Bir aktyorun nağılı.
Şahmar Ələkbərov o qədər qayğıkeş, o qədər səmimi insan idi ki, onunla
həmsöhbət olan hər kəs məmnunluqla ayrılardı ondan, həm də uzun müddət
unutmazdı bu görüşün xoş məqamlarını. Bu nikbinlik ona tanrı vergisi
idi. İnsanları sevirdi və bu sevgi onun təbiətində idi. Onun xoşhal,
insanpərvər, humanist duyğuları sənətinə də keçmişdi. Vallah rolları
da elə özünə oxşayırdı. Hansı rolunu götürürsən götür, elə Şahmardı ki,
durub.
1943-cü il avqustun 23-də dünyaya gəlmişdi. Cəmi 50 il ömür yaşadı.
Amma bu müddətdə yaratdığı obrazlar, çəkdiyi filmlər bəlkə də bir ömrə
sığası iş deyildi.
“Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. İncəsənət
İnstitutunu təzəcə bitirsə də, kinoya hədsiz həvəsi onu studiyaya
gətirmişdi. Həm də bu institutda Rza Təhmasibin kursunda təhsil
almışdı. Bu o demək idi ki, Şahmar müəllim artıq püxtələşmiş bir
aktyor idi və elə “Dağlarda döyüş”dəki debütündə də bu aydın
görünürdür. 1967-ci ildə bu filmə kinorejissor Kamil Rüstəmbəyov
quruluş vermişdi. Mərhum yazıçı-jurnalist Əhmədağa Qurbanov özünün
“Tikanlı məftillər” povesti əsasında ssenarini yazmışdı. Şahmar
Ələkbərovun da qəhrəmanı sərhəd qoşunlarında xidmət edən sıravi
əsgərdir. Maraqlı macəra süjeti var filmin. Sərhədi keçən bir nəfərin
izinə düşən Fərrux böyük çətinliklərdən sonra onu yaxalayır və məlum
olur ki, bu onun bir vaxtlar müharibə dövrü Vətəndən qaçaq düşmüş öz
atasıdır. İlk rol, ilk çətinlik, ilk sınaq. Bunlar hamısı Şahmarın
taleyində uğurlu alınmışdı və onun qəhrəmanı Fərruxun bütün xarakterik
cizgiləri məhz aktyor məharətinin nəticəsi olaraq rəssam dəqiqliyi ilə
yaradılmışdı. Bəli, sərhədçi obrazı ilə onun yaradıcılıq məkanının
sərhədi başladı. Və bu sərhəd onun rejissor kimi tamamladığı
“Qəzəlxan” filminə qədər uzun və keşməkeşli bir yol keçdi.
Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki,
onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır.
Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək
tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.
Şahmar müəllimin yaradıcılığında Məzahirin özünəməxsus yeri var. “Mən
ki, gözəl deyildim” filminin qəhrəmanı, sadə, səmimi gənc Məzahirin
obrazı elə bil Şahmar Ələkbərovun xarakterinə biçilmişdi. Aktyor heç
bir impovizəyə yol vermədən bu sadə sürücünün bütün daxili dünyasını,
ətrafdakılara münasibətini çox canlı ştrixlərlə tamaşaçılara çatdırır.
Müharibənin ağır günlərində uzaq dağ kəndlərindən birində baş verən
hadisələri əks etdirən bu lirik-dramatik filmin qəhrəmanları arasında
nikbin xarakteri ilə seçilən Məzahirin öz yeri var. Məzahir kinomuzda
yeni bir obraz idi. Bu sürücü oğlanın nikbin ruhu filmin faciəvi
yükünü xeyli azaldır. O, həmişə gülür, zarafat edir, sanki insanların
qəlbinə çökmüş müharibə ağrılarını dəf etmək istəyir. Məzahirin
sevgisində də bir səmimiyyət var. Filmi rejissor Tofiq Tağızadə
çəkmişdi. Ümumiyyətlə, Şahmar Ələkbərov Tofiq müəllimin filmlərində
çox az çəkilmişdir. “Qızıl qaz” və bir də “Mən ki, gözəl deyildim”.
Hər ikisində də çox maraqlı obrazlar yaratmışdır.
Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla
işləmişdi Şahmar müəllim. Bütün bu yaradıcı “ittifaqlar” çox uğurlu
alınmışdı. Bunlar haqqında o öz “Xatirələrim” adlı yazısında çox gözəl
açıqlamalar vermişdi. Mən həmin bioqrafik yazı ilə tanış idim. Lakin
ömür bu yazıları kitab halında çap etməyə ona imkan vermədi. Orada hər
şey var idi. O təkcə Şahmar Ələkbərovun tərcümeyi-halı deyil,
bütövlükdə kinomuzun 20 illik dövrünün canlı salnaməsi idi.
Mən Şahmar müəllim haqqında “Kino” qəzetinin xüsusi buraxılışını
hazırlamışdım. 1994-cü ildə nəşr olunan həmin buraxılışda onun
haqqında çox şeylərdən söhbət gedirdi və “Yeddi oğul istərəm” filminin
yaranması prosesi ilə bağlı həmin xatirələrdən bir hissəni də orada
çap etmişdim. Həmin xatirələri oxuduqca hiss edirsən ki, Şahmar
Ələkbərov bu sənəti, bu xalqı, bu milləti necə də sevirmiş. Bəlkə elə
onun rollarına hopmuş şirinlik də bu sevgidən irəli gəlib. Onun
rollarını xatırlayıram: Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”),
İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Rizvan (“Qızıl
qaz”), oğlanlardan biri (“Bizim küçənin oğlanları”), Azad (“Bakıda
küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”),
Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə
adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”), Cümşüd (“Avqust
gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən
fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları
birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir
də sənətinə olan hədsiz məhəbbətidir.
Bu rolların hər birini ayrıca xarakterizə etməyə, məncə, heç ehtiyac
yoxdur. Ancaq Şahmar müəllimin elə qəhrəmanları var ki, onları
xatırlamamaq qəbahət olardı. “Yeddi oğul istərəm” filminə tamaşa
edəndə hamınız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı
halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirsiniz. Bu çox nadir
səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin
içərisindən qoparıb, təbəssümə qovuşdurur. Şahmar müəllim bunu
bacarırdı, bu hər aktyora xas olan keyfiyyət deyildi. Şahmar
müəllim kinoda rejissor kimi də sözünü demək istəyirdi. Deyirdi ki,
bir dəfə studiyanın direktoru Adil İsgəndərovun yanına bir ssenari də
apardım. Dedim ki, Ədil müəllim, film çəkmək istəyirəm. Nə cavab versə
yaxşıdır: “Sənin nə gözəl kostyumun var” — dedi. Yaxınlaşıb əlini
kostyumun parçasına sürtərək, “Gözəl materialı var”, birini də mənə
tikdirək" — dedi. Bildim ki, məsələ artıq həll oldu və o gediş bir
müddət rejissorluq barədə düşünmədim.
Amma sərbəst film çəkmək arzusu onu rahat buraxmırdı. Bir az da
xəstələnmişdi. Səhhətində baş verən problemlər ona aktyor kimi işləmək
imkanı vermirdi. Beləliklə o rejissor kimi işləməyə qərar verdi və ilk
dəfə Gülbəniz Əzimzadə ilə birgə “İmtahan” filmini çəkdi. Bu ictimai
motivli filmdə Şahmar müəllim çox böyük həvəslə işləmişdi. Hər şey ona
tanış idi. Kamera da, operator işi də, dekorasiyaların qurulması da,
aktyor oyunları da ki, öz peşəsi idi. Amma narahatçılığı var idi.
Ssenarini Anar özünün “Şəhərin yay günləri” povesti əsasında yazmışdı.
Amma Gülbəniz xanımla elə rahat işləyirdi ki, elə bil uzun illər
rejissorluq etmişdi. Film ekranlara çıxanda artıq bütün təşvişlərə son
qoyuldu. Ssenari müəllifi də, Gülbəniz xanım da, tamaşaçılar da
filmdən razı qalmışdılar. Şahmar Ələkbərova da bu lazım idi.
