Bənzərsiz musiqiçi, bəstəkar, çox yüksək peşəkar
səviyyəli Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində partiya
orqalarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci
ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi
Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət
qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım onu və üç
qızını hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu
uşaqların 4-də peşəkar musiqiçi kimi tanınmışdır.
1943-cü ildə musiqi məktəbinə daxil olan Rafiq 1950-ci ildə həmin
məktəbi bitirir və A.Zeynallı adına musiqi məktəbinin fortepiano
sinfinə daxil olur. Gözəl pedaqoq R.S.Levinanın sinfində təhsil alan
Rafiq öz qabiliyyətləri sayəsində başqalarından xeyli seçilirdi. Rafiq
bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının
musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır
və improvizasiya ustalığını təkmilləşdirirdi.
1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik
əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası
da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən
Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra
həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif
şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev
Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur.
1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Raifq Babayev bu
teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və
R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa
başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər
görmüşdür.Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də
davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festifallarında
iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz
Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd”
ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta,
saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara),
Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər),
Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin
Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb
alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər
fəaliyyət göstərirdilər.
Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif
musabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq
fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə
həmişə bağlı olmuşdur.
1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil
edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma
Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə,
onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda
bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik
tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.
R.Babayevin fitri istedadı, yüksək professionalizmi və qeyri-adi
əməksevərliyi yüksək qiymətləndirilmiş, 1993-cü ildə ona Azərbaycanın
Xalq Artisti adı verilmişdir. Daim öz üzərində işləyən bu bəstəkar və
pianoçu həm də gözəl pedaqoji istedada malik idi. Rafiq Babayev yaxşı
təşkilatçı və rəhbər olmaqla təkcə musiqi sahəsində deyil, texnika,
çəkiliş, quruluş və s. sahələrin bütün incəliklərini dərindən bilirdi.
Qara Qarayev onun barəsində belə demişdir: “…R.Babayev sözün hərfi
mənasında hər şeyi bacarır!”
Rafiq öz peşəkarlığını təkmilləşdirməkdən yorulmayan, səhərdən
başlamış ta gecədən keçənə qədər kompozisiyalar üzərində işləməyi
bacaran əsl musiqiçi idi. O, həmin kompozisiyaların adi gündəlik
qayğılar kölgəsində itib-batmasına yol verməmək, onları qoruyub
saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün əlindən gələni edirdi.
Rafiq Babayevin faciəli şəkildə həlak olması təkcə Azərbaycan xalqını
deyil, bütün dünya musiqi ictimaiyyətini sarsıtdı. 1994-cü il martın
19-da heç bir günahı olmayan onlarca sakin, o cümlədən qadınlar,
uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı
terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Metro
stansiyasında baş vermiş partlayış nəticəsində bu gözəl musiqiçi,
həyatsevər insan yaradıcılığının ən mühüm və məsul dövrundə həyatla
vidalaşdı.
Rafiqin həlak olması onuq ömür-gün yoldaşı Fəridə xanımı və iki qızını
sarsıtdı. Onlar təkcə sevimli ər və ata deyil, həm də ailənin etibarlı
dayağını itirmişdilər. Rafiqin yaxınları, bütün dostları və həmkarları
da bu xəbərdən sarsıldı.
Kinorejissor Eldar Quliyev Rafiqi xatırlayaraq demişdir: “Raifq
deyirdi ki, o, Vətənə sözünü öz yaradıcılığı ilə deyəcəkdir. O,
mənimlə də yaradıcı əməkdaşlıq edirdi. Buna görə mən həmin insana çox
minnətdaram. O belə hesab edirdi ki, yalnız yaradıcı insan öz xalqına
xeyir verə bilər”.
Sülhü və ən gözəl duyğuları təbliğ edən Rafiq Babayevin ölümü şərə və
zorakılığa, müharibələrə və terrorizmə qarşı daha bir protest oldu.
Rafiq böyük şəxsiyyət idi, onun xatirəsi əbədi yaşayacaqdır.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...