60-70-ci illərdə dörd nəfərdən ibarət bir qrupun səsi ittifaqın hər
yerinə yayılmışdı. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev
Yelisovetski və onları birləşdirən "Qaya". Dörd gənc kvartet
yaratmaqla tarixə düşürlər.
Bir-birilərini hələ Asəf Zeynallıdan tanıyırdılar. O vaxtlar Bakıda "çoxsəsli
oxuyan qruplar" yox idi. Onlara isə birağızdan xorla oxumaq xoş
gəlirdi. Bir dəfə Teymur təklif edir ki, gəlin sınayaq, bəlkə, nəsə
alındı. Və başlayırlar müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış
etməyə. 60-cı illərdə caz Bakıda çox dəbdə idi. Onlar da cazpərəst
idilər, cazı çox sevirdilər və əsasən də, caz oxuyurdular. Təbii ki,
ingiliscə yox, icazə vermirdilər. O vaxtlar informasiya məhdudiyyəti
var idi. Plastinkalar tapılmırdı. Mahnılara ancaq radio vasitəsi ilə
qulaq asa bilirdilər. Hər axşam saat 11-də Amerikadan caz proqramı
verilirdi. Harda olmalarından asılı olmayaraq, həmin saatda radionun
qabağına yığışardılar.
Tale elə gətirdi ki, konservatoriyada da bir yerdə oxumalı oldular.
Rauf simfonik orkestrdə zərb alətlərinin ifaçısı, Arif və Teymur xor
dirijoru, Lyova isə nəzəriyyəçi idi. Tez-tez konservatoriyada da çıxış
edirdilər. Məşq etməyə yerləri yox idi. Harada olsa, bir yerə
yığılardılar. Əksər vaxtlar axşamlar Rus Dram Teatrının qarşısında
görüşüb bulvara gedərdilər.
Böyük səhnəyə 1961-ci ildə gəldilər. Bir gün Rauf Hacıyev onları
Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət edir. O vaxtlar
orkestrdə Elmira Rəhimova, Oqtay Ağayev, Nella Andreyeva, Sona
Həsənova solist idilər. Orkestrdə oxuduqları birinci mahnı Rauf
Hacıyevin "Bakı", Əziz Əzizovun "Tez gəl, yar", rus mahnılarından "Trevojnaya
molodost" idi. Burada onları "Bakı" vokal kvarteti adlandırırdılar. O
vaxtlar orkestr çox məşhur idi. Bu orkestrlə onlar keçmiş SSRİ-nin
bütün şəhərlərində qastrollarda olurlar. Elə ilk xarici ölkəyə -
Əlcəzairə səfəri də bu orkestrlə edirlər.
Rauf Hacıyev orkestrdə yeni şou-proqram hazırlayır. Proqramın musiqi
rəhbəri Leninqraddan dəvət edilən Kalvarski, ssenari yazarları isə
Livitski və Arkanov idilər. Proqram o dərəcədə uğurla qarşılanır ki,
tək Leninqradın özündə bu proqramla iki ay konsert verməli olurlar...
Orkestrin tərkibində futbol komandası yaratmışdılar. Hansı şəhərə
gedirdilərsə, səhərlər məşqdən sonra yataqxananın yaxınlığındakı
stadionda futbol oynayırdılar. Bir qayda olaraq, hər dəfə də Oqtay
Ağayevlə Lev Şimelyov qapıçı olurdular. Hərdən getdikləri şəhərin
futbol komandaları ilə də oynayırdılar. Orkestrlə birgə gəzdikləri
ölkələrdə, adətən, gəlişlərinə qədər onları yaxşı tanıyırdılar. Rauf
Babayevin fikrincə, onları Bakıdan daha çox Moskvada, Leninqradda
tanıyırdılar. 62-ci ildə Leninqradda qastrolda olarkən, onları yerli
televiziya proqramına dəvət edirlər. "Serenada", "Solnoçnaya dalina",
"Çuçu" kimi amerikan və daha bir neçə yerli mahnılar lentə yazılır və
konsert şəklində yayımlanır. Sonra bilirlər ki, Leninqrad televiziyası,
sən demə, Finlandiyada da nümayiş etdirilirmiş. Bu konsertə
Finlandiyada da baxanlar çox olub və konsertdən sonra orada onların
kuklalarını hazırlayıblar.
Orkestrdə 1963-cü ilə qədər işləyirlər. Artıq orkestrin tərkibində
işləmək onları qane etmirdi. Sərbəst fəaliyyət göstərmək istəyirdilər.
