Azərbaycan musiqi sənətinin şərəfli tarixində elə şəxslər var ki,
onların adı bizim qəlbimizdə daim xoş duyğular oyadır. Bunlardan biri
də istedadlı bəstəkar, yorulmaz təşkilatçı, xeyirxah və səmimi insan
Rauf Hacıyevdir.
Artıq yarım əsrdir ki, onun musiqisi həyatımızın ayrılmaz hissəsinə
çevrilmişdir. Tükənməz enerjiyə malik olan, həyatı hədsiz dərəcədə
sevən bu insan onun rəng çalarlarını və gözəllliyini bütün
incəliklərinədək duyaraq yaşadığı gerçəkliyin real musiqi salnaməsini
yaratmağa çalışmışdır.
Müasir dövrün nəbzi bütün rəngarəngliyi-təzadları, insanpərvərliyi ilə
R.Hacıyevin əsərlərində öz əksini tapmış, doğma yurdun mənzərəsini,
təbiətini, xeyirxah, fədakar insanlarını vəsf edən musiqisi isə
Azərbaycanın simvoluna çevrilmişdir.
Bütün yaradıcılıqı boyu Azərbaycanın milli mədəniyyətinin zəngin
ənənələrindən bəhrələnmiş, əsərlərinin hamısına milli melodiya
hopdurmuş R.Hacıyev özünün fərdi, orijinal üslubunu yaratmışdı. Böyük
istedada malik olan görkəmli bəstəkar həqiqətən "ürəkdən-ürəyə" yol
tapan musiqi yaratmışdı. Təsadüfi deyil ki, "onun həyat janrı" məhz
mahnı oldu və bəstəkar musiqi sənətində öz yolunu nəğmələrdə taparaq,
ömrü boyu da bu janra sadiq qaldı.
Rauf Hacıyevin ilk müəllimləri musiqi sənətimizin korifeylərindən
sayılan K.X.Səfərəliyeva və dahi bəstəkar Ü.Hacıbəyov olmuşlar.1940-cı
ildə, 18 yaşında gənc bəstəkar özünün ilk sifarişini - "Tələbələrin
kələyi" adlı operettasını yazdı. Bu vaxta qədər onun mahnıları
melodikliyi, obrazlılığı və yumoru ilə seçilərək, populyarlıq
qazanmışdı. R.Hacıyevin maraqlı bəstəkarlıq yolu beləcə - Üzeyirbəydən
musiqi aləminə aldığı "xeyir-dua" ilə başlandı.
R.Hacıyevin digər görkəmli ustadı Qara Qarayev olmuş, konservatoriyada
bəstəkarlıq təhsilini ondan almışdır. Məhz belə diqqətli, təcrübəli
ustadın səyi nəticəsində R.Hacıyevin bəstəkarlıq istedadı geniş və
yüksək peşəkarlıq səviyyəsinə qalxmışdı. R.Hacıyevin janrlar dairəsinə
marağı haqqında danışsaq, deyə bilərik ki, onun yaradıcılığı geniş
janr diapzonu ilə fərqlənir. əlbəttə, belə müxtəliflikdə özünün
sevdiyi janrlar da var. Onlar geniş dinləyici auditoriyasına yaxşı
tanış olan mahnılar və operettalardır. Mahnı yaradıcılığı, şübhəsiz,
bəstəkarın vizit vərəqəsidir. O, 150-dən artıq mahnı yaratmışdı: "Mənim
Azərbaycanım", "Gənclik valsı", "Yaz gəlir", "Abidə", "Sevgilim", "Bənövşə"
və s. bu kimi adlar obraz, xarakter, əhval-ruhiyyənin yüksəkliyindən
xəbər verir.
R.Hacıyevin mahnıları həmişə parlaq rənglər harmoniyasına, zərif
naxışlı səs palitrasına görə tanınır və sevilir. R.Hacıyevin bəstəkar
dəsti-xəttinin yaranması və kristallaşmasında mahnılar onun üçün bir
laboratoriya olmuşlar. Digər tərəfdən mahnı bir "tikinti materialı"
kimi başqa janrlara sızaraq məşhur ustadın yaradıcılıq zirvəsinin
əsasını təşkil etmişdir.
R.Hacıyevin bəstəkarlıq dəsti-xətti musiqili-teatrda da özünü
göstərmişdi. Mahnı kimi bu da onun yaradıcılığının sevimli bir sahəsi
olmuşdur. əlbəttə ki, üstünlük operettaya verilirdi. Onu da qeyd edək
ki, Azərbaycan musiqisinin həmin janrının inkişafı məhz R.Hacıyevlə
bağlıdır. əgər jurnalistlərə inansaq, belə meyl əsasən bəstəkarın
xarakteri - onun enerjisi, həyatsevərliyi, güclü yumor hissi ilə izah
olunur.
