Köç
etsə də dünyadan...
Qulunun səsində qəribə bir cazibə, təkrarsız həzinlik vardı. Qulu
nəğmələrinin sehrinə düşən heç vaxt ondan ayrılmaq istəmirdi. Məşhur
tarzən Şirinin, adlı-sanlı balabançı Həsənin həmyerlisinə ilahi nadir
istedad çələngi bağışlamışdı: onun ahənrüba kimi cəzbedici, məlahətli,
yanıqlı səsi vardı: tarı çox məharətlə çalardı, hətta bəzən mahnı da
bəstələyərdi. Bu üç xüsusiyyətin üçü də bir vəhdətə dönmüşdü Qulunun
varlığında.
Qulu haqqında xatirələr: Müharibədən sonrakı çox çətin, keşməkeşli, ehtiyaclı illərdə onlar da
Kür qırağına seyrə çıxar, oynayar, söhbət edərdilər.
Bir dəfə Kürqaraqaşlıda toy vardı. Həmin toyda nə gördüm: tarı bağrına basmış Qulu həzin-həzin
oxuyurdu: "Baxın səhərlərin yaqut rənginə, bənzəyir şairin söz
ahənginə…" O gündən vuruldum Qulunun ecazkar səsinə, məftun oldum,
sərraflaşıb girmək istədim musiqi xəzinəsinə.
İnstitutun birinci kursunda təhsil alanda bir otaqda 20 nəfər
qalırdıq. Divara bərkidilmiş radio vasitəsilə arada gah konsertə, gah
da son xəbərlərə qulaq asırdıq. Bir gün otaq yaldaşlarımdan biri
tələsik gəlib dedi:
- Niyə radionu açmamısan? Eloğlunuz Qulu Əsgərov oxuyur.
Tez radionu işə saldıq. Efirdən bir vaxt ilk dəfə Kürqaraqaşlıda
eşitdiyim sehrli səs yayıldı. Qulu həzin-həzin oxuyurdu: "Ay bizim
ellər, ay bizim ellər…" Fərəhimin, qürurumun həddi-hüdudu yox idi:
artıq Qulumuzu bütün Azərbaycan dinləyirdi.
Çoxdankı əhvalatdır, gənc müəllif kimi respublika yazıçılarının
növbəti qurultayına çağırılmışdım. Tanınmış şairlərimizdən biri mahnı
mətnlərinin əsasən zəifliyindən şikayətlənib deyirdi ki, "Sevgi sevən
mərd olar…" Bu sözlər müğənni Qulu Əsgərovun oxuduğu mahnıdandır. Ay
yoldaşlar, sevgini də sevərlərmi?" Bir gün Nizami küçəsində
rastlaşanda bu haqda Quluya danışdım. O, inandırıcılıqla bildirdi: -
Şair düzgün məlumat verməyib. Həmin mahnının nəqəratı belə başlanır: "Sev
ki, sevən mərd olar…" Beləliklə, ölməz müğənni-bəstəkar həm də şair
təbiətli idi.
Qulu Əsgərov tələbkar, xeyirxah insan, müəllim idi. Ustad öz
şagirdləri ilə səfərlərə yollanmağı xoşlayardı. Özü ilə birlikdə
toylara apardığı, səhnələrə çıxardığı cavanlar get-gedə məşhurlaşar,
fəxri adlara layiq görülər, ekrandan, efirdən tez-tez səslənərdilər.
Qulu onların uğurlarına qəlbdən sevinər, qürur duyardı. Onun
səxavətini, qayğısını Mələkxanım, Niyaməddin, Zaur kimi bülbüllərimiz
əsla yaddan çıxarmırlar.
Ömrünün sonunadək qismətində yalnız bircə titul varmış: "Festival
laureatı". Bürokratlar ona daha yüksək dərəcələr bəxş etməkdə xəsis
idilər. Amma məclislərinə, toylarına gəlişini həvəslə, intizarla
gözləyirdilər. Qulu isə onlardan heç vədə ad, mükafat ummazdı. Heç
ünvanına "Festival laureatı" deyilməsini də arzulamazdı. Yadımdadır:
Salyanın Xalac kəndində Aşıq Pənah adına mədəniyyət sarayının açılışı
günü rəsmi hissədən sonra "Kür" pavilyonunda ziyafət verildi.
Qonaqlığın qızğın çağında dedilər ki, hökumətin məsul işçilərindən
biri Neftçalaya gedərkən (onda ilin təzələnməsinə 2-3 gün qalırdı…)
bir az ləngiyib məclisə təşrif gətirir. Nüfuzlu şəxsin bu sözləri
həmişə yadımdadır: "Qulunu tarsız, tarı Qulusuz təsəvvür etmək olmaz".
Hökumət nümayəndəsi Quluya fəxri ad verəcəyini, haqqında film
çəkdirəcəyini, telegüzgüyə müntəzəm surətdə çıxarılacağını vəd etdi.
Ötdü aylar, fəsillər - Qulu elə festival laureatı - Qulu kimi həyatla
vidalaşdı...
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...