Nəsibə Zeynalova 1916-cı ildə, aprelin
20-də Azərbaycanın teatr fədailərindən biri olan Cahangir Zeynalovun
ailəsində dünyaya göz açmışdı. Azərbaycanda realist komik aktyor
məktəbinin bünövrəsini qoyan, Milli Dram Teatrının yaranmasında
iştirak edən Cahangir Zeynalov qızının iki yaşı olarkən dünyasını
dəyişib. Bəlkə də atasız qalan Nəsibə Zeynalova bu itkini yaşamasaydı,
teatra, səhnəyə can atmazdı, bu sənətə böyük məhəbbətlə bağlanmazdı.
Nəsibə Zeynalova atasının yoxluğunun ürəyində yaratdığı boşluğu teatra,
səhnəyə gəlməklə doldurdu. Onun məhz komik aktrisa ampluasını seçməsi
də təsadüfi deyildi. Atasının qoyduğu məktəbi davam etdirmək həm borcu
idi, həm də bu irsi istedad onun damarlarında qaynayırdı.
Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər
üzünü görən Nəsibə Zeynalova məhz sənəti, istedadı ilə illərdən sonra
çoxlarının qibtə edəcəyi yüksəkliklərə ucaldı. Həyatda həm sənətkar,
həm qadın xoşbəxtliyi ona nəsib oldu. Ailəsi, onu çox sevən həyat
yoldaşı, babasının adını daşıyan, sənətini davam etdirən oğlu,
milyonların sevgisi...
1941-ci ildə Teatr Texnikumunu bitirib Musiqili Komediya Teatrında
işləməyə başladı. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü
60-cı illərə təsadüf etdi. O, Musiqili Komediya Teatrının səhnəsində,
Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş
dəfə tamaşa oynadıqları günləri tez-tez yada salırdı. Bu teatrın
səhnəsində tamaşaya qoyulan "Sevindik qız axtarır" əsərində Xeyransa,
"Həmişəxanım"da Həmişəxanım, "Beşmanatlıq gəlin"də Gülnaz, "Gözün
aydın"da Nargilə, "Keto və Kote" də Kabato, "Qızılaxtaranlar"da
Rəxşəndə kimi obrazlar yaratdı. 1967-ci ildə Azərbaycanın Xalq Artisti,
1974-cü ildə Dövlət Mükafatı Laureatı oldu.
Nəsibə Zeynalova "Hicran"da Qızbacı, "Qayınana"da Cənnət, "Hacı
Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "Altı qızın biri pəri"də Cəhrə
qarı, "Ulduz"da Züleyxa obrazları ilə xalqın ürəyində əbədi yer tutdu.
Bu obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər əzbərinə
çevrildi.
Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində,
kinoda da böyük miqyasda açıldı. Aktrisa "Qayınana", "Ulduz" kimi
ekran əsərləri istisna olmaqla, kinoda əsasən kiçik rollar oynamasına
baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. "Ögey
ana", "Böyük dayaq", "Bizim Cəbiş müəllim", "Qanun naminə", "Bəyin
oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma, mən səninləyəm", "Yuxu" və
başqa filmlərdə Nəsibə Zeynalovanın yaratdığı obrazlar tamaşaçıların
yaddaşında silinməz izlər buraxdı. Aktrisanın bütün obrazlarına nəzər
saldıqda görürük ki, Nəsibə Zeynalovanın aktyor sənəti üçün zəngin
mimika, obrazı ən xırda incəliklərinədək açmaq bacarığı, milli kolorit,
yüksək improvizə qabiliyyəti səciyyəvi idi. Onun təbii, inandırıcı
oyun tərzi qəhrəmanlarını tamaşaçıya doğmalaşdırır, yaxınlaşdırırdı.
Teatr sahəsində rolları:
Gülnaz (Beş manatlıq gəlin, S.Rüstəmov)
Nargilə (Gözün aydın, F.Əmirov)
Züleyxa (Ulduz, S.Ələsgərov)
Kabato (Keto və Kote, V.Dolidze)
Rəşxəndə (Qızılaxtaranlar, T.Quliyev)
Qızbacı (Hicran, E.Sabitoğlu)
Qayınana (Cənnət, Z.Bağırov)
Kino sahəsində rolları:
Ögey Ana
Böyük Dayaq
Ulduz
Bizim Cəbiş müəllim
Qanun Naminə
Qayınana
Bəyin Oğurlanması
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...