Bu səsin qüdrəti milyonların ürəyində Şövkət Ələkbərova ünvanlı bir
məhəbbət ocağı qalayıb. Səs ruh kimi ölməzdir. Bircə fərqi var ki, hər
ruh yalnız bir bədəndə qərar tutur. Bir ruhla, bir ömürlə dünyamıza
gələn səs isə milyon-milyon qəlblərə bir anda yol tapa bilən,
könülləri ovudub, ağladan möcüzədir. Bu, hər kəsə qismət olmayan və
həm də hər kəsin olan bir gözəllikdir. Musiqimizin "Qarabağ şikəstəsi"nə
köçən, "Ağ çiçəy"inə hopan, "Sevgi nəğməsi"ndə, "Məhəbbət"ində qərar
tapan bir səs də var musiqi dünyamızda. Şövkət Ələkbərova səsi. Bir
zamanlar xanım-xatın bir müğənninin ecazkar nəfəsi ilə dilə gələn bu
səs indi musiqi xəzinəmizin incilərinə dönən lent yazılarında
ölümsüzləşib, zamanın hüdudlarını aşıb Anasının fikrinə uyğun olaraq,
Şövkəti əvvəlcə musiqi məktəbinin kamança sinfinə qoyublar. Amma ona
başqa bir sənət yolu seçmək artıq gec idi. Çünki Şövkətin qəlbi oxumaq
arzusu ilə döyünürdü. Müğənnilik onun tale yazısıydı, bir gün "təsadüf"
kimi qarşısına çıxaraq Şövkəti səhnəyə aparıb. Həmişə anasının
çalışdığı orkestrə gələn balaca Şövkət kollektivin rəhbərinin təkidi
ilə səhnəyə çıxıb. Sonra o, "Kəndlilər evi"ndəki özfəaliyyət
kolektivinə yazılıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin
müsabiqəsində iştirak edib. Müsabiqənin məsuliyyətli tərəfi həm də
onda olub ki, iştirakçıların çıxışını Üzeyir Hacıbəyov, Səid Rüstəmov,
Bülbül kimi görkəmli sənətkarlar qiymətləndirib. Opera Teatrında
keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni
oxuyub. Həmin gün səsi, ifası bəyənilən üç istedadlı gəncdən biri idi
Şövkət Ələkbərova. Sonradan həmin gənclərlə - Fatma Mehrəliyeva və
Gülağa Məmmədovla sənət dostu, yaxın yoldaş olub. O müsabiqə həm də
Şövkət Ələkbərovanın professional musiqi sənətinə birdəfəlik gəlişiydi.
Çünki onu Üzeyir bəy özünün yaratdığı Azərbaycan Dövlət Xoruna
işləməyə dəvət edirdi.
Həyat kiçik yaşlarında qəlbini nisgillə, üzüntü ilə doldurub, sonra
sevinc verib Şövkət xanıma. Böyük səhnəyə gələndə də ürəyində
övladlarını erkən yaşlarında kimsəsiz, köməksiz qoyub bu dünyadan
köçən atası Feyzulla kişinin onu müğənni kimi görə bilməməsinin
dərdini daşıyıb. Ancaq tezliklə bu kədərə taleyin amansızlıqla ona
bəxş etdiyi neçə-neçə dərdi qoşulub. Şövkət xanımın 19 yaşı olanda
Böyük Vətən Müharibəsi başlayıb. Geniş, işıqlı konsert salonlarını
soyuq, ölüm dolu səngərlər əvəz edib. O vaxt təhlükədən qorxub
müxtəlif bəhanələrlə müharibəyə getməkdən boyun qaçıranlar da olub.
Ancaq Şövkət bu barədə düşünmək belə istəməyib. Çünki ölüm-itim
ünvanlı o səngərlərdə onun canından artıq sevdiyi doğmaları vuruşub.
Şövkət Ələkbərova səsini qələbə ümidinə, təsəlliyə çevirərək
odun-alovun içərisində, öz ağrılarını da nəğmələrinə qataraq oxuyub.
Çox keçməyib ki, böyük qardaşı Ələkbərin itkin düşməsi xəbərini eşidib.
