Azərbaycan bəstəkarı. SSRİ xalq artisti (1965),SSRI Dövlət Mükafatı
laureatı (1949),Azərb.SSR Dövlət mükafatı laureatı (1974), respublika
Lenin komsomolu mükafatı laureatı (1967) “Ürək çalarlar”(1944), “Gözün
aydın”(1946), “Sevil”(1953), “Azərbaycan suitası”(1950), “Azərbaycan
kapriççosu”(1961), “Azərbaycan qravurləri”(1977) ,“Ulduz”, “Gülərəm
gülsən”, “Azərbaycan elləri”, “Mən səni araram”, “Reyhan”, “Gülür
ellər” və s. romans və mahnıların müəllifidir. “Səhər”, “Böyük dayaq”,
“Mən ki gözəl deyildim” və s. kinofilmlərinə musiqi bəstələmişdir.
“Min bir gecə”(1979) baletini yazmışdır. Lenin ordeni, 2 Qırmızı Əmək
Bayrağı ordeni ilə təltif edilmişdir.
İlk musiqi təhsilini Gəncədə alan F.Əmirov Bakıya gələndən sonra, orta
ixtisas musiqi məktəbinin bəstəkarlıq sinifində oxuyub. Burada ona
dövrünün tanınmış bəstəkarları və istedadlı müəllimləri dərs deyiblər.
Konservatoriyadakı təhsil illərində isə musiqinin incəliklərinə
professor Zeydmanın rəhbərliyi ilə yiyələnir. Eyni zamanda ölməz Ü.Hacıbəyovun
yaradıcılığı ilə dərindən tanış olur. Özünün yazdığı kimi, onun
yaradıcılığına həm də məşhur bəstəkar Çaykovskinin böyük təsiri
olmuşdur. «Bu əsəri yazdığım, yaratdığım müddətdə mən öz üzərimdə iki
dahi bəstəkarın təsirini açıq-aydın hiss edirdim: Üzeyir bəy və
Çaykovski. Məhz Üzeyir Hacıbəyovun xalq musiqisindən qidalanan
mükəmməl operalarını, onun insani xüsusiyyətlərini, Çaykovskinin
yaradıcılığını dərindən dərk edərək mən öz operamda («Sevil»dən söhbət
gedir. O.A.) bu iki başlanğıcın qovuşmasına nail oldum».
F.Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı
bəstəkar kimi tanınmışdı; «Ürək çalanlar» (M.S.Ordubadi), və «Gözün
aydın» (M.Əlizadə) operettalarına musiqi bəstələmiş, fortepiano
əsərləri, variasiyalar yazmışdı.
Faşizm əleyhinə Dünya müharibəsinin iştrakçısı olmuş F.Əmirov
kontuziya aldığından ordudan vaxtından əvvəl tərxis edilir. 1948-ci
ildə Dövlət Konservatoriyasını bitirir. Bundan sonrakı həyatı,
yaradıcılığının böyük bir hissəsi musiqi mədəniyyətimizin inkişafına,
onun daha da şöhrətlənməsinə həsr olunur. «Sevil» operası və «Min bir
gecə» baleti F.Əmirov yaradıcılığında mühüm yer tutur. «Sevil» operası
(C.Cabbarlının eyni adlı pyesi əsasında) insan arzularının lirik
səpkidə, yığcam şəkildə, milli ruhda ifadəsinin ecazkar nümunəsidir.
Bu operanın 1963-cü ildə Niyazinin rəhbərliyi ilə Moskvada
P.İ.Çaykovski adına Konsert zalında Ümumittifaq Radiosu və
Televiziyasının simfonik orkestrinin xoru və solistləri tərəfindən rus
dilində ifa olunmasını, 1977-ci ildə Səmərqənddə tamaşaya qoyulmasına,
1970-də ekranlaşdırılmasını təsadüfi saymaq olmaz.
Peşəkarlıq onun yaradıcılığının bütün sahələri üçün eyni dərəcədə
səciyyəvidir. «Nizami» simli simfoniyası böyük şairin fəlsəfi
görüşlərini, dünyagörüşünü musiqi dili ilə vermək baxımından indi də
dəyərini saxlayır. Musiqinin təsiri, dinləyici əhvalında fəlsəfi-lirik
ovqat yaratmaq gücü bəstəkarın qarşıya qoyduğu məqsədə necə məharətlə
çatdığını göstərir.
Simfonik muğam janrı F.Əmirovun yaradıcılığında xüsusi yer tutur. Bu
janrdakı uğurları bir daha sübut edir ki, F.Əmirov muğamlarımızın
sonsuz imkanlarını yaxşı duyub və onlardan səmərəli istifadə edib.
