“Geyib əsgər paltarını”... döyüşürdü Bakımız...
Azərbaycan paytaxtı müharibənin bütün cəbhələrində öndə idi.
600 mindən çox azərbaycanlının iştirak etdiyi, 300 mindən çox həmyerlimizin
həlak olduğu bu müharibəni unutmaq mümkündürmü? İndi Azərbaycanda elə bir ailə
tapmazsan ki, o müharibə ilə əlaqədar olmasın, itkisi olmasın, məgər bunu
unutmaq olarmı? Kim unudursa, böyük səhv edir.
İllər, on illər, yüz illər keçəcək, amma bu müharibə unudulmayacaqdır. Çünki bu
müharibə bütün dünyaya böyük dəhşətlər gətirib.
“Azərbaycan paytaxtı müharibənin bütün cəbhələrində öndə idi. Bakı nefti havada,
suda, quruda - istənilən hücumda düşmənin başına od yağdırırdı. Ancaq Azərbaycan
ziyalıları da qələbə naminə neftçilərdən az iş görməmişdilər”.
Əlbəttə, bütün işğalçı müharibələrdə olduğu kimi, faşist Almaniyasının başladığı
İkinci Dünya müharibəsində də xüsusi məqsəd, proqram və perspektiv planlar
mövcud idi. Hitlerin əvvəlcə Avropanı, sonra isə bütövlükdə dünyanı dəyişmək
planları hamıya məlumdur. O da məlumdur ki, bu qaniçən diktatorun qəsbkarlıq
planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. (“Azərbaycan tarixi”, 7-ci
cild, Bakı, 2003-cü il). Çünki, Adolf Hitler Bakını faşizm imperiyasını neftlə
təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək istəyirdi.
“Hələ 1941-ci il martın 27-də (diqqət yetirin, SSRİ-yə müharibə elan
edilməsindən üç ay əvvəl) Almaniyanın ”Kontinental neft cəmiyyəti"nə
Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı barədə göstəriş
verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə “ali irqdən” olan
rəhbərlər də təyin edilmişdi. Onlar ucuz işçi qüvvəsi hesabına hasil ediləcək və
maya dəyəri aşağı olacaq neftdən gələn yüksək gəliri son qəpiyinədək Almaniyaya
çatdırmalı idilər. (“Siyasi tarix”, II hissə, Bakı, 1998-ci il). Bu isə sübut
edir ki, faşist Almaniyasının SSRİ-yə qarşı müharibəyə başlaması özündə çoxlu
məqsədləri birləşdirirdi ki, həmin məqsədlərdən də biri Bakı neftinə sahib olmaq
idi. Ancaq qəsbkarlar, işğalçılar əksərən öz çirkin planlarını reallaşdıra
bilsələr də, bu istəyə həmişə nail ola bilmirlər. Necə ki, Hitler Almaniyasının
Bakını işğal etmək, Abşeron neftinə sahib çıxmaq xülyası elə xülya olaraq qaldı.
Milli-irqi ayrı-seçkiliyi (Hitlerin düşüncə tərzinə görə almanlar dünyada “ən
ali irq” idilər), işğalçılığı və qəsbkarlığı lənətləyən dünya dövlətlərinin
birgə fəaliyyəti, SSRİ rəhbərliyinin göstərdiyi qətiyyət və iradə, Azərbaycan
hökumətinin qələbə üçün nümayiş etdirdiyi əzmkarlıq və ən nəhayət, Bakı
neftçilərinin şücaəti nəticəsində Hitlerin qanlı caynaqları Odlar Yurduna
çatmadı. Bu ölüm-dirim savaşında Bakı neftçilərinin yazdığı şanlı salnamə
müharibənin qələbə ilə başa çatmasında çox mühüm rol oynadı. Azərbaycan
Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivində saxlanılan
sənədlərdə göstərilir ki, “1941-ci ilin yayında ictimai təşkilatların göstərişi
ilə təkcə Bakının mədən və zavodlarında 3500 nəfərdən çox qız işə başlamışdı.
Ümumilikdə isə, Bakının neft sənayesində işləməyə 13 min nəfərdən çox yeni işçi
cəlb edilmişdi”.
Arxiv sənədindən götürdüyümüz bu fakt barədə iki mühüm məsələni deməliyik:
əvvəla, müharibə başlanan kimi bütün kişilər dərhal cəbhəyə gediblər və onları
qızlar, qadınlar əvəz edib, ikinci, bu fakt ancaq müharibənin başlandığı ayları
əhatə edir. Yəni, qabaqda qələbəyə qədər hələ uzun illər var və Bakı neftçisi
həmin illərdə misilsiz şücaətlər yaratmışdı. SSRİ tarixçiləri yazırdılar ki,
ölkədə istehsal edilən neftin 70-75 faizini, aviasiya benzininin isə 85-90
faizini Azərbaycan neftçiləri verirdilər. Bakı neftçiləri eyni zamanda SSRİ
Hərbi Dəniz Donanmasını da yüksək keyfiyyətli mazutla təmin edirdilər.
Ermənilərin və bəzi antiazərbaycan, antitürk qüvvələrin qurduğu fitnə-fəsadları
nəzərə almasaq, ümumilikdə SSRİ rəhbərliyi Bakı neftçilərinin əməyini
qiymətləndirirdi. Bu bir fakt idi ki, müharibənin başlanmasından cəmi yeddi ay
sonra – 1942-ci il fevralın 6-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti özünün xüsusi
fərmanı ilə 500 nəfər Azərbaycan neftçisini ölkənin ali orden və medalları ilə
təltif etmişdi. Təltif olunanların 41 nəfəri Lenin ordeninə layiq görülmüşdü.
Ancaq bu da bir faktdır ki, 1941–45-ci illərdə SSRİ neft sənayesi 110 milyon ton
neft hasil etmişdi ki, bunun da 75 milyon tonu Azərbaycanın payına düşürdü. (Məzahir
Abbasov, “Bakı Böyük Vətən müharibəsi illərində”, Bakı, 1967-ci il).
Biz yuxarıda Oljas Süleymenovdan belə bir sitat gətirdik ki, Bakı neftçiləri
cəbhənin bütün sahələrində düşmənin başına od yağdırırdılar. Təxminən belə bir
fikri görkəmli dövlət xadimi Nikolay Voznessenski hələ 1948-ci ildə yazmışdı. Bu
müəllifin qeyd edilən ildə Moskvada çapdan çıxmış “SSRİ-nin hərbi iqtisadiyyatı
Böyük Vətən müharibəsi illərində” adlı kitabında qeyd edilir ki, “Sovet Bakısı
cəbhəni və SSRİ xalq təsərrüfatını arası kəsilmədən neft məhsulları ilə təmin
edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi”. Ancaq təkcə
sıravi neftçilər, mədən mütəxəssisləri və ya neft hasilatına rəhbərlik edənlər
deyil, Azərbaycanın neftçi alimləri də müharibənin qələbə ilə başa çatması üçün
tarixi əhəmiyyətli elmi kəşflər etmişdilər. 1941-ci ilin yayında Bakıda ilk
hidrogen birləşmələri qrupu hazırlandı. Yusif Məmmədəliyevin başçılığı altında
bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq neft-kimya elmində böyük hadisə
olