Azərbaycan dirijoru, bəstəkar və ictimai xadim. SSRİ xalq artisti
(1959). Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq
baxışının laureatı (1946). SSRİ Dövlət Mükafatı laureatı (1951-52). Ü.Hacıbəyov
adına Azərb.SSR Dövlət Mükafatı laureatı (1967). Azərbaycan Lenin
Komsomolu Mukafatı laureatı (1972). Beynəlxalq "Nehru" mükafatı
laureatı (1972). Azərbaycan musiqisində ilk simfonik əsərlərin
müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında
əhəmmiyətli rol oynamışdır. O, "Rast" (1949) simfonik muğamı, Zaqatala
suitası (1934), Ləzgihəngi (1934), Konsert valsı (1954) və s. simfonik
əsərlərinin, kinofilmlərdə Almas, Kəndlilər, Fətəli Xan, Mahnı belə
yaranır və s. musiqinin müəllifidir. Niyazi "Aşıq Qərib" (Z. Hacıbəyov),
"Arşın mal alan" (Ü. Hacıbəyov) və s. əsərlərin yeni redaksiyasını
hazırlamışdır. Azərbaycan xalq mahnılarının (Kəklik, Qaragilə, Xumar
oldun, Ay bəri bax, Küçələrə su səpmişəm və s.) simfonik orkestr üçün
işləmişdir. 1935-də "Rast" və "Şur" muğamlarını nota salmışdır. Xarici
ölkələrdə Çexoslovakiya, Bolqariya, Almaniya, Macarıstan, Fransa,
Türkiyə, İran və s. qastrolda olmuşdur. 2 Lenin, Oktyabr İnqilabı,
Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın "Kiril
və Mefodi" ordeni, Macarıstanın "B. Bartok" medalı ilə təltif
edilmişdir. Niyazi hamımızı ovsunlayırdı, - öz azman
musiqi duyumu və hamını duyğulandıra biləcək yaradıcılıq iradəsi ilə.
Və bəlkə də, bu qarşısıalınmaz ovsunun içimizdə şüuraltı doğurduğu
qısqanclıqdanmı, yaxud sehirli nağılları dinlədikdən sonra istər-istəməz
keçirdiyimiz, lakin heç cür boynumuza ala bilmədiyimiz xofdanmı, - hər
halda nədənsə öz yaşantılarımız bizləri ona yaxınlaşmaqdan
çəkindirərdi. Niyazi gül-çiçəkli təbrikləri sevmirdi, gurultulu
alqışlardan üzündə bircə əzələ titrəməzdi. Əsərin məşqlərində də, ifa
zamanı və ifanı bitirdikdə də sanki hər şeyə yad, özgə bir aləmdə idi.
Əslinə qalsa, onun məşqləri heç də gərgin keçmirdi, çünki lap qısa
zaman kəsimində belə can atdığı məqsədə yetişəcəyinə arxayınlığı var
idi. Bu arxayınlığı ilə də orkestri ovsunlayırdı.
Niyazi 1930-cu illərin sonundan başlayaraq, 40-cı - 50-ci illərdə və,
hətta, 60-cı illərin I yarısında, - Azərbaycanda gənc dirijor nəsli
yarananadək bəstəkarlarımızın yaratdığı simfonik və səhnə (opera və
balet) əsərlərinin baş təfsirçisi olub. Hətta bir sıra əsərlərə dönə-dönə
qayıdaraq onları bir neçə təfsirdə lentə yazdırmışdı: Bakıda və
Moskvada, ayrı-ayrı kollektivlərlə.
Arif Məlikovun inadcıllığı sayəsində «Məhəbbət əfsanəsi»nin ilk
tamaşalarının aparıcısı kimi parlaq çıxışları sonucunda Niyazi
SSRİ-nin 2-ci opera və balet teatrının baş dirijorluğuna layiq
görülmüş və, haradasa, ilyarımlıq zaman kəsimində təkcə adı çəkilən
əsərə yox, çox-çox ən sayımlı tamaşalara, o cümlədən S.Prokofyevin
səhnə əsərlərinə dirijorluq etmiş, hətta Leninqrad Kirov adına
Akademik Opera və Balet Teatrının (uzaq keçmişdə və hazırda Mariinski
teatrı) xarici ölkələrdə qastrollarına başçılıq etmişdi.
«Arşın mar alan» filminin 1945-ci ildə çəkilən ilk variantında Böyük
Üzeyirin musiqisini Niyazi orkestrləşdirmişdi. Filmin sonrakı, «çağdaşlaşdırılan»
variantında orkestrləşmə işi F.Əmirova tapşırılmışdı və bəstəkar bir
sıra özündən artırmalara yol vermişdi. Əlbəttə, belə gediş Niyazini
razı sala bilməzdi və daha sonrakı illərdə o partituraya dönə-dönə
qayıdaraq, nəhayət 1973-cü ildə «Arşın mal alan»ı öz yeni
redaksiyasında misilsiz Rəşid Behbudovla qrammafon valına yazdırdı. Ən
nəhayət isə, o zaman gənc bəstəkar İsmayıl Hacıbəyovla dərdləşərkən
boynuna almışdı ki, bir çox parçaları yenidən nəzərdən keçirərkən
özünün ilk variantına deyil, Böyük Üzeyirinkinə üstünlük verib. Bax
belə azman şəxsiyyət idi Niyazi!
Niyazi 1970-ci illərin sonu və 80-cı illərin başlanğıcında
Qarabağda, - Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda
keçirilən simfonik konsert silsilələrinin və festivalların baş
ilhamverəni və təşkilatçısı olub. Onun Bakıda, filarmoniyada, hər ayın
sonu vəzifəliləri maarifləndirən konsertləri də indiyədək yaddaşlardan
silinməyib. Hətta bir sıra gənc muğam ustalarımız məhz onun xeyir-duası
ilə böyük estradaya yol tapmışdı. Bütün bunlarla yanaşı demək lazımdır
ki, 1970-ci illərin ortalarına yaxın Niyazi Azərbaycan bəstəkar
musiqisinin nəbzini tuta bilmirdi, yaxud da istəmirdi. Sınıxmışdı.
Yorulmuşdu. İncimişdi. Hətta özünün arzusu ilə İsmayıl Hacıbəyovun
yaratdığı fortepiano ilə orkestr üçün «Cəngi» əsərinin ilk ifasını
gözlənilmədən R.Abdullayevə, qrammafon yazısını R.Məlikaslanova,
Moskvadakı ilk ifanı isə V.Feroseyevə «güzəştə» getmişdi.
Çox-çox bəstəkar və solo ifaçıların, - pianoçu, skripkaçı,
violonçelçalan və vokalçıların söylədiyinə görə, onunla məşq etmək və
konsert vermək əsil yaradıcılıq yarışını xatırladırdı. Yaşadığı dövrdə
bütün mümkün dərəcələrə çatmasına baxmayaraq, Niyazi kimi qeyri-adi
dahi Böyük Üzeyir və Qara Qarayev kimi çox-çox böyük, işıqlı
arzularını həyata keçirə bilməyib, dünyadan nakam getdi. Niyazi kimi
dahiyə hətta Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında
öz sənətini kiməsə, az da olsa, öyrətmək imkanı verilmədi.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...