Dramatik rolların ölməz ifaçısı.
Hamlet Xanızadə 1941-ci ildə doğulmuşdu. Hamlet Xanızadə Bakının Şağan
qəsəbəsində dünyaya göz açmışdı. Burada orta təhsil almışdı və atası
Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin
qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi.
Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın
taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya
meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil
olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə
gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı
aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar
müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı. Bilmirəm ilk
dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil olub. Bircə onu
bilirəm ki, bu sənəti sidq ürəkdən sevirdi və ilk rolu da, heç
şübhəsiz, bu sevgi ruhunda yaradılmışdı.
Çox tamaşalarda oynayıb. Onların adlarını sadalamaqla qurtaran deyil.
Tərəf-müqabilləri də ki, səhnəmizin “ulduz”ları olmuşdu. Mehdi
Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə
Qurbanova, İsmayıl Dağıstanlı və onlarla müqtədir sənət korifeyləri
ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Bu teatr onun üçün
həm də məktəb idi. Hünərin nə idi ki, belə sənətkarların qarşısında
nəyi isə səhv edəsən, nəyi isə nəzərdən qaçırasan. Hamlet Xanızadə
burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər,
alqışlayırdılar.
Hamlet haqqında düşünəndə ilkin olaraq yadıma Topal Teymur düşür. Hər
dəfə bu televiziya tamaşasına baxanda onun yaratdığı Topal Teymurun
qəddar görkəmi uzun zaman gözlərim qarşısından çəkilmir. Aktyor bu
obrazın ifası üçün elə orijinal üslub seçib ki, istər-istəməz
tamaşaçıda şər əməllərə nifrət hissi doğurur.
Bir də “Nəsimi” filmindəki Topal Teymuru xatırlayın. Yusif Vəliyevin
yaratdığı həmin obrazla H.Xanızadənin qəhrəmanını müqayisə edəndə
oxşar əlamətlər olduğunu necə də aydın hiss etmək olur. Doğrudan da,
bizim aktyor sənətimizdə çox böyük nəhənglər yetişib. Yaxşı ki,
kinomuz, televiziyamız olub və hər iki sahədə yüzlərlə aktyorumuzun
bizə ərmağan etdiyi əsərlər yaşayır və onlar Azərbaycanın çox qiymətli
milli-mənəvi sərvətinə çevrilib.
“Dəli yığıncağı”, “İblis”, “Ölülər” və s. tamaşalarda Hamletin bütün
qəlbi və ruhu ilə yaratdığı nə qədər qəhrəmanlar olub. Hər dəfə
səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi.
Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağın”da Molla
Abbası, Nəriman Həsənzadənin “Atabəyləri”ndə Nizamini, Nazim Hikmətin
“Şöhrət və unudulan adam”ında doktoru böyük sənətkar məharəti ilə
yaratmışdı. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin
əsərlərində oynamışdı.
Kinoya 70-ci illərdə gəlmişdi. Tofiq Tağızadənin “Yeddi oğul istərəm”
filmindəki Gizir obrazını xatırlayırsınızmı? Gəray bəyin “vuran əli"
olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarır.
Hamlet qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas
qəhrəmanları səviyyəsinə qaldırır.
Hamlet kinonu da çox sevirdi və ömrünün son illərində kinoya daha çox
meyllənmişdi. Filmlərə tez-tez çəkirdilər onu. Hərdən dublyaja,
“Mozalan”a da dəvət edirdilər. Enerjili insan idi. İşləmək onu heç
vaxt yormazdı. Təki ürəyincə olan, daha doğrusu, ona “yaraşan” rollar
olsun. İlk dəfə “O qızı tapın” filmində kinorejissor Həsən Seyidbəyli
çəkmişdi onu. Oynadı, özünü təsdiq etdi. Sonra isə kinorejissor Kamil
Rüstəmbəyov Hamleti “Axırıncı aşırım” filmində çəkdi. Kərbəlayı
İsmayılı yola gətirmək üçün Abbasqulu bəylə birgə Qarabağlar kəndinə
yollanan Talıbov Qəmlonun qəzəbinə düçar olur. Talıbov qorxmaz, igid,
insan taleyinə biganə qalmayan qəhrəmandır.
Aktyorun Kərbəlayının qəbulunda o qorxunc anlardakı
simasını xatırlayırsınızmı. Çox istedadla yaradılıb bu səhnələr.
Hamlet Xanızadə belə dramatik səhnələrin əsl ustası idi.
Amma İmaş (“Arxadan vurulan zərbə”) tamam başqa ampluada işlənmiş bir
qəhrəmandır. O, həyatın çətinliklərini görüb başı daşdan-daşa dəyib.
Həbsxana həyatı da yaşayıb. Baş verən ən kiçik cinayətlərdə belə onun
adı hallanır. Amma Qəmərlinskinin öldürülməsindən onun xəbəri yoxdur.
Bacısı da bir tərəfdən onun ovqatını korlayır. Xoşu gəlməyən bir
nəsildən olan Fazili sevir. Bu mürəkkəb hadisələr fonunda onun
xarakteri açılır. Hamlet bu epizodları elə istedadla, məharətlə ifa
edir ki, tamaşaçı əsl aktyor sənətinin şahidinə çevrilir və onu
sevməyə bilmir. Əyninə sırıqlı geymiş bu oğlanın taleyinə heç kəs
biganə qala bilmir. “Axırıncı aşırım”da isə onun rolu o qədər böyük
olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla
yaratmışdı. Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri “Arxadan
vurulan zərbə” filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o
öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas
qəhrəmanlar səviyyəsinə çatdırır. Hamletin bu filmdəki rolu kinomuzun
çox maraqlı qəhrəmanlarındandır.
Xəlifə Mötəsimi isə “Babək” filmində yaratmışdı. Bu tarixi filmdə onun
ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə
təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib
bizlərə. Və nəhayət, “Qətl günü” filmindəki Sədi Əfəndi. Sədi Əfəndi
ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə
görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da
duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün
ağrılarını məharətlə yaşayır, onu sevdirir, elə özü sevdiyi kimi.
Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış “Qətl günü”
filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın
sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz
mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə,
30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının
ümumiləşmiş obrazıdır. Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox
orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki
cizgilərlə verə bilir.
Müasir mövzuda çəkilmiş “Yaramaz”da (rejissor V. Mustafayev) zavod
direktorunu oynayır. Bu obrazla aktyor müasir rolların da gözəl
ifaçısı olduğunu bir daha təsdiq edir.
Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun
məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı.
Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki,
Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə
qəddar, zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun
zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan
verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət
mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət
bu gün də var, sabah da olacaq.Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyirdi. Özü də həvəslə,
yorulmadan işləyirdi. 1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı
və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu.
Həmin il fevralın 22-də. Hətta şəhidlərimizin 40-nı görmək belə ona
qismət olmadı.Hamlet Xanızadə çox həssas insan idi. Millətin, xalqın qeyrətini çəkən,
onun yolunda ölümə belə getməyə hazır olan aktyor 20 Yanvar faciəsinin
qurbanı oldu. Onu Şəhidlər Xiyabanında dəfn etmədilər, doğma
kəndlərinin qəbiristanlığında torpağa tapşırdılar.Hər dəfə Hamlet Xanızadənin çəkildiyi filmlərə tamaşa edəndə bu qəribə
taleli insanın böyük sənətinə qibtə edirsən. Onun qəhrəmanları onu bu
xalqın sənət tarixində əbədiləşdirib. Hamletin əziz xatirəsi heç zaman
sənətsevərlərin yaddaşından silinməyəcək.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...