Sonra isə Elçin özünün “Toyuğun diri qalması” povesti əsasında
ssenarisini yazdığı “Sahilsiz gecə”ni çəkdi. Bu isə 1989-cu il idi. O
vaxt Şahmar müəllimə dəhşətli xəstəlik əzab versə də, işləyirdi. Elə
bil tələsirdi. Filmi çox az müddətə çəkdi. Amma film hazır olanda çox
ciddi münaqişələrlə qarşılandı. Səbəb isə müharibə dövründə qadınların
həyatında bəzi məqamların göstərilməsi idi. O vaxtı mən də yaxşı
xatırlayıram. Studiyanın qarşısına toplanan qadınlar piket keçirir,
filmi ləğv etdirmək istəyirdilər. Amma Şahmar müəllim onlarla elə
gözəl dil tapdı ki, hər şey çox rahatlıqla sona yetdi.
Filmdə həqiqətən çox ciddi ictimai motivlər vardır. Bəli, müharibə hər
bir vəziyyətdə insanlara faciələr gətirir. Ailələri başsız qoyur,
taleləri bədbəxt edir. Elə filmin qəhrəmanı Zibeydə kimi. Rejissor bu
obraz üçün Özbəkistandan Oğludurdun Məmmədquliyevanı dəvət etmişdi.
Mehriban Xanlarovanı isə ilk dəfə kinoya gətirmişdi. Şahmarın ilk
sərbəst işi idi “Sahilsiz gecə”. Hər kadrına diqqətlə yanaşırdı.
Montajda da ehtiyatlılıq göstərirdi. Xoşbəxtlikdən hər şey uğurlu
alınmışdı və film geniş rezonans doğurmuşdu.
Amma, Şahmar müəllim ürəyincə sevinə bilmədi. Xəstə idi. Çənə
sümüyündə cərrahiyyə əməliyyatı aparılmalı idi. “Sahilsiz gecə”nin xoş
təəssüratları onun ağrılı cisminə bir yüngüllük gətirsə də, bunlar da
ötəri oldu. Cərrahiyyə əməliyyatı üçün Almaniyaya gedəsi oldu. Yaxşı
idi. Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu
məşhur qəzəlxan Vahidin ekran obrazını yaratmaqdan ibarət idi. Və
günlərin birində eşitdik ki, Şahmar Ələkbərov öz ssenarisi əsasında
“Qəzəlxan”ı çəkməyə başlayıb. 1990-cı il idi. O, xəstəhal vəziyyətdə
işləyirdi. Yenə də elə bil harasa tələsirdi. Baş rola gənc aktyor
Loğman Kərimovu dəvət etmişdi. Çəkilişlər dayanmadan gedir, hər şey öz
qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar
müəllim filmi iki hissədə çəkməyi qərara aldı. 1991-ci ildə isə film
ekranlara çıxdı. “Qəzəlxan” Azərbaycanın görkəmli şairi Vahidin həyat
və yaradıcılığının müxtəlif anlarını canlandırır. Burada Bakı
kəndlərinin adət-ənənələri, XX əsr ədəbi mühiti çox real əks olunmuşdu.
Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi.
Amansız ölüm onu aramızdan apardı. 1992-ci ildə Şahmar Ələkbərovun
ömrü əbədiyyətə qovuşdu. Çox idi arzuları. Bir ssenari yazmışdı. Özü
çəkmək istəyirdi onu. Məşhur Bakı milyoneri Ağamusa Nağıyevə həsr
etmişdi. Doğrudur, ölümündən sonra bu ssenari çəkildi. Rejissor Rövşən
Almuradov çəkdi bu filmi. Özü də 1995-ci ildə.
Vəssəlam. Bu da aktyor və rejissor kimi xalqın sevimlisinə çevrilmiş
Şahmar Ələkbərovun yaradıcılıq yolunun yekunu.
Bəli, illər keçəcək, nəsillər dəyişəcək. Bu qəhrəmanlar, bu filmlər
gözəl bir sənətçinin, istedadlı bir insanın xatirəsini
nəsillərdən-nəsillərə ötürəcək. Biz Şahmar müəllimin yubileyini, 60
yaşını onsuz qeyd edirik. Lakin onun özü olmasa da yaratdığı
qəhrəmanlar və çəkdiyi filmlər bizimlədir və elə 70-80 və sonrakı
yubileylərində də yaşayacaqlar. Əbədi xatirəyə çevrilmiş Şahmar
Ələkbərov sənəti həmişə belə xoş istəklə xatırlanacaq. ALLAH ona
rəhmət eləsin!
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...