Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri
Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur.
Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə Bakı şəhərində
dünyaya göz açıb.
Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi tə’liminə
gec, 12 yaşında başlayır – o, Azərbaycan konservatoriyası nəzdində
məktəbin fortepiano sinfinə daxil olur. Gələcək bəstəkarın yaradıcılıq
biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional
musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük tə’siri
olmuşdur. Müəllimin məsləhətilə T.Quliyev 1931-ci ildə ilk əsərini –
Azərbaycan poeziyasının fəxri M.Ə.Sabirin «Dərsə gedən bir uşaq» şe’rinə
mahnı yazır.1934-cü ildə T.Quliyev Bakı konservatoriyasının fortepiano
və dirijorluq fakültələrinə daxil olur, 1935-ci ildən isə onun
Azərbaycan Dövlət dram teatrında dirijorluq fəaliyyəti başlanır.
1938-ci ildən T.Quliyev Azərbaycan xalq musiqi nümunələrinin
toplanması və yazılması işində fəallıq göstərir. Onun yazıya aldığı
xalq mahnıları, rəqslər, muğamlar Azərbaycan folklorşünaslığını xeyli
zənginləşdirmişdir.
Həmin ildə, Ü.Hacıbəyovun təşəbbüsü ilə T.Quliyev bir neçə digər
musiqiçi ilə Moskva Dövlət konservatoriyasına oxumağa göndərilir.
Moskvada klassik musiqi ilə yanaşı T.Quliyev həmçinin estrada musiqisi
və, xüsusən, caz ilə məşğul olur.
1939-cu ildə ona və Niyaziyə Azərbaycan Dövlət estrada orkestrinin
yaradılması tapşırılır. Beləliklə, Niyazi, Pərviz Rüstəmbəyov və bir
neçə digəri ilə yanaşı T.Quliyev Azərbaycanda caz sənətinin əsasını
qoymuşdur.
1948-ci ildə T.Quliyev 2-ci dünya müharibəsi ilə bağlı Moskva
konservatoriyasında dayandırılan təhsilini dirijorluq və bəstəkarlıq
fakültələrində davam etdirir və 1954-cü ildə konservatoriyanın
aspiranturasını dirijorluq sinfi üzrə uğurla bitirir.
Həmin illər T.Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və
kamera-instrumental əsərlər yaratsada, onun parlaq uğurları teatr və
kinematoqrafa aiddir. Lakin, Tofiq Quliyevin yaradıcılığında ən
aparıcı janr – mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta
ölkənin xaricində də geniş şöhrət qazanmışdır. Bu dövr üçün bəstəkarın
özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda
milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika
cazının ən’ənələri ilə üzvi şəkildə uyuşur.
1954-cü ildə T.Quliyev pedaqoji fəaliyyətə də başlayır – Azərbaycan
Dövlət konservatoriyasında opera və orkestr sinifləri aparır. 1958-ci
ildə o, Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri, 1961-ci ildə
isə direktoru vəzifəsinə dəvət olunur.
Yaradıcılığıyla yanaşı T.Quliyev həmçinin geniş ictimai fəaliyyəti
ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin
yaradılmasında fəal iştirak edir.
Azərbaycan SSR xalq artisti (1964). Azərbaycan əməkdar incəsənət
xadimi(1958). 1957 ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Heyətinin üzvü, 1968 ildən katibi. 1961 – 64 Filarmoniyanın direktoru.
1958 – 59 isə bədii rəhbəri olmuşdur.Bəstəkarın xıdmətləri dəfələrlə
ən yüksək dövlət mükafatları ilə qeyd olunmuşdur. 2 Qırmızı Əmək
Bayrağı ordeni və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Tofiq Quliyev Azərbaycan Estrada musiqisinin yaradıcılarındandır. 1941
– 45 müharibə illərində “Öldü bar Döndü Yoxdur” sonrakı dövrlərdə
“Neftçilər mahnısı”, “Qızıl sünbül”, “Azərbaycan” lirik mahnılardan
isə “Sənə də qalmaz, “ İlk bahar” , “ Sevgilim” , “ Sən mənim, mən
sənin” , “ Axşam görüşlərinə” , “ Bəxtəvər oldum” , mahnılarının
müəllifidir. Tofiq Quliyevin kino musiqisinin inkişafında da rolu
vardır. O, “Sevimli mahnı”, “ Görüş” , “Qızmar günəş altında ” , “Ögey
ana ” , “ Telefonçu qız” , “Belə ada da vardır ” , “Nəsimi ” , və s.
filmlərə musiqi bəstələmişdir. Tofiq Quliyev “Aktrisa ” (1943) ,
“Qızıl axtaranlar ”(1963) , “Sənin bircə sözün ” (1967), “ Tahirin
süqutu”(1972), “Sabahın xeyir Ella ”(1973) operettalarının müəllifidir.
1969-cu ildən 1979-cu ilə gədər T.Quliyev birinci katib vəzifəsində
Azərbaycan bəstəkarlar ittifaqına rəhbərlik edirdi. 1990-cı ildən isə
o, ömrünün son günü – 2000-ci il oktyabrın 4-nə kimi Azərbaycan
bəstəkarlar ittifaqının İdarə heyətinin sədri vəzifəsində çalışırdı.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...