Azərbaycan
kino rejissoru və operatoru. Azərb.SSR xalq artisti (1982) Azərb.SSR
(1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi. SSRİ
Dövlət mükafatı laureatı. Azərb.SSR Dövlət Mükafatı laureatı(1980). Moskva
Kinematoqrafiya İnstitutunu bitirəndə Rasim müəllim kinooperator olmaq
istəyirdi. 50-ci illərdə Azərbaycan kinosunda artıq yeni operator
nəsli yetişmişdi. Muxtar Dadaşov, Teyyub Axundov, Xan Babayev,
Əlisəttar Atakişiyev və başqaları kinomuzda operator kimi fəaliyyət
göstərirdilər.
50-ci illərin sonlarından başlayaraq kinomuzda, həqiqətən, güclü bir
canlanma var idi. Yeni nəfəs, yeni mövzular gəlirdi kinoya. Və belə
bir vaxtda Rasim Ocaqov Bakı kinostudiyasında ilk çəkilişlərinə
başladı. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmində
işlədi. Filmdə baş operator Marqarita Pilixina idi. Görkəmli
kinorejissor Əjdər İbrahimovun bu kino əsərini Bakı kinostudiyasında
çəksə də, M. Qorki adına studiya da filmin şərikli istehsalçısı idi. O,
kinokameranın dilini öyrənmişdi, işıq- kölgə münasibətləri, müxtəlif
planların ardıcıl qurulması artıq operator kimi onun üçün problem
deyildi. Ətrafındakılar bu gənc operatorun gələcək taleyindən də
narahat deyildirlər. Çünki Rasim Ocaqov elə ilk çəkilişlərdə özünü
təsdiq etmişdi və sevib-seçdiyi sənətin çətinliklərini yaxşı başa
düşürdü.
Rasim Ocaqovun operator kimi çəkdiyi filmlərdə kadrlar süjetin ümumi
axarına elə uyğunlaşdırılırdı ki, tamaşaçı çox vaxt bu kadrların
təsirindən çıxa bilmir, filmin sonuna kimi eyni həvəslə tamaşa edirdi.
“Onun böyük ürəyi” flimi isə R. Ocaqovun ilk sərbəst işi idi. Yenə də
rejissor Əjdər İbrahimov onu öz filminə gətirmişdi. 1958-ci ildə Bakı
kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü
psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt
metallurqlarının həyatına həsr olunmuşdu. Ancaq hiss edirsən ki, bu
ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və
cəzbedici bir formaya salınmışdır. İnsanların od püskürən soba
qarşısındakı gərgin anlarını, bəzən romantik məqamlarda geniş və orta
planlardakı vəziyyətləri elə ustalıqla yaradılmışdır ki, tamaşaçı
həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.
Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər
kinooperator duyumlu, texniki cəhətdən mükəm- məldirsə, deməli, filmin
baxımlılığı təmin olunmuşdur.
Rasim Ocaqov kinoya heç vaxt artıq bir detal gətirməyib. O, bəzən heç
rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara
birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edərdilər. “Əsl dost”,
“Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın
sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq
sənətinin ən layiqli nümunələrini yaratdı.
Azərbaycan kinosunda filmlərlə bağlı bəzən qalmaqallı hadisələr olub.
Elə “Gəncəbasarlı qisasçı” filmi də belə hadisələrlə üzləşib. Filmi
başqa bir rejissora həvalə etmişdilər. Bu, o vaxtlar idi ki, Rasim
Ocaqov da kinostudiyaya müəyyən sifarişlər verib, rejissor kimi film
çəkmək istədiyini bildirmişdi. Və günlərin birində studiyanın
rəhbərliyi Rasim Ocaqova yarımçıq qalmış “Gəncəbasarlı qisasçı”
filmini davam etdirməyi həvalə etdi. 1975-ci ildə Rasim Ocaqov ilk
dəfə rejissor kimi film çəkməli oldu. Bu tarixi-qəhrəmanlıq janrında
çəkiləcək filmə o yenidən başladı. Qəhrəmanların ifaçılarını dəyişdi,
ssenariyə əməlli-başlı əl gəzdirdi. Qatır Məmmədin obrazını isə
görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə
müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda
geniş qeyd edildi.