Amma bu, təsəvvür etdikləri qədər də asan olmadı.
Bir gün Dağıstan Bəstəkarlar İttifaqının sədri Murad Kojlayev onları
Dağıstana dəvət edir. Dəvət qəbul olunur və onlar bir neçə gündən
sonra səfərə çıxırlar. Burada "Qunip" adlı ansambl yaradırlar. "Qunip"
Şeyx Şamilin doğulduğu kəndin adı idi. "Qunip" Dağıstanın ilk estrada
qrupu idi. Onların üç gün vaxtı var idi. Bu üç gün ərzində onlar
proqram hazırlayırlar. Çox gözləmək lazım gəlmir. Cəmisi bir neçə
konsertdən sonra populyarlaşırlar. Amma burada da işlərini axıra
çatdıra bilmirlər. Günlərin birində Moskvadan ünvanlanmış məktub
əsasında onları geriyə - Bakıya çağırırlar.
Müslüm Maqomayev Uzaq Şərqə 4 aylıq qastrola hazırlaşırdı.
Gözləmədikləri halda bu səfər onlara da təklif edilir. 120 konsertlə
Uzaq Şərqin bütün mərkəzi şəhərlərində çıxış edirlər. Müxtəlif
orkestrlərin nəzdində qastrollar, konsertlər bir-birini əvəz edir.
1966-cı ildə Moskvada vokalçılar və qruplar arasında keçirilən
ümumittifaq müsabiqə isə onların yaradıcılığında xüsusi rol oynayır.
Adətən, bu müsabiqəyə dəvətnamə bir il qabaqcadan göndərilirdi. Onlar
isə dəvətnaməni alanda müsabiqənin başlanmasına cəmisi on beş gün
qalırdı. On beş günə nə etmək olardı ki...
10 mahnı hazırlayırlar.
Müsabiqə çox gərgin keçir. Alla Puqaçova, İosif Kabzon və başqaları da
iştirakçılar arasında idi. Qruplardan isə Gürcüstandan "Trio",
Pribaltikadan "Layme", Moskvadan "Sovetskaya pesnya" və başqaları
birinci yer üçün mübarizə aparmalı idilər. Azərbaycanın təmsilçisi isə
onlar idi.
Bütün qruplar eyni kostyumda çıxış etməli idilər. Onlarsa kostyum
tikdirməyə vaxt tapmamışdılar. Oleq Lyustrem onların köməyinə çatır.
Orkestrindəki çalğıçıların kostyumlarını onlara verir.
Birinci turun sonunda eşidirlər ki, "Neftçi" Moskvaya oyuna gəlib.
Rauf Hacıyev deyir ki, əgər "Neftçi" udsa, biz də udacağıq. Vaxt tapıb
özləri də oyuna gedirlər. Və görünməmiş iş - "Neftçi" udur.
Müsabiqənin üçüncü turu da artıq başa çatmaq üzrə idi. Onlar hələ ki,
birinci yerdə gedirdilər. Bu barədə Bakıya da məlumat çatmışdı. Və
Bakı qəzetləri onların bu uğuru haqda xəbərlər dərc edirdilər. Bakıya
qayıtdıqdan sonra məlum olur ki, qəzetlərdə onların adı Mirzə Babayev,
Rauf Hacıyev kimi yazılıb. Bu gəncləri Bakıda hələ çox az adam
tanıyırdı. Ona görə də düşünürdülər ki, Moskvada qalib gələ biləcək
adamlar varsa, bu, ancaq Mirzə Babayev, Rauf Hacıyev ola bilər. Bu da
həmin an. L.Utyosov, Tofiq Quliyev, Laqidze, L.Lyadova, İ.Milyutiv
kimi görkəmli musiqiçilərdən ibarət münsiflər heyəti qərarı elan edir.
Qalib onlardır.
Heç kim inanmır ki, onlar cəmisi 10 günə hazırlaşıblar. Müsabiqədən
sonra Moskva onları buraxmaq istəmir. Saysız-hesabsız qastrol
səfərlərinin siyahısı tutulur.
1967-ci ildə oğlanlar filarmoniyanın nəzdində öz ansambllarını
yaradırlar. Ansambla ad qoymaq məqamı gələndə - kimin təklif etdiyi
yadlarında deyil - "Qaya" üzərində dayanırlar. Niyə məhz "Qaya"? Külək
dəniz sahilindəki qayalara çırpılanda əks-səda verir. Elə bir əks-səda
ki, onun cazibəsindən çıxmaq çox çətin olur.
