60-cı illər... Bu zaman kəsiyində
Azərbaycan incəsənətinin yeni mərhələsi- intibah mərhələsi başlandı. Şüurlara
hopmuş müqavimətsizliyi, əzilmək xofunu darmadağın etmək istəyindənmi yaranmışdı
bu "intibah mərhələsi"? Rejimin sifarişi ilə yazılan tarixə, uydurulan fenomenal
ədəbiyyata, bəstələnən not "yığımı"na üstüörtülü cavab idimi 60-cı illərin
sənət dirçəlişi? Hər halda əsrimizin bu dönəmində çarpaz fikirləri toqquşdura
biləcək maraqlı və yaddaqalan sənət meyarları formalaşmışdı.
Ən əsası isə bu idi ki, qara fəhləsindən "qara" kürsüdə oturanına kimi
hər kəs bu formalaşmanı fərq edə biləcək dərəcədə "ziyalı" olmağa məcbur
deyildi. Ədəbiyyat və incəsənətin bütün şaxələrində peşəkar və yaradıcı
bir sistem formalaşmışdı. Bu dinamikanın fonunda "quruluş" yırtıcılığının
qabarıq təzahürü nəzərə çarpsa da, tarixin qızıl səhifələri yazıldı. Bu
səhifələrin fonunda isə, özfəaliyyət mexanizmləri hələ dumanlı təsəvvürlərdən
başqa bir şey deyildi.
Kainatı diz çökdürən heybətli fatehlər, ölkələri viran qoyan sərkərdələr
belə, mədəniyyəti məxsus olduğu xalqın sivil təfəkkürünə yüksək təkan verə
biləcək amil hesab etmişlər. Həqiqətən də insan oğlu yaşadığı mühit etibarilə
yazıdan-pozuya, səsdən-səssizliyə, zildən-bəmə məhz qidalandığı mədəniyyətin
inkişafına cəhd göstərir.
Qaya rəsmlərinin yazılı şahidi Qobustanın ucsuz-bucaqsız soyuq divarlarında
əks-səda verən Üzeyir musiqisinin notlarına hopmuş Füzuli, Nizami dühası
böyük xalqın özü qədər şərəfli keçmişinə çıraq tutur. Mədəniyyətin öncülləri
sırasında əzmini əsirgəməyən, janr etibarilə müxtəlif sahələrdə əvəzsiz
xidmətlər göstərmiş şəxsiyyətlərin yaşanmış məqamlarının qiyabi bələdçi
kimi zəngin Azərbaycan incəsənətinin ən zərif nüanslarını çatdırmağı özümüzə
borc bilirik.
Yeni nəslin öz keçmişini danmaması, çürük və bayağı ideologiya arxasınca
kor-koranə qaçmaması, incəsənət sahələrinin yetənəksiz "kadrlar" ixtiyarına
verilməməsi və mədəniyyətin anlamlı bir şəkildə qavranılması naminə virtual
məkanın labüd imkanlarından lazımi şəkildə bəhrələnərək, istər teatr, musiqi,
kino, istərsə də təsviri incəsənətin mövcud qollarını səhifəmizdə işıqlandırmağa
nail olduq. Unutmaq olmaz ki, hər dövrdə maarifçilərimiz cəmiyyətin savadlanması,
tərəqqisi yönündə mübarizə metodlarını mənımsətmiş, məhdud da olsa, ziyalı
çevrəsi yaratmışlar. Təsadüfi deyildir ki, bu gün hər bir Azərbaycanlı gəncinin
qəlbində azacıq da olsa, böyük mədəni irsin zərrəciyi vardır.
Səbuhi İbrahim oğlu NOVRUZOV
AzeriArt.Net saytının təsisçisi
60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan
reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay,
troleybuslar...