaratdı.
“Ögey ana” – Dilarə rolu bizim kinomuzun ən layiqli qadın
qəhrəmanlarındandır. Dilarə xanımın rastlaşdığı şərait mürəkkəb,
münaqişəli bir həyatdır. O, uzaq kəndlərdən birinə gəlməli olub. Özü
ilə qızını da gətirib. Həyat qurduğu insanın da bir övladı var. Belə
hadisələrlə əslində tez-tez qarşılaşırıq. Ancaq bu tipik ögey ana –
hər cür ağrılara, təhqirlərə dözərək taleyini qorumaq istəyir.
Yerli-yersiz təhqirlər, balaca İsmayılın ərköyünlüyü, ətrafdakıların
təzyiqləri Dilarə xanımı nə qədər sıxıntı içərisində saxlasa belə, o,
ailəsini qorumağa çalışır. O, kənddə camaatın hörmətini qazanır, həkim
kimi xəstələrin qayğısına qalır. Və bütün bunlar onu əsl müsbət
qəhrəman səviyyəsinə qaldırır.
Sonda İsmayılın ona “Ana” deyə müraciət etməsi filmin
kulminasiyasını təşkil edir və bu anda aktrisanın sifətindəki
xoşbəxtlik ifadəsi tamaşaçını həyəcanlandırır və o qəhrəmanın
qələbəsindən bir növ qürur duyur.
Nəcibə Məlikova “Aygün” filmində də baş qəhrəmanın rolunu oynayır.
Nədənsə, mən Aygünlə Dilarə arasında bir tale oxşarlığı görürəm. Bu,
bəlkə də, onların hər ikisini eyni aktrisanın ifa etdiyindən yaranan
hissdir, ancaq əslində belə bir yaxınlıq var. Amma bu o demək deyil ki,
aktrisa ampluadan çıxa bilməyib. Onun qəhrəmanları arasında “Əhməd
haradadır?” filmindəki Nərgiz xala kimi çox gözəl bir obraz da var ki,
bu rol kinomuzda bütövlükdə yeni qəhrəmandır və demək olar ki, film
bütövlükdə bu obraz ətrafında cərəyan edir.
Nəcibə xanım Nərgiz xalanı sevərək yaradıb. O, kənddə yaşasa da
dünyanın gərdişindən baş çıxaran, çevik, ağıllı qadındır. Nəcibə xanım
onun xarakterini məharətlə açır, onu sevdirir.
Nəcibə xanım “Arşın mal alan” (II variant) filmindəki xala rolunda
çəkilib. Bu obrazı bizim kinoda əvvəlcə Münəvvər Kələntərli yaratmışdı.
Həm də çox uğurlu qəhrəman idi. Nəcibə xanımın qəhrəmanı bir qədər
fərqli olsa da, Üzeyir sənəti ruhuna uyğun idi. Aktrisa xala obrazını
çox məharətlə ifa etmişdi.
Kinoda bir mənfi rolu var Nəcibə xanımın. Zərintacı yəqin ki,
xatırlayırsınız. Bu qadın təsir altına düşmüş, aldadılmış bir obrazdır.
“Qanun naminə” filmində demək olar ki, Nəcibə xanım özünün yeni
yaradıcılıq qabiliyyətini üzə çıxardı.
Nəcibə xanım 1974-cü ildə xalq artisti fəxri adı almışdı. O, bu xalqın
aktrisası idi, xalq onu sevirdi. Nə qədər qızlarımız onun
qəhrəmanlarından ad alıb. Nəcibə xanım milli aktyor sənətimizin çox
istedadlı sənətkarlarından idi. Onun yaratdığı Azərbaycan qadınlarının
obrazları bu gün də filmlərimizdə yaşayır. Nəcibə Məlikova 1951-ci ildə Bakıdakı Milli Dram Teatrında işə
başlayıb. 1959-cu ildə "Ögey ana" filminə çəkilib. Dilarə obrazına
görə qazandığı müvəffəqiyyət əməkdar artist fəxri adı ilə nəticələnib.
1974-cü ildə isə Nəcibə Məlikova respublikanın xalq artisti fəxri
adına layiq görülüb. Nəcibə Məlikovanın yaradıcılığı iki istiqamətdə
uğurla davam edirdi. O, bir tərəfdən səhnədə müxtəlif xarakterli
obrazlar yaradır, digər tərəfdən də bədii filmlərə çəkilirdi. Xarici
ölkə ədibləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşaya qoyulan
əsərlərində Nəcibə xanım böyük həvəs və məharətlə iştirak edirdi.
Teatr tədqiqatçıları təsdiqləyərdilər ki, Nəcibə Məlikova Mirzə Fətəli
Axundovun, Səməd Vurğunun, Hüseyn Cavidin, Ordubadinin, İlyas
Əfəndiyevin... pyesləri əsasında hazırlanmış tamaşalarda yaddaqalan,
ürəyəyatan maraqlı qadın obrazları yaradıb. Adamın inanmağı gəlmirdi
ki, səhnədə gah quzu təbiətini, gah da çoxbilmiş qadın hiyləsini
bacarıqla tamaşaçıya çatdıran eyni aktrisa - Nəcibə Məlikovadır. Kino
tariximizdə də onun xidmətləri çoxdur. Yazımızda adını çəkdiyimiz
filmlərlə yanaşı, "Fətəli xan", "Bakının işıqları", "Arşın mal alan",
"Qanun naminə", "Teymurləng" və s. kinofilmlərdə sevimli aktrisamız
yaddaqalan obrazlar yaradıb. Zamanın şaxtalı illəri onun həyatında
ağır izlər qoysa da, Nəcibə xanım içindən gələn bir qadın məğrurluğu
ilə sanki qəsdən kədərdən, qəmdən xəbərsiz görünürdü. Bu dünyanın ən
bəxtəvər adamı kimi özgələrinin fikir və duyğularını içindən keçirərək
aktrisa taleyini yaşayırdı. Bircə gözlərinin dərinliyində o böyük
kədərin nişanələri duyulurdu. Böyük ürəyi vardı. Çalışırdı ki, hamıya
yaxşılığı dəysin. Taleyin bütün ağrı-acılarının acığına xasiyyətcə də
mülayim və mehriban idi.
Boy-buxunu, yaraşığı ilə seçilən, yüksək səhnə mədəniyyətinə malik
olan, aydın, yumşaq səsi ilə tamaşaçını valeh edən Nəcibə xanım ancaq
baş rollara dəvət edilirdi. O, bu obrazları elə yaradırdı ki, tamaşaçı
az qala çaş-baş qalırdı. Bilmirdi ki, obraza görə Nəcibə xanımı sevir,
yoxsa aktrisaya görə rola məftun kəsilib. Nəcibə xanım hələ sağlığında
qəlblərdə özünə əbədi heykəl qoyan müqtədir qadın sənətkarlarımızdan
biri idi.
Teatr sahəsində rolları: Estreliya (Sevilya ulduzu, Lope de Vega)
Xuraman (Vagif, S.Vurğun)
Sofiya İvanovna (Zıkovlar, M.Qorki)
Safiya xatun (Qılınc və Qələm, M.Ordubadi)
Oqudalova (Cehizsiz gız, A.Ostrovki)
Kino sahəsində rolları:
Fətəli Xan
Bakının işıqları
Ögey ana
Aygün
Məhəbbət dastanı
Əhməd Hardadır
Arşın mal alan
Qanun naminə
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...