Bu ad tezliklə bütün SSRİ-də məşhurlaşır.
1972-ci ildə "Qaya" öz şou-proqramını hazırlamaq qərarına gəlir.
Proqramın ssenarisini yazmaq üçün Moskvanın məşhur teatr rejissoru
Mark Razovski və Yuli Qusman Bakıya dəvət edilir. Kostyumlar məşhur
modelyer Vyaçeslav Zaytsevə həvalə edilir. Səhnə tərtibatına isə söz
ola bilməzdi. "Qaya" öz tərkibinə iki qadın - Qala Barinova ilə
Tamilla Ağəliyevanı da daxil edir.
"Oqni bolşovo qoroda" adlanan şou-proqramın premyerası indiki "Respublika"
sarayında olur. İki saata qədər davam edən konsert dünyada məşhur olan
ilk rok-opera - "İssus super sta" ilə yekunlaşırdı.
Bu proqramla Rusiyanın Kremllə üzbəüz konsert zalında 7 gün konsert
verdilər. Şou-proqramda konferansye yox idi. Proqramın aparıcıları da
özləri idi. Rumıniyada rumın dilində, Almaniyada alman, Macarıstanda
macar, Çexoslovakiyada isə çex dilində danışırdılar.
Tam sərbəst şəkildə, solo konsertlərə isə 72-ci ildən sonra getməyə
başladılar. Onlara orijinal janrlar - fokusçular, janqlyorlar,
rəqqaslar da qoşulurdu.
Bu illər ərzində 40 ölkəni gəzirlər. Afrikanın, demək olar ki, bütün
ölkələrində çıxış edirlər. Rauf Babayev deyir ki, indiki CAR-da SSRİ-dən
ilk dəfə olaraq, onlar çıxış etmişdilər.
Maraqlı səfərlərindən biri Amerikaya olub.
Xyustondakı caz kollecində konsert verməli idilər. Çıxışa repertuarda
olan mahnılardan başladılar. Salonun reaksiyasını heç cür başa düşə
bilmirdilər. Onlara çox sakit və təmkinlə qulaq asırdılar. Belə
şəraitdə oxumaq da çətin idi. Bir neçə mahnıdan sonra caza keçdilər.
Mahnının ortasında tamaşaçılar ayağa durmağa başladılar. Oğlanlar
ümidsizcəsinə bir-birilərinə baxırlar. Fikirləşirlər ki, tamaşaçılar
onları bəyənməyib, çıxıb gedirlər. Amma birdən gurultulu alqışlar
onları diksindirir. Tamaşaçılar onları alqışlayır və səhnəni tərk
etməyə hazırlaşan oğlanları geri çağırırlar. Onlar sonuncu mahnını bir
neçə dəfə oxumalı olurlar.
Oxşar hal Macarıstanda da olmuşdu. Bütün ölkələrdə çıxış etmək onlara
zövq verirdi. Xüsusən də, Kubada. Kubalılar kimi oynaq xalq, bəlkə də
bütün dünyada yoxdur. Zal ağzınacan dolu olardı. Konsert zamanı bütün
zal rəqs edirdi. Hətta pərdə arxasında xadimə qadın da işi rəqs edə-edə
görürdü.
Təəssüf, təəssüf ki, bu illər çox geridə qalıb. İndi o günləri,
həyatlarının ən xoş anlarını ancaq yada salmaq qalır.
80-ci illərdə "Qaya"nın tərkibi tez-tez dəyişir. 1985-ci ildə isə "Qaya"nın
nəzdində Caz və kamera orkestri yaradılır və "Qaya" estrada simfonik
dövlət ansamblı adlanır. Çox keçmir, ansamblın nəzdində "Talisman"
adlı rok-qrup da formalaşır. Ansamblda müxtəlif vaxtlarda Abbas Əhməd,
Eldar Rzaquluzadə, Rüfət Babayev, Əzizə Mustafazadə, Fuad Biqbayev,
Aygün Kazımova və başqaları fəaliyyət göstərirlər.
Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Oqtay
Zülfüqarov, Fərəc Qarayev, Əziz Əzizov, Tofiq Babayev kimi
bəstəkarlarla çalışan "Qaya" fəaliyyətinə 88-ci ildə nöqtə qoyur.
Əfsanəvi "Qaya" minləri, milyonları öz əks-sədasının cazibəsinə saldı.
Bütöv bir dövrün tarixini, mədəniyyətini əks etdirən bir cazibənin...
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...