Ömrün son akkordları. Onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi.
O isə milyonlarla insanın içindən gələn azadlıq yanğısını hamıdan tez
duydu, hamıdan qabaq üsyan elədi. Onun bu qeyri-adiliyi nədə idi? Hər
şeydən öncə o doğulduğu İçərişəhərə hamı kimi baxmadı. Keçmişin
qaranlıq tarixini, sirlərini, şirin nağıllarını əsrlərlə özündə
gizləyib saxlayan bu qədim qara daşları oxuya bildi. Vaqif üçün
İçərişhərin özünəməxsus həniri, minbərlərdən ucalan dua səsləri,
dənizin bəzən pıçıltıya dönən, bəzənsə guruldayan ləpələri, daha nələr
adi səslər olmadı. Və Vaqif İçərişəhərin qərinələrdən süzülüb gələn
yeknəsək səslərini əsrin ən müasir musiqisinin ilk akkordlarına
çevirdi. Təbii ki, İçərişəhərin bütün səsləri ilə yanaşı bu akkordlar
sovet məhbəsi adlana bilən bir məmləkətdə azadlığa təşnə insanın
arzularının, istəklərinin, üsyanının sədası idi. Beləcə məkanın
mühafizəkar səsləri ilə zamanın azad çğırışının, keçmişlə gələcəyin,
Şərqlə Qərbin harmoniyasından yeni bir simfoniya, muğamla cazın
sintezi yarandı. Vaqif Mustafazadə bir çox ansambl yaratmışdır."Qafqaz",
"Sevil" (1971) və "Leyli" (1979) Vaqif sözün əsl mənasında musiqiçi
ailəsində dünyaya göz açıb. Atası Əziz hərbçi olsa da, musiqi ilə son
dərəcə bağlı bir insan idi, gözəl tar çalmağı bacarırdı. Anası Zivər
xanım isə ilk azərbaycanlı pianoçu qadınlardan biri olub. Üzeyir bəy
Hacıbəyov məktəbinin yetirməsi olan Zivər xanım gözəl pianist olmaqla
yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən
Vaqifin talantı, musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü
deyildi. Bu fərqi hamıdan tez anası Zivər xanım duyur. Bu haqda Zivər
xanım xatirələrində belə yazırdı: "Hələ Vaqfin beş yaşı olanda bir
dəfə ona Səməd Vurğunun "Vaqif" poemasından bir parça oxudum. Üstündən
bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən
dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan
olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması mənim
ümidlərimi doğrultdu".
Uşaq yaşlarından oğlunu musiqiçi görmək istəyən ananın ümidlərini
doğruldan Vaqif az keçməmiş onu heyrətləndirir. Özü də pianoçu olan,
saatlarla çalmaqdan yorulmayan Zivər xanım Vaqifin az qala bütün gün
ərzində pianonun arxasından bir dəfə də qalxmamasına təəccübünü,
heyrətini, eyni zamanda sevincini gizlədə bilmir. Həqiqətən də Vaqif
görünməyən bir inadkarlıqla işləyirdi. Bəzən barmaqları keyləşib
işləməyənə qədər pianonun şirmayı dillərindən əl çəkmirdi. Onun bu
inadkarlığı, yorulmadan işləmək əzmi sonralar onun dadına çatır.
Azadlığın ilk akkordlarını səsləndirən Vaqif qarşısında bilə-bilə
yaradılan çoxlu maneələri məhz bu keyfiyyəti sayəsində arxada qoya
bilir. Onun yolunu kəsən maneələrin sayı çoxaldıqca, o, daha böyük
əzmlə, inadkarlıqla yazıb yaradır. Vaqif Mustafazadənin yaradıcılıq
yoluna nəzər salanda istər-istəməz öncə səfərlər diqqət çəkir. Vaqif
ilk dəfə yolunu Tbilisidən salıb. Gürcü caz həvəskarlarının böyük
maraqla və heyranlıqla qarşıladıqları Vaqif bir müddət Tbilisidə qalıb
işləməyi qərara alır. Əslində, Vaqifin bu qərarını şərtləndirən bir
çox amillər var idi. Başlıca məsələ orada onun musiqisinin başa
düşülməsiydi. 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında onun
yaradıcılığında böyük rol oynayan "Qafqaz" caz triosunu yaradır. Bu
ansambl son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyyət göstərir.
Çünki o illərdə Q. Lukyanov, N. Qromin, A. Kozlov və başqa sənətkarlar
kvintet, trio və duetlərini musiqinin ən müxtəlif formalarında,
məsələn xalq ahəngindən tutmuş sonorlu səslərin effektinə qədər
sınayırdılar. Breqvadze, Kikabidze kimi solistlərlə çalışan Vaqif bu
illərdə "Orera" ansamblına da dəvət alır. Yeri gəlmişkən, Vaqif
Mustafazadə "Orera" ansamblında Elza Bandzeladze ilə tanış olur və
onunla ailə quruq. Bu nikahdan Vaqifin ikinci övladı Əzizə dünyaya
gəlir.1967-ci ildə Tallində ümumdünya caz festivalı keçirilir. Bu
festivala dünyanın 3 mindən çox musiqiçisi qatılır. Onların arasında
olan Vaqif Mustafazadə Gürcüstanı təmsil edir...