Bir tərəfdən onun, bir yandan da müharibənin qanlı döyüşlərində
vuruşan qardaşlarının fikri ilə üzülən Şövkət xanım nəğmələri ilə
cəbhədə döyüşən oğulları mübarizəyə, qələbəyə səsləyib. Heç kim
bilməyib ki, uşaqlıqdan qardaşı Ələkbərin tarının səsinə sığınaraq
onun musiqisi ilə pərvazlanan Şövkət xanım özgə tarzənin müşayiətilə
oxuduqca qəlbi qan ağlayıb. 1945-ci ildən Filarmoniyanın solisti kimi
işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları,
muğamlar, bəstəkar mahnıları Azərbaycanı oba-oba dolaşıb. Bu səs
yurdumuzun sərhədlərini aşaraq dünyaya yayılıb. Onun xarici ölkələrə
hər qastrol səfərindən sonra Şövkət səsinin, ifasının heyranlarının
sayı artıb. İfa edəcəyi mahnıların seçimilə bağlı çox tələbkar olub
Şövkət Ələkbərova.
Daha çox istedadına inandığı bəstəkarların əsərlərinə müraciət edib.
Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Emin Sabitoğlu və
başqaları belə bəstəkarlardandır. Ona görə də onun oxuduğu mahnıların
hər biri təkcə bənzərsiz ifaya görə deyil, həm də sözlərinə və
musiqilərinin mətninə görə misilsiz sənət nümunəsi sayıla bilər. O,
dövrünün artıq adları tarixiləşən bəstəkarlarının bir çoxu ilə
yaxından dost olub. İndi heyrətlə, məftunluqla dinlədiyimiz mahnıların
bir çoxu elə Şövkət Ələkbərovanın səsi, ifası üçün yazılıb. Müğənninin
bir böyüklüyü də onda olub ki, səsi ilə istənilən nəğməni
şöhrətləndirə bilib. Gülnarə xanım xatırlayır: "Bir gün bəstəkarlardan
biri ona mahnı gətirmişdi. Bir söz deməsə də, hiss etdim ki, musiqini
nəzərdən keçirən Şövkət xanımın əhvalı pozuldu: "Yaxşı, baxaram" -
deyərək bəstəkarı yola saldıqdan sonra məni yanına çağırdı: "İndi mən
bu mahnını necə oxuyum, axı, çox zəifdir" - deyə gileyləndi. Dedim ki,
Şövkət xanım, xoşunuza gəlmirsə, qəbul etməyin. "Yox -dedi - o, mənim
yanıma ümidlə gəlib. Necə geri qaytara bilərəm? Gəl, görək neynirik".
Mən pianinoda müşayiət elədim. O, dönə-dönə mahnını oxudu. Hər ifadan
sonra hiss edirdim ki, mahnı başqa ahəngə düşür, getdikcə onun musiqi
dəyişir, sanki özgə, bitkin bir əsərə çevrilir. Səhəri gün bəstəkar
gəldi. Şövkət xanım mahnını ona oxuyanda bəstəkar heyrət içərisində
donub qaldı. Sonra gözlərini yerə dikib: "Bu mənim mahnım deyil" -
dedi. Şövkət xanım xasiyyətinə uyğun yumşaqlıqla, məlahətlə dedi: "Elə
sənin mahnındır". Sonra Şövkət xanımın ifasında səslənən o mahnı
sevilən nəğmələrdən biri oldu". Qəlbi mahnıları kimi kövrək olub
Şövkət xanımın. Yumşaq, həlim təbiətli, mehriban, təvazökar bir insan
olub. Kimsənin ürəyinə toxunmağı, qəlbini sındırmağı özünə rəva
görməyib. Hər kəsə əlindən gələn köməyi göstərib. Səhnəyə üz tutanda
ona böyük sənətkarlar yol vermişdilər. O da bunu bir mənəvi borc kimi
gənclərə qaytarıb.
Asəf Zeynallı adına, Bülbül adına orta ixtisas musiqi məktəblərində
dərs deyən sənətkar yetirmələrinə musiqi sənətində yalnız peşəkarların,
fədakarların keçə biləcəyi yolu tanıdıb. Onlara yalnız bu yolla
getməyi tövsiyə edib. Şövkət Ələkbərova tələbələri üçün təkcə sənət
yox, həm də insanlıq məktəbi olub. Onların hər birinə ana qayğısı ilə
yanaşıb. Gülnarə xanım onu zarafatcıl bir insan kimi xatırlayır: "O
qədər sadə idi ki, evdə onun hərəkətlərini, davranışlarını seyr edəndə
inana bilmirdim bu, şöhrəti dillərdə dolaşan Şövkət Ələkbərovadır".
Ürəyi isə dərd yığnağı idi...
