Azərbaycan
kino rejissoru. 1953 - cü ildə Moskvada Ümumittifaq Dövlət
Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsini bitirdikdən
sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə
başlayır.Bir çox filmlərin quruluşçu rejissorudur.
Böyük ömrün anları.
Bir az “sakit adam” təsiri bağışlayırdı. Dostları da çox deyildi. Amma
həddindən artıq işgüzar idi.
Vaxtı da çox az olardı. Bəlkə də ona görə az-az görsənərdi.
Özünəməxsus geyim forması var idi. Onu başındakı “Meksika panaması”ndan
asanlıqla tanımaq olurdu. Çox həssas insan idi. Adicə söz də xətrinə
dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu
xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq
istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox
deyil. Cəmi 13 filmdir. 14-cü filmi isə yarımçıq qalmışdı. 50-ci
illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. “Görüş”
(1953), “Uzaq sahillərdə” (1958), “Əsl dost” (1959) filmləri milli
kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.
Tofiq müəllim “Görüş”lə gəldi sənətə. “Görüş” onu əbədi olaraq bu
sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino
tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə
professional kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi
də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və
bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək
mümkündür.
Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu
problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq
mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur. Tofiq
müəllim Vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik
detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta
Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar
vasitiləsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan
çəkinmirdi.
Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın
taleyi ilə sıx surətdə bağlıdır. O, “Dədə Qorqud” dastanının
motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı
vaxtdan 30 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona
tamaşaçı marağı səngiməmişdir. “Dədə Qorqud” Vətən, millət, bəşəri
dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir
ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə
çatdıra bilib.
“Mən ki gözəl deyildim” filmi isə müharibə haqqında düşüncələrdir. Bu
düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız
qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı
surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı
məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmdə
zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki,
çox canlı bir harmoniya yaradıb.
Tofiq Tağızadə Moskvada, ÜİDKİ-də təhsil alıb. Rus kino məktəbinin
mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss
olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər
bir əsərində bizim xalqın ruhu duyulur. Onlar bizim tariximizdir,
bizim mənəvi varlığımızdır. “Yeddi oğul istərəm” filmində ziddiyyətli
məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb,
hadisələrə başqa yön verib. Gəray bəyin, Bəxtiyarın obrazlarını
çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri
açıqlayır. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır.
“Bağ mövsümü” isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın
problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə
qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir.
“O dünyadan salam” filmi də onun son vaxtlar lentə aldığı
əsərlərindəndir. Əsasında böyük Mirzə Cəlilin “Ölülər” komediyası
dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış
motivləri müasirləşdirir və bu günümüzün hadisələri ilə bağlayır.
Tofiq müəllim xalq artisti idi. Ömrünün son illərində xüsusi studiya
yaratmışdı. İşləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez
apardı. Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi
yaşayacaqdır.
Əsas filmləri:
1. "Görüş" (1955)
2. "Uzaq sahillərdə" (1958)
3. "Əsl dost" (1959)
4. "Mateo Falkone" (1959)
5. "Mən rəqs edəcəyəm" (1962)
6. "Arşın mal alan" (1965)
7. "Mən ki, gözəl deyildim" (1968)
8. "Yeddi oğul istərəm" (1970)
9. "Flaminjqo - qızıl qazdır" (1972)
10. "Dədə-Qorqud" (1975)
11. "Narlıq" (1978)
12. "Babamın babasının babası" (1981)
13. "Bağ mövsümü" (1985)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...