Nədənsə,
adama elə gəlir ki, haçansa yenə teatrın pərdəsi qalxacaq və biz
yenidən öz füsunkar səsi ilə insanı riqqətə gətirən Səməndər Rzayevin
oyununa tamaşa edəcəyik.
Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın idi ki, ölümündən 18 il
ötsə də, hər an canlı bir insan kimi xatırlanır. Şaqraq gülüşü, zəhmli
baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o,
əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir
qala qurub.
Səməndər Mənsim oğlu Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı
var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz
yaratmaq, bu qədər iş görmək, vallah, möcüzədir. Ağsuda dünyaya göz
açıb. Sonra İncəsənət İnstitutunda böyük Təhmasibin məktəbindən dərs
alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən
yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.
Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da,
radio da, televiziya da. Hər yerdə Səməndər öz ucalığını,
əlçatmazlığını qoruya bilmişdi.
Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları
oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların
çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır.
“Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq
ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik
vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam
təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa
görmüsən.
Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq
gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin
korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki,
günlərlə filmlərə səsini yazdırardı. Səməndər millətini, xalqını sevən
sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı
xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl
azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi
simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı
danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif
olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, “kiçik açarla da
böyük qapılar açmaq olur”. Amma elə ki, səhnədə bu böyük sənətkarın
səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları
baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor
sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.
“Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”,
“Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı...” Bunlar Səməndərin
teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər
birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları,
bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu.
Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi
baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu
“ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi.
Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun
sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir
özü bilirdi bir də mən... “Uşaqlığın son gecəsi” Filmin lap əvvəlində
küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o,
kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı
kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan
obrazları – Səməndərli anları kino tariximizə köçürüb. “Çarvadarların
izi ilə” filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında
İlyas Əfəndiyevin “Körpüsalanlar” əsəri durur. Səməndər filmin çox da
böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan
obrazdır. “Nəsimi” də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah
İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi.
Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah
İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq
tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi.
Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət
İbrahim şahın dayandığına səmimiliklə inanırsan.
Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara
diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan
cəhət idi. Axı, aktyorun öz daxili “mən”ini gizlətməsi hər vaxt mümkün
olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə
çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki,
o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun,
qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan
“Bəyin oğurlanması” filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə
düşər. “Mənəm ey, Hidayət müəllim” və ardınca da Səməndərin şaqraq
gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii
yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda
klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş
edir.
Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif
Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri
böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev
çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda
işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, “Bulaq”
verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç (“Evləri
köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə
sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki,
“Bulaq” verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf
səsini dinləyək.
Və günlərin birində “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə
gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran
qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin
gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyor son oyunu idi...
Kino sahəsində rolları:
1.Nəsimi (1974)
2.Çarvadarların izi ilə (1974)
2.Babək (1979)
3.Babamızın babasının babası (1982)
4.Evlənmək istəyirəm (1983)
5.Xaş musiqi ilə (1984)
6.Bəyin oğurlanması (1985)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...