Ancaq Şövkət xanım bunlara heç kimi şərik eləməyib, kədərini kimsə
ilə bölməyib. Heç vaxt da nə qismətindən, nə də insanlardan gileylənib,
şikayətlənib. Bəlkə də ona görə ki, Şövkət xanıma dərd verməklə
kifayətlənməyən taleyi həmişə onu kədəri, əzabları ilə yalnız qoyaraq
onlara təkbaşına tablaşmağı öyrədib. Ömrünün sonlarında arabir ahəstə-ahəstə:
"Yazıq canım, elə mənə də həmişə yetim himayədarı olmaq düşdü -
deyərmiş - Atam gənc yaşlarında vəfat etdi. Ondan sonra böyük bir
ailənin dolandırmaq lazım idi. Mən də qardaşlarıma qoşulub çalışdım ki,
evə kömək olum. Sonra Ələkbər itkin düşdü, ailəsi qaldı. Çox keçmədi,
həyat yoldaşı da vəfat etdi. Körpə qızını mən böyütməli oldum. Elə o
biri qardaşlarım, bacım, onların balaları da həmişə mənim əlimə
baxdılar. Bir yandan da öz balalarım... Yetim saxlamaq elə bil alın
yazım oldu". Ona vurulan tale zərbələrinin ən ağrılısı idi bu...
Övladlarını təkbaşına böyütmək asan deyildi. Ancaq Şövkət xanımı daha
çox üzən həyat yoldaşı istedadlı rejissor Lətif Səfərovun faciəli
ölümüydü. Onları hər ikisinin vurğunu olduğu sənət qarşılaşdırıb.
Ekranlaşdırdığı "Bəxtiyar" filmindəki baş qəhrəmanın uşaqlıq
mahnılarını səsləndirən Şövkətlə Lətif Səfərovun tanışlığı bir müddət
sonra cəmi 8 il sürəcək evliliyə çevrilib. Şövkət xanım oğlu Bəşiri 6
yaşında atasız qoyub dünyadan gedən Lətifi ömrünün sonuna qədər
hörmətlə anıb.
Gülnarə xanım danışır: "Şövkət xanım ona "Lətif Bəşiroviç" deyərdi.
Lətif müəllimi çox savadlı adam kimi xatırlayar, tez-tez "Lətif
Bəşiroviç belə deyərdi", "Lətif Bəşiroviç çox bilikli adamdı, bilirsən,
nə qədər kitabları vardı" - deyərdi". Qızı Natellanı, oğlu Bəşiri
çətinliklərlə böyütsə də, onlara kimsəyə ağız açmamağı, xahiş etməməyi
öyrədib. Sonralar özünü qınayırmış da: "Bəlkə də uşaqlarımı başqa
ruhda tərbiyə etməliydim. Onlar bu xasiyyətlə heç zaman həyatda
özlərinə yer tapa bilməyəcəklər". Ömrünün qüruba üz tutan çağlarında
taleyi onunla daha amansız davranıb. 48 yaşlı qızı Natella çarəsiz
xəstəlikdən vəfat edib: "Daha mən də öldüm, yoxam bundan sonra" -
deyib və doğrudan da bu ağrıya tablaşa bilməyib Şövkət xanım. Həmin
günlərdə əlini Allahın dərgahına iki istəklə açıb: "Məni bu dünyadan
nigaran aparma, İlahi" - deyərək, neçə illərdir ailə qursa da, övlad
sevinci dada bilməyən oğlu Bəşirə övlad, bir də nakam qızı Natellanın
ilini görməyi arzulayıb. Onun son istəkləri yerinə yetib. Böyük
sevinclə bağıra basdığı nəvəsinə öz adını verib. Gülnarə xanım danışır
ki, Şövkət xanımın bu gün artıq təkcə adını deyil, sənətini də
yaşatmaqda olan körpəyə baxıb deyib: "Bu uşaq, gör, necə mənim ömrümün
pis çağına düşdü. Onun üçün heç bir şey edə bilmədim". Mən: - "Siz ona
öz adınızı vermisiniz. Şövkət üçün bundan artıq nə etmək olardı ki?"
deyəndə elə sevinirdi..." Tanrıdan umduğu ikinci istəyinə də çatıb
Şövkət xanım. Ölüm ağrılar içində yaşayan müğənninin qapısını
Natellanın ilindən iki həftə sonra döyüb. Yəqin ki,
ölüm də bu ölməz
sənətkarın qapısına naəlac, ilahi bir əmrə boyun əyərək gəlib. Heç
şübhəsiz, Şövkət xanımı dünyamızdan apararkən, bu gözəl sənətkara bir
vaxtlar "Oxu, gözəl"i ünvanlayan Səməd Vurğunun təbirincə desək,
ölüm
sevinməyib... Şövkət səsinin qulaqlardan çəkilməsinə
ölüm də sevinə
bilməzdi. Amma o səs qeybə çəkilməyib, əbədi bir ömür qazanıb: Oxu,
Şövkət, oxu, Şövkət, qoy səsin, Ürəklərdə kaman kimi titrəsin.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...