Operettalardan 6-sı (bunlardan beşi Moskva Operetta Teatrının
səhnəsində tamaşaya qoyulmuşdur) öz problemləri, pafosu, obrazlar
dünyası ilə bütöv bir teatrdır. Onlardan - "Romeo mənim qonşumdur"
(1960) lirik mövzuda, "Təbəssümü gizlətmə" (1969), "Ana, mən evlənirəm"
(1971), "Kuba - məhəbbətim mənim" (1963) qəhrəmanlıq mövzusunda, "Yolayrıcı"
(1981) komediya janrında, "Dördüncü fəqərə" (1971) adlı
operetta-pamfleti isə Fin satiriki Martti Larninin romanı əsasında
yazılmışdır. R.Hacıyevin hər operettası - respublikadan kənarda belə
maraqlı bir hadisə olmuşdur. Keçmiş ittifaqın neçə-neçə teatrları
bunları səhnələşdirmiş və primyeralar çox böyük uğurla keçmişdir.
Onların musiqisi koloritinə görə ifadəlidir, milli ritm və melodiyası
ilə zəngindir, müasir caz, estrada elementiləri ilə xalq musiqisinin
üzvi birləşməsinə bir nümunədir.
1971-ci ildə R.Hacıyev milli musiqi kadrlarının hazırlanması və
professional musiqi təhsili sisteminin yaradılması məqsədilə əlcəzairə
göndərilmişdi. O, bu ölkəni qarış-qarış gəzərək, milli musiqini
öyrənir, orada olduğu 5 il müddətində əlcəzairin ilk 3 baletini
yaradır: "Üç inqilab" (1973), "Alov" (1976), "Hürriyyət" (1979),
Tunisdə, Mərakeşdə, Parisdə, Kubada tamaşaya qoyulmuş bu əsərlər böyük
maraqla qarşılanmışdı2.
Bəstəkarı xalq rəqslərinin ünsürləri, eləcə də onların yüksək
emosional ritm tonusu xüsusi cəlb edirdi. Konservatoriyanı bitirdikdən
sonra o, "Rəqs lövhələri" əsərini (1954) yazır, sonradan isə "Xoreoqrafik
süita"nı bəstələyir. 60-cı illərin 2-ci yarısında Azərbaycan balet
sənətində bəstəkar və baletmeysterlərin kiçik miniatürlərin
yaradılmasına meylliliyi müşahidə olunurdu. R.Hacıyev də buna bənzər
kompozisiyalar yaratmışdı: "Ləzgihəngi" (1969), "Yallı" (1970).
Bunların səhnə taleyi gözlənilməz dərəcədə müvəffəqiyyətli idi.
Məsələn, "Ləzgihəngi"nin ilk tamaşası Parisdə keçirilən VII Beynəlxalq
rəqs festivalında olmuşdu. Tanınmış Azərbaycan yazıçısı Anar bu hadisə
haqqında belə demişdi: "Başgicəlləndirici hərəkətlər silsiləsi,
ağlasığmaz sıçrayışlar, kişilərin rəqsində mümkün olmayan cəld
hərəkətlər tamaşaçıları heyrətə gətirib, barabanın ruhlandırıcı ritmi
alqışların ritmi ilə üst-üstə düşürdü. "Ləzgihəngi" rəqsinə edilən
alqışlar nəticəsində pərdə 8 dəfə tamaşaçılar qarşısında açılmışdır."
R.Hacıyevin bəstəkar marağından kənarda qalmayan daha bir dəyərli sahə-simfonik
musiqidir. Onun simfonik üslubunun əsas "əlaməti" mahnı və rəqs
janrlarının buraya fəal nüfuz etməsidir. Bunlar artıq parlaq və bədii
cəhətdən mükəmməl şəkildə bəstəkarın iki erkən əsərində - indiyədək
repertuarlarda qalan5 "Gənclik" simfoniyası (1953) və Skripka
konsertində (1952) həyata keçirilmişdir.
Daha yetkin yaşlarında bəstəkar üç simfonik poemanı - "Şeyx Sənan"
(1982), "Səbuhi" (1983), "Həzi Aslanov" (1984) poemalarını yazmışdır.
Poema janrı R.Hacıyevin diqqətini kamera tərkibli orkestrlər üçün də
cəlb edirdi: M.Maqomayevə həsr olunmuş "Poema-ekspromt", C.Cabbarlı və
D.Şostakoviçə həsr olunmuş digər poemalar buna gözəl misaldır6.
