Azərb.SSR əməkdar incəsənət xadimi
(1946). Azərb.SSR xalq artisti (1964). SSRİ Dövlət mükafatı laureatı
(1946). 3 "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
Rza Təhmasib Azərbaycan teatr və kino sənətinin korifeylərindən idi.
Milli teatrımızın inkişaf edib formalaşmasında bu böyük sənət
fədaisinin xidmətləri əvəzsizdir. Onun genişmiqyaslı rejissorluq,
aktyorluq fəaliyyəti bütöv bir əsrin sənət tarixinin unudulmaz
səhifələrini təşkil edir.
Rza Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan
sənətə-teatra meyli olub. 16 yaşında ikən Tiflisdə “Müsəlman
Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc
Təhmasib 1920-ci ilədək Tiflis, Yerevan, Naxçıvan teatrlarında
aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir
sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı
olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci
və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir.
Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın
formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən
əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini
vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.
Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya
ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu
tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir,
təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr
və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı
İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”),
Qacar (“Ağa Məhəmmədşah Qacar”), Süleyman (“Həyat”), Koşkin (“Lyubov
Yarovaya”), Strijin (“Eskadranın məhvi”), Karl Moor (“Qaçaqlar”) kimi
rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur.
Rza Təhmasibin C.Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur.
Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif
rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar,
general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla
səhnədə canlandırmışdır.
Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər”
əsəri olub. O dövrün mətbuatında onun quruluşunda “Ölülər” yeni teatr,
yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. “Ölülər” onun rejissor
kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. “Şeyx Sənan”
(1931), “Sevil” (1934), “Özgə uşağı” (1936), “Madrid” (1938), “Vəfa”
(1943), “Hacı Qara” (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq
məharətinin ən layiqli nümunələri idi.
Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli
teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının
təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü
Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.
Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə
yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir
dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və
aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir
çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz
çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük
sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun
rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında
“Ordenli Azərbaycan” sənədli filmini çəkmişdi.
Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib “Səbuhi”
filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza
Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük
mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən
bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski,
Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük
sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi
“Arşın mal alan” filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay
Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq
görüldü.
“Arşın mal alan” kinokamediyası milli kinomuzun ən layiqli
nümunələrindəndir və 60 ilə yaxındır ki, bu film dünya ekranlarını
dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların
güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid
Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev,
Mirzağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında
mühüm rol oynadılar. R. Təhmasib 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə
birlikdə “Bakının işıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla “Mahnı
belə yaranır” filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor
işi isə “Onu bağışlamaq olarmı?” filmi oldu. Bu film 1959-cu ildə
istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı
film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim
M.Təhmasib yazmışdı.
Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var.
1947-ci ildə istehsal olunmuş “Fətəli xan” filmində ona Ağası xan rolu
həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə “Qanun
naminə” filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və
ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
Bütün mənalı ömrünü Azərbaycan teatrının, kino sənətimizin inkişafına
və tərəqqisinə həsr etmiş xalq artisti, Dövlət mükafatı laureatı Rza
Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olmuş,
Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və
əhəmiyyətli rol oynamışdır. Onun yetirmələri bu gün müstəqil ölkəmizin
teatr və kino sənətinin tərəqqisi keşiyindədirlər. Bu böyük incəsənət
xadiminin sənət tariximizdəki xidmətləri heç zaman unudulmayacaq və
onun xatirəsi xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.
Əsas filmləri:
1. Ordenli Azərbaycan (1937)
2. Səbuhi (1943, A.Bek-Nazarovla)
3. Arşın mal alan (1945, N.Leşşenko)
4. Bakının işıqları (1950)
5. Mahnı belə yaranır (1959, M.Mikayılovla)
6. Onu bağışlamaq olarmı (1960)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...