Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Azərbaycanın
xalq artisti (1963).
Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir
istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb,
dinləyicilərin böyük məhəbbətini qazanıb.
İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd
Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər
qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan
qadınının təcəssümünə çevrilib.
Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan
Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O,
öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik
ifaçılıq ənənələrinə sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış
edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli
obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz",
"Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan
xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi
tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə
dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi
xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi
köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli
yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili
aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara
Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış
ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi
Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli
musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr
nəsli üçün daim örnək olacaq.
Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil
etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların
nümayəndələrinə sevdirə bilib və çıxış elədiyi ən mötəbər səhnələrdə
dərin rəğbətlə qarşılanıb.
Musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə Sara Qədimova çox
mükafatlara layiq görülüb. Şərəf nişanı, Şöhrət ordenləri və medallrla
təltif olunmuşdur.Böyük xanəndə, vətənpərvər sənətkar və gözəl insan
Sara Qədimovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...