Həsənağa Turabov 1938-ci il aprelin 4-də Bakı
şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan
İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası
üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram
Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu
teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın
direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə
seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya
dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı
sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin
ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi
və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun
obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir
çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim
diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə
tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və
sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin
rəğbət və məhəbbətlə qarşılanıb.
Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun
xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən,
televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun
aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq
bacarığını bariz şəkildə nümayiş etdirib. Onun iştirakı ilə çəkilmiş
filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və
Azərbaycan kinematoqrafiyasının qızıl fonduna əbədi daxil edilib.
Həsənağa Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub.
O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda
mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının
ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində
əlindən gələni edib. Mənalı ömrünü
Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu
məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O,
klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu,
öz məktəbini yaratmışdı.
İncəsənət İnstitutunu bitirmişdi, məşhur sənət adamlarından dərs
almışdı. Həsən Turabovun gəncliyindən yaratdığı rollar teatrsevərlərin
qəlbinə asanlıqla yol tapmışdı. Dramatik aktyor idi. Yaratdığı
obrazlarda həmişə bütövlük olardı. Adətən baş rolları ifa edərdi.
1960-ci ildən Akademik Milli Dram Teatrında çalışırdı. Kimlərlə
işləməmişdi: Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı,
Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla
tərəf-müqabil olmuşdu. Həsən Turabovun yaradıcılığında qəribə
özünəməxsusluq var idi. “Mahnı dağlarda qaldı” tamaşasına baxmışdım.
Kamran onun ifasında necə də gözəl görünürdü. Gözəl diksiyası, səhnə
hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi.
Həsən Turabovun səhnədə yaratdığı rolları sadalamaqla qurtaran
deyil. Hansının adını çəkəsən: Vahidimi (“Kəndçi qızı”), Azərimi (“Yaxşı
adam”), Hamletimi (“Hamlet”), Lionelimi (“Orman qızı”), İsgəndərimi (“Ölülər”)
Xəyyamımı (“Xəyyam”) deyim, hər biri teatrımızın tarixində öz yeri, öz
mövqeyi olan əsərlər və rollar idi. Həsən Turabov 60-80-ci illər
Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda
qəribə nikbin bir ruh hakim olardı, tamaşaçı axıra kimi onun
qəhrəmanlarının aqibətini gözləyərdi. Çılğın aktyor idi. Səsində də
bir özünəməxsusluq duyulurdu. Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü
məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən
yorulmazdı.
Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin (“Yeddi oğul
istərəm”) misilsiz obrazı onun ifasında kinomuzun nadir
qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən
müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına — “bu
rejissorun seçimidir”, — deyərdi, — “mən yalnız onun dediklərini
etmişəm”. Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən
qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera
qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki
onun sənəti məktəb idi. Öyrəniləsi o qədər şeylər var idi ki, Həsən
müəllimin sənətində. Xalq artisti idi, xalq onu sevirdi. Hansı
əyalətdə, hansı şəhərdə olurdusa görüşünə minlərlə tamaşaçı yığılırdı.
Mən dəfələrlə bunun şahidi olmuşam.
Kinonu da teatr qədər sevirdi. Hətta, mənfi rolları da ustalıqla
oynayırdı. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) rolları
nə qədər mənfi tiplər olsa da, sənətkarlıq baxımından yadda qalan idi.
O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara
tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.
Həsən Turabovun “Axırıncı aşırım”, “Ürək... Ürək...”, “Sevinc buxtası”,
“Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları
da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin yubileyi”)
özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili,
hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir
insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə
yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin
oğurlanması”nda rejissor rolunda çəkilmişdi. “Qaçaq Nəbi”ni isə
rejissor kimi çəkmişdi. Hər ikisində Həsən Turabovun yaradıcılıq
xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi film isə Rüstəm
İbrahimbəyovun “Ailə” adlı kinolenti olmuşdu. Burada simvolik ailənin
başçısı rolunda oynayırdı. Yenə də özü idi Həsən Turabov.
O, həm də gözəl təşkilatçı idi. Son illər Akademik Milli Dram
Teatrına rəhbərlik etmişdi. Böyük bir kollektivin dərin rəğbətini
qazanmışdı. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edildi, neçə-neçə
klassik və müasir əsərlər səhnəyə qoyuldu. Axır vaxtlar xəstəliyi ona
məhsuldar işləməyə imkan vermirdi. Axırıncı dəfə onunla rəhbərlik
etdiyi Teatr Xadimləri İttifaqında görüşdük. Hiss olunurdu ki, amansız
xəstəlik Həsən müəllimi tamam taqətdən salıb. İşləmək istəyirdi,
müsabiqələr, görüşlər təşkil etmək arzusunda idi. Bir d ə Ə.
Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində baş rolu oynamaq
istəyirdi. Deyirdi: “Məndən olsa, hər gün məşhur aktyorların xatirə
gecələrini təşkil edərəm. Bizim teatrın çox güclü aktyorları olub,
onları unutmaq olmaz.” Sən saydığını say... Çox arzuları var idi,
hamısı yarımçıq qaldı. Ömür vəfa etsəydi, hələ teatrımız, kinomuz üçün
Həsən müəllim böyük işlər görəcəkdi.
Əfsus...
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...