Tallinin "Kalev" idman zalında bir-birinin ardınca səhnəyə çıxan
məşhur caz ustalarının çıxışlarını böyük caz mütəxəssisi Velis
Konoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirir. Dörd gün
davam edən festivalın sonlarına yaxın heç kimin yaxşı tanımadığı
cazmen səhnəyə çıxır. Və... "O insanı ki, mən sevirəm" əsərini ifa
edən bu ifaçı tamaşaçıları sanki əfsunlayır. Əfsunlaşmış tamaşaçılar
arasında birinci ayağa qalxan Yohanson olur. Heyrətindən təmkinini
itirən Yohanson "öncə o, sonra mən qalib olacağam" deyə var səsi ilə
qışqırır. V.Konover sonradan Vaqif Mustafazadənin çıxışının onda
oyatdığı təəssüratı belə bölüşür: "Vaqif qeyri-adi pianoçudur. Dünya
cazında ona bərabər musiqiçi tapmaq çətindir". Konover ömrü boyu onu
tərk etməyəcək təəssüratın nəticəsi olaraq, Vaqif Mustafazadəni
Tallində keçirilən növbəti caz festivalının da şəriksiz qalibi elan
etmişdi. Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil,
Azərbaycana döndü. Bu, qəribə bir dönüş idi. Vaqif Mustafazadə uğur
qazandıqdan, dünayanın ən məşhur musiqiçiləri arasında fərqlənəndən
sonra onu qiymətləndirməyən, ecazkar musiqisini eşitməzliyə vuran
həmvətənləri arasına dönür. İlk vaxtlar Vaqifin uğuru anılsa da, az
keçməmiş hər şey əvvəlki yerini alır: laqeydlik, biganəlik, soyuqluq...
Vaqifsə bütün bunlara əhəmiyyət verməyərək, 1969-cu ildə Bakıda
keçirilən caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir.
Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə
təbliğat aparırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama
xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Vaqifin
televiziyada solo konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu
ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gündən-günə gərilən
əsəblər bir gün özünü büruzə verir. 29 yaşlı sənətkar ölümlə üz-üzə
gəlir. Ancaq bu dəfə xəta sovuşur. Deyilənə görə, yatağa düşən Vaqif
Mustafazadə hər gün anasından xahiş edir ki, "Bayatı-Şiraz" çalsın. "Anamın
ifasında eşitdiyim "Bayatı-Şiraz" dünyanın ən gözəl melodiyasıdır"
deyən Vaqif çətin günlərində də musiqiyə üz tutur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçrilir.
Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı hətta onun hansı
ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu
lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra, əsərin
müəllifi, ifaçısı o cümlədən ölkənin adı elan olunacaqdı. Yüzlərlə
naməlum ad içərisindən yenə də bizə doğma ad çəkilir: "Azərbaycan,
Vaqif Mustafazadə, "Əzizəni gözləyərkən". Vaqif Monako caz
festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır. Monako
festivalına qatılan minlərlə insan ecazkar musiqinin sədalarına heyran
kəsilir. Azərbaycanda isə hələ də Vaqif Mustafazadənin adının belə
çəkilməsini istəmirlər. Deyilənlərə görə, Vaqif növbəti
konsertlərindən birini (bu, tarixə son konsert kimi düşəcək) Bakıda
verməyi planlaşdırırmış. Ancaq bədxahlar onun bu istəyini
gerçəkləşdirməyə qoymurlar. Və Vaqif faciəvi sonluqla bitən son
konsertini Daşkənddə verəsi olur. Vaqif Mustafazadə Daşkənd
konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, bütün bu
haqsızlıqlardan boğaza yığılmış halda çıxıb. Çünki Daşkənddə konserti
təşkil eləməyi öz boynuna götürənlər onu aldatmışdılar. Bakıda
hazırlanan afişalar Daşkəndin küçə və meydanlarında asılıb" desələr də,
əslində konsertlə bağlı adi bir elan da verilməmişdi. Bütün bunlar
konsert günü məlum olur. Dünya şöhrətli sənətkarın Daşkəndə gəlişindən
hətta musiqi aləminin də xəbəri yox imiş. Pərəstişkarlarının xəbər
tutmadığı bu konsertə barmaqla sayılacaq qədər tamaşaçı yığılır. Onlar
isə təsadüfən bu konsertdən xəbər tutanlar idi. Vaqif konserti onlara
görə təxirə salmaqdan daşınır. Piano arxasına keçir. Çalır. Aram-aram,
sonra isə getdikcə şiddətlənən ürək sancılarına baxmayaraq çalır,
çalır... Ancaq Vaqif Mustafazadəyə bu konsertin son akkordlarını
vurmaq nəsib olmur. Vaqifin ürəyi səhnədə dayanır... "Dünyada ən çox
anamı, böyüyüb boya-başa çatdığım İçərişəhəri, bir də dənizi sevirəm"
deyən Vaqif sənəti kimi, ömrüylə də bədxahlarına meydan oxuyur...
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...