Simfonik və vokal janrların qovuşuğunda R.Hacıyev kantata-oratorial
janra müraciət etmişdir. 1976-cı ildə yazılmış "Səməd Vurğun"
kantatası bu baxımdan çox maraqlıdır. Bu əsər Azərbaycan musiqisində
həmin janrda yaranmış ən yaxşı nümunələrdən biridir.
Gənc yaşlarından klassik musiqi ilə yanaşı, Rauf Hacıyev cazla da
maraqlanmağa başlamışdır. 18 yaşında ikən o, artıq Tofiq Quliyevin
yaratdığı və rəhbərlik etdiyi ilk Azərbaycan Dövlət caz orkestrinin
tərkibində çalırdı. Bu orkestrdə işləməsi cavan musiqiçi üçün böyük
caz və improvizasiya məktəbi olmuşdur.
Müharibədən sonra orkestrin rəhbəri R.Hacıyev olur, onun sözlərinə
görə bu, "yüksək dərəcəli orkestr idi".
1948-ci ildə verilən "İncəsənətdə formalizm haqqında Qərar" bütün caz
kollektivlərinin ləğvinə səbəb olsa da, ancaq caz həm estrada
mahnılarının harmoniya və aranjimanında, həm də musiqiçilərin qəlbində
yaşamaqda davam edirdi. Bir çox caz musiqiçiləri kinoteatrlarda
çalırdı. "Vətən" kinoteatrında "Salon orkestri" kimi tanınan
kollektivə 1949-cu ildən 1956-cı ilə kimi R.Hacıyev rəhbərlik etmişdi.
Bu orkestrin ifaçılarının əsas tərkibi 1954-cü ildə R.Hacıyevin
rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada orkestrinin özəyini təşkil
etdi.
Orkestr özünün 18 illik fəaliyyəti dövründə (1954-cü ildən 1972-ci
ilədək) demək olar ki, keçmiş İttifaqın bütün şəhərlərində, tez-tez
isə xarici ölkələrdə qastrollarda olmuş, beynəlxalq festivallarda
iştirak etmişdir. Haraya getmişlərsə onları qastrol boyu gurultulu
alqışlar müşayiət etmişdi. Orkestrin nəzdində "Qaya" vokal kvarteti
yarandı: sonralar bu kvartet Azərbaycanın ən məşhur bir musiqi
kollektivinə çevrildi.
Tükənməz, qaynar enerjili insan R.Hacıyevin musiqi-ictimai fəaliyyəti-onun
istedadının yeni, başqa bir tərəfi idi. 1964-cü ildə o, filarmoniyanın
direktoru, bir ildən sonra isə Mədəniyyət naziri olmuşdur. Bu vəzifə
Rauf Sultan oğluna milli mədəniyyətin bir çox problemləri ilə yaxından
məşğul olmağa imkan vermişdi. Dövlət xor kapellası, Mahnı teatrı,
Dövlət rəqs ansamblı - bu kimi yeni kollektivlər məhz onun təşəbbüsü
ilə yaranmışdı. R.Hacıyevin təşəbbüsü ilə dünyada ilk dəfə Bakıda
xalça incəsənətinin nadir xəzinəsi sayılan xalça muzeyi açılmışdır.
Həmin dövrdə respublikada konsert-qastrol həyatı nəzərə çarpacaq
dərəcədə fəallaşır, bir çox yubileylər, mədəniyyət dekadaları, caz
festivalları keçirilir.
R.Hacıyev ən şərəfli titullara, o cümlədən SSRİ xalq artisti adına
layiq görülmüşdü. Öz yaradıcılığı ilə Azərbaycan musiqisini dünyanın
bir çox qitələrində təbliğ edən, dinləyicilərin qəlbini ovsunlamış
Azərbaycan sənətkarlarının sırasına onun adı qızıl hərflərlə
yazılmışdır. R.Hacıyevin musiqisi bu gün də bizim əməllərimizdə,
fikrimizdə, ürəklərimizdə yaşayır. Bu nəğmələr bizi daha xeyirxah,
gələcəyə daha inamlı, bir-birimizə mehriban olmağa səsləyir... Bütün
bunlar - Rauf Hacıyevin bizə bəxş etdiyi ən qiymətli xəzinədir.
Müğənnilər onun mahnılarını bu gün də əvvəlki tək həssaslıqla oxuyur,
onun simfonik əsərləri konsert zallarında səslənir. Onun
yaradıcılığına Azərbaycandan uzaqda da müraciət edilir. Haqqında
məqalələr yazılır və verilişlər hazırlanır.
Bu yaxınlarda görkəmli bəstəkarın populyar əsərlərindən ibarət yeni
kompakt-diskin həyat üzü görməsi bir daha sübut edir ki, əsl musiqi
həmişəyaşar və əbədidir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...