Xalq artisti Rasim Ocaqov rejissor kimi 28 ildən artıqdır ki,
Azərbaycan kinosunun bədii salnaməsini yaradır. Onun filmlərinin
üstünlüyü ondadır ki, Rasim müəllim üçün mövzu məhdudiyyəti yoxdur.
Tarixi filmdə də, psixoloji dram janrında da eyni ciddiyyətlə işləyir.
“Tütək səsi” filminin uğurları barədə yəqin ki, geniş danışmağa
ehtiyac yoxdur. Bu film müharibə haqqında təsəvvürlərimizə aydınlıq
gətirdi. İsa Hüseynov özünün “Saz” və “Tütək səsi” povestləri əsasında
yazdığı ssenari rejissor üçün çox zəngin material vermişdi. Daha
rejissor seçim qarşısında qalmamışdı. Detallar öz yerində, hadisələr
kino dilinə yaxın olduğundan rejissora yalnız filmin quruluşunu vermək
qalırdı. Rasim Ocaqovun “Tütək səsi” filmi əsl mənada kinomuzun
şedevrlərindən birinə çevrildi. “Tütək səsi” öz orijinal səhnələri,
çəkiliş manerası, mövzunun bədii həlli baxımından kinomuza xeyli
yeniliklər gətirdi. Bu film ekranlara çıxanda kinoteatrlarımızda
növbələr düzülmüşdü. Yusif Vəliyevin, Məmmədrza Şeyxzamanovun
yaratdığı qəhrəmanlar filmə xüsusi bir ovqat bəxş etmişdi. Xüsusilə
Qılınc Qurbanın ifaçısı olan Yusif Vəliyevin bənzərsiz oyunu onu
kinomuzun çox yaddaqalan obrazlarından birinə çevirmişdi. Mən
dəfələrlə bu filmə tamaşa etmişəm. Hər dəfə də M. Şeyxzamanovu,
İsfəndiyar kişinin görsəndiyi səhnələr qəlbimi kövrəldib. Cəbhədə
vuruşan oğlunun yolunu həsrətlə gözləyən İsfəndiyar kişi, sazda
“Ruhani”ni dilləndirdikcə tamaşaçı bir anlığa müharibənin
dəhşətlərinin içərisindən keçirir. Bu duyğuları tamaşaçıda yaşadan və
bizləri həmişə düşünməyə, şərə qarşı mübarizə aparmağa səsləyən,
rejissor Rasim Ocaqov sonrakı filmlərində də bu dövrümüz üçün vacib
ideyaları təlqin etmişdir.
O, müasirlərimizdən elə gözəl, elə səmimi danışır ki, adam bəzən çaşıb
qalır. Və düşünürsən ki, axı bu hadisələr bizim ətrafımızda baş verir.
Bəs nəyə görə biz onları görə bilmirik və yaxud hansı səbəblərdən bu
hadisələrə biganə qalırıq? Belə mövzuların mahir ustası, xalq yazıçısı
Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun yaradıcılıq əməkdaşlığını xüsusi
olaraq qeyd etmək lazımdır. “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”,
“Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” və bir də “İstintaq”
filmləri müasirlərimizin əsl obrazını yaratmaqla bizi ətrafımıza
diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa
çağırır.
“Təhminə”, “Otel otağı” kimi son filmlərində də Rasim müəllim ciddi
mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda
söhbət açır. Ancaq Rasim Ocaqov hansı mövzuda film çəkir-çəksin, heç
şübhəsiz ki, o aktualdır, bizi düşündürən, xalqımızı narahat edən
məsələlərdən danışır.
Əsas filmləri:
1. Qatır Məmməd (1974)
2. Tütək səsi (1975)
3. Ad günü (1977)
4. İstintaq (1979)
5. Bağlı qapı (1974)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...