Məhz muğamlara müraciətin, onlardan yaradıcılıqla istifadənin
nəticəsidir ki, «Şur» və «Kürd ovşarı» simfonik muğamları əvəzsiz
musiqi nümunələrinə çevrilib. Bəstəkar təxəyyülü, obrazlı musiqi
təfəkkürü adı çəkilən muğamlara ikinci həyat vermiş, onların bəşəri
sevgiyə layiq olduqlarını təsdiqləmişdir. Muğamların—təksəsli
musiqinin simfonik janrda işlənilməsində böyük bəstəkar həmişə bir
cəhəti diqqət mərkəzində saxlamışdır: muğam ruhunu qorumaq. Bəlkə
bunun nəticəsidir ki, F.Əmirovun «Şur», «Kürd ovşarı», «Gülüstan-Bayatı-Şiraz»
simfonik muğamları dinlənilən, başa düşülən, sevilən, insan əhvalına
təsir edən əsərlər olaraq qalır. Bu əsərləri dinləyərkən adam
muğamlarımızın keçdiyi acılı-şirinli tarixi yaşayır. Onun dünya musiqi
mədəniyyətində tutduğu mövqeyi qavrayır.
Xalq musiqisi ilə professional musiqinin vəhdəti F.Əmirov yaradıcılığı
üçün səciyyəvidir. Bu cəhətdən «Azərbaycan suitası», «Azərbaycan
kapriççosu», «Simfonik rəqslər», «Azərbaycan qravürləri» əsərləri daha
parlaq nümunələrdir. Əgər birinci əsər («Azərbaycan suitası») aşıq
musiqisi ruhunda köklənibsə, ikincinin («Azərbaycan kapriççiosu»)
mayasında birbaşa simfonik muğam əhvalı dayanıb. Bu əsərlərin hər
birinin ruhu, canı, qanı və ən nəhayət, adı bəstəkarın xalqa
bağlılığından, bu xalqın mədəniyyətini musiqi nümunələri əsasında
dünya arenasına çıxarmaq, onu tanıtmaq, sevdirmək istəyindən xəbər
verir. F.Əmirovu ölməzləşdirən amillərdən biri də elə budur, - desək,
səhv olmaz. F.Əmirov instrumental konsert janrına müraciət edən və bu janrda
dəyərli əsərlər yaradan ilk Azərbaycan bəstəkarlarındandır. Onun
fortepiano və skripka ilə orkest üçün və fortepiano ilə xalq çalğı
alətləri üçün konsertində (A.Babayevlə birlikdə) xalq mahnılarının,
zəngin xalq rəqslərinin imkanlarından yaradıcılıqla istifadə olunmuş,
lakin bu janr üçün səciyyəvi olan üslub, ritm, ahəngdarlıq qorunmuşdur.
Bəstəkarın «Gülərəm, gülsən», «Azərbaycan elləri», «Ulduz», «Mən səni
araram» kimi romans və mahnıları instrumental musiqi janrında
bəstələnmiş əsərlərdir. Bu əsərlər bəstəkarın xalq musiqisini,
Azərbaycan tarixini, folklorunu dərindən bildiyini, yaradıcılığında
onlardan məharətlə bəhrələndiyini göstərir.
F.Əmirovun simfonik muğamları dünyanın bir çox məşhur dirijorlarının
repertuarında yer tutmuş və əzəmətli konsert salonlarında ifa
olunmuşdur.
F.Əmirov təkcə bəstəkar kimi məşhurlaşmamışdır. O, musiqi tariximizin
görkəmli tədqiqatçısı, tələbələri tərəfindən indi də dərin ehtiramla
xatırlanan müəllim, ictimai-siyasi xadim olmuşdur. onun «Musiqi
düşüncələri» adlı əsəri bu cəhətdən dəyərli fikirlər toplusu,
musiqimizin, bütövlükdə mədəniyyətimizin inkişafı ilə bağlı
düşüncələrin toplandığı mənbədir. F.Əmirov tədqiqatlarında həmişə xalq
musiqimizdən müasir şəraitdə istifadə məsələsinə, mahnı janrının milli
ruhda daha da zənginləşdirilməsinin vacibliyinə geniş yer vermişdir.
Musiqi yaradıcılığında, bəstəkarlıq sahəsində, tədqiqat işində bu
qədər zəngin irs qoymuş F.Əmirov Azərbaycan dünyasını bir çox konsert
salonlarında təmsil edib.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...