Musiqimizin kamanı tarixində təkdi, tənhadı, təkrarsız, bənzərsizdi,
əvəzsizdi Habil. Habil kiçik yaşlarından Ağdaş musiqi məktəbində
kamança çalmağı öyrənməyə başlayıb. Elə həmin vaxtdan da meylini
kamançaya salıb. 1938-ci ildə məktəblərində bayrama həsr edilmiş
təntənəli gecə keçirilirdi. Habil ömründə ilk dəfə olaraq həmin gecədə
iştirak etdi və sənətdə ilk addımını atdı. Yeddinci sinfi və həm də
musiqi məktəbini bitirəndən sonra Habil pedaqoji məktəbə girdi.
Müharibə vaxtına düşdüyündən ailə şəraitinin çətinliyinə görə Habil
pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar N.B.Vəzirov adına Ağdaş
Dövlət Dram Teatrında işləyirdi, kamança çalırdı. 1947-ci ildə Habil
Ağdaşda pionərlər evində dərnək rəhbəri oldu. 1952-ci ildə Bakıya
gəlib A.Zeynallı adına Musiqi Məktəbinin kamança şöbəsinə daxil oldu.
Görkəmli tarzən Qurban Primovdan və məşhur müğənni Xan Şuşinskidən
muğam sənətinin sirlərini öyrənməyə başlayır. Habil 1953-cü ildə
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs
ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə
başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü
Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova,
Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan
Habil həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır,
saatlarla məşqdən yorulmurdu. 1961-ci ildə Habilin televiziyada ilk
konserti oldu. Habil dünyanın bir çox ölkələrində Almaniya, İran,
Fransa, Pakistan, İsveçrə, İngiltərə, Hindistan, Hollandiya, Mozambik,
Suriya, Yaponiya ve s. keçmiş SSRİ-nin respublikalarında qastrol
səfərlərində olmuşdur. Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz","Rahab",
"Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni həyat-kamança
həyatı vermişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...