Lütfiyar İmanovun adı ölkəmizin, eləcə də xarici
ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir
müğənni kimi musiqisevərlərin geniş dairələrində yaxşı tanınmışdır.
Lütfiyar İmanovun yaradıcılığı çoxcəhətlidir: o həm xalq mahnılarının
ifaçısı, həm çox çətin, rəngarəng repertuarlı kamera müğənnisidir,
Lakin Lütfiyar İmanov hər şeydən əvvəl opera müğənnisidir, bənzərsiz
aktyor, milli və dünya klassik operasının dərin təfsirçisidir.
Lütfiyar İmanov 1928-ci ildə Azərbaycanın yaşıl guşələrindən olan
Sabirabadda anadan olmuşdur. O, uşaq yaşlarından incəsənətə meyl
göstərir, dram teatrında aktyor işləyirdi.
Rəssamlıq sənətinə xüsusi meyl göstərmişdir, hələ 2-ci sinifdə
oxuyarkən Pioner qəzetində elan olunan rəsm müsabiqəsində çəkdiyi gül
buketi ilə iştirak edərək 2-ci yeri tutmuşdur. Sinif, məktəb qəzetinin
redaktoru olmuşdur.O vaxtlar qəzet başlıqlarının solunda Leninin,
sağında isə Stalinin şəkilləri olardı. Lütfiyar İmanov həmin şəkilləri
bir neçə dəqiqəyə əllə çəkərdi. Bir vaxtlar atasından sonra ailələrini
dolandırmaq üçün Araz və Vətən kinoteatrında işləyib onların
afişalarını hazırlayırdı. Hələ 12 yaşı olanda Bülbülün Səni gördüm
aşiq oldum plastinkasına qulaq asandan sonra özünə qarğıdan at,
taxtadan saz düzəldib, başına motal papaq qoyub o mahnını həvəslə
oxuyardı. 1941-ci ilin mayında 13 yaşı olanda Sabirabaddan Əli
Bayramlıya öküz arabasında, oradan da Bakıya at arabasında gəlib
Bülbülün ifasında Koroğluya baxıb qayıtmışdır. Koroğlunun 7777 dəlisi
olub, hərdən Lütfiyar müəllim özünə deyir ki, o dəlilərdən biri də
mənəm.
1957-ci ildə A.Zeynallı adına musiqi məktəbində pedaqoq
A.Milavanovun sinfində təhsilini bitirən İmanov Dövlət Estrada
orkestrində, sonralar musiqili komediya teatrında işləməyə başlayır.
1958-ci ildə gənc artist SSRİ xalq artisti, bəstəkar Niyazinin
diqqətini cəlb edir. Gənc müğənnini dinləyən Niyazi onu opera
teatrında Koroğlu rolunda çıxış etməyə dəvət edir. 1959-cu
ildə Bülbül Lütfiyar İmanovun ifasını dinlədikdən sonra Molodej
Azerbaydjana qəzetinə onun gələcəyi haqqında yüksək fikirdə olduğunu
söyləyib və səsində qəhrəmanlıq simvolu olduğunu vurğulamışdır.
İndi musiqini sevən, lakin Lütfiyar İmanovu tanımayan adama çətin
rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla 1959-cu ildə
Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə, SSRİ böyük
teatrının səhnəsində əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən
tanış olmuşlar.
F.Əmirovun Sevil operasında Balaş, C.Cahangirovun Azad operasında
Ayaz, R.Mustafayevin eyni adlı operasında Vaqif, M.Maqomayevin Nərgiz
operasında Əlyar, V.Adıgözəlovun Ölülər operasında İsgəndər,
S.Ələsgərovun Bahadır və Sona operasında Bahadır müğənninin parlaq
şəkildə yaratdığı opera partiyalarıdır.
Lütfiyar İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş,
J.Bizenin Karmen operasında Xoze, P.Çaykovskinin Qaratoxmaq qadın
operasında German, C.Verdinin Aidada Radames, Otello operasında
Otello, Ofenbaxın Hofmanın nağılları operasında Hofman, Ş.Qunonun
eyniadlı opearsında Faust, Toska operasında Kavaradossi obrazları
müğənninin yüksək vokal və səhnə mədəniyyətinin qeyd edən mətbuat
tərəfindən yüksək qiymətləndirilmişdir.
O, dinləyicilərə yüksək niyyətlər, nəcib hərəkətlər və insan
qəlbinin gözəlliyini çadıra bilir. Lütfiyar İmanovun sənəti müxtəlif
millətlərdən olan adamlar üçün yaxın və anlaşıqlı olur, onları daxilən
zənginləşdirir, daha da saflaşdırır. Onun oifası dərindən
həyəcanlandırır və əsil zövq gətirir. Bütün bunların səbəbi müğənninin
nadir ilhamı, onun böyük aktyor cazibədarlığı, təsirli obraz yaratmaq
bacarığıdır.
Lütfiyar İmanovun yaradıcılıq siması üçün əla vokal keyfiyyətlər
ilə möhkəm professional hazırlıq, musiqili-dramaturji obraza dərindən
nüfuz etmək, vokal və aktyor sənətinin harmonik ahəngi xarakterikdir.
Aktyor öz sənətini səxavətlə tamaşaçılara bəxş edir, öz ürək
duyğularının dərinliyini açır. Hər bir əsər-yeni kəşfdir və
dinləyicilər onu hərarətlə qiymətləndirir, onun istedad və ağlına,
şəxsiyyətinə yüksək qiymət verirlər. Məhsuldar səhnə fəaliyyəti və
daimi zəhmət Lütfiyar İmanovun sənətini cilalandırmış, onu bu
günümüzün ən yaxşı sənətkarları sırasında ilk yerlərdən birinə
çıxarmışdır. Lütfiyar İmanov 1978-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür.
Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan
başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib
hər iki dildə Hindistanda ifa etmişdir. Lütfiyar İmanov Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya,
Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya,
Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan,
Yunanınstan, Rumıniya və b. ölkələrdə konsertlər vermişdir..
Opera sahəsində
rolları:
Koroğlu (Koroğlu, Ü.Hacıbəyov)
Balaş (Sevil, F.Əmirov)
Ayaz (Azad, C.Cahangirov)
Vaqif (Vaqif, R.Mustafayev)
Əlyar (Nərgiz, M.Maqomayev)
Bahadır (Bahadır və Sona, S.Ələsgərov)
Xoze (Karmen, J.Bize) Otello (Otello, C.Verdi) German (Qaratoxmaq qadın,
P.Çaykovski) Faust (Faust,
Ş.Quno)
Lütfiyar İmanovun ifa etdiyi
obrazlar. Şəkillərin
müəllifi Lütfiyar İmanovdur.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...