Yaşı 90-ı haqlasa da, gənclik hərarəti var idi Mirzə müəllimin
qəlbində. Oxuyurdu, rəqs edirdi, sifətindəki təbəssüm tamaşaçını
ovsunlayırdı. Mirzə Babayev 2003- ci il yanvarın 13-də, ömrünün 90-cı
ilində dünyasını dəyişdi. 1913-cü ildə də dünyaya gəlmişdi. Bu
istedadlı sənətkarın ömür kitabını vərəqlədikcə Azərbaycanımızın
musiqi tarixinin böyük bir dövrü gözlərimiz qarşısında canlanır. Bu
tarixin Mirzə Babayevlə bağlı səhifələri daha maraqlı, daha zəngindir.
Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv bir dövrü əhatə
edir.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə
daxil olur. Müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm
də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən
artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə,
televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin,
onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə
çevrilirsən. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin
elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan
estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən
asılı olmayaraq, M. Babayev milli musiqimizin təbliğatçısı idi. Onu
yaxşı tanıyır və sevirdilər.
Tamaşaçılarla hər görüşü böyük bir bayram olardı. Müğənninin
oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. “Mirzə
müəllimin mahnıları” ifadəsi xalq dilində artıq məxsusi deyimə
çevrilmişdi. Mirzə müəllim aktyor-müğənni idi. O, ifa etdiyi mahnının
bütöv obrazını yaradırdı. Mahnıları oynaq və şirin idi. Tamaşaçı bu
nəğmələri dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi. “Liman”,
“Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada” mahnılarını onun ifasında
dinləmisinizsə, yəqin ki, ruhunuz, qəlbiniz təmizlənib, nəğməli bir
dünya yaşamısınız. Doğrusu, bu gün adam Mirzə müəllimin yoxluğuna
inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsertdə səhnəyə
çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu
nəğmələrin yazıldığı lentlər, kassetlər saxlanılır və onlar kifayət
qədərdir.
M. Babayev Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə
qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal
üslubunu yaradıb. Oxuduğu mahnıların hər birində nikbin, həyatsevər
bir ovqat yaradıb. Yaşının ahıl dövründə belə qəlbində gənclik
hərarəti var idi. Tofiq Quliyev, Emin Sabitoğlu kimi bəstəkarların
mahnıları onun ifasında ədəbilik qazanmışdı. Mirzə müəllim Azərbaycan
musiqi tarixində nadir ifaçılardandır ki, mahnıları uzun illər
repertuarında yaşamışdır.
Mirzə müəllim həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda
onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların
epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə
Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu
bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki,
mən 100-dən artıq filmdə çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi
mahnıların sayı, bəlkə də, iki o qədərdir.
“Dərviş Parisi partladır”da Məstəli şahı oynayır. Kamil
Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta
bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli
gedə bilib. Ümumiyyətlə, Mirzə Babayevin kino qəhrəmanları, əsasən,
kübar insanlardır. “26-lar”, “Sevil”, “Yenilməz batalyon” və onlarca
digər filmlərdə aktyor yaddaqalan, gözəl obrazlara ekran həyatı
vermişdir. Mirzə Babayevin artistizminə nikbin bir ruh hakim idi. O
çox vaxt, hətta yaşlı dövründə də gənclərlə səhnəyə çıxmağı xoşlayır,
şux zarafatları ilə zaldakı tamaşaçıları ələ ala bilirdi. Elə bil
kinodakı rollarına da hopmuşdu bu əhval-ruhiyyə. Onunla işləyən
rejissorlar deyirdilər ki, Mirzə müəllimlə işləyəndə heç yorulmaq
bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı
məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni
bir ruh gətirirdi. Bir sözlə, o yaratdığı obrazın əsl memarına
çevrilirdi. Hərdən isə obrazlarına şirin, məlahətli mahnıları ilə özgə
bir ovqat verirdi. Bizim kinoda Mirzə müəllim qədər mahnı ifa edən
ikinci bir müğənni, demək olar ki, yoxdur. “Onu bağışlamaq olarmı?”
filmində Tərlanın mahnılarını xatırlayın. “O olmasın, bu olsun”
filmində Məşədi İbadın bütün mahnılarını o ifa etmişdir. Mirzə
Babayevin müğənni kimi ifaçılığı ilə aktyorluğu ahəngdarlıq təşkil
edirdi. “Dəli Kür” filmində Molla Sadığın qurduğu kef məclisini
xatırlayın.
Hamının tanıdığı və sevdiyi Mirzə müəllim haqqında danışmaq o qədər də
asan deyil. Ona görə ki, Mirzə müəllim hər gün, hər an tamaşaçıların
arasında idi. Onların alqışları altında mahnıları ifa edərdi. Mirzə
müəllim milli musiqimizi xarici ölkələrdə çox məharətlə təmsil edirdi.
Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə
Azərbaycanımızın musiqi sənətinin təbliğatçısı kimi çıxış etmişdir.
Mirzə Babayevin yaradıcılığından cild-cild kitablar yazmaq olar.
Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin zəngin bir
dövründən keçir. Bu gözəl sənətkar haqqında, yəqin ki, çox dəyərli
filmlər çəkiləcək, geniş həcmli monoqrafiyalar yazılacaq. Onun
mahnıları, filmləri uzun illər bu xalqın mənəvi yaddaşında ən həzin
duyğular kimi yaşayacaq.
Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz
arasında milli musiqimizin əvəzsiz xadimlərindən biri, “Şöhrət”
ordenli Mirzə Əbdülcabbar oğlu Babayevin yaratdığı qənirsiz mahnılar,
nəğmələr öz gözəlliyini itirməyəcək. Çünki bu mahnılar bu xalq üçün
yaranmışdı və xalq da onların ifaçısını sonsuz məhəbbətlə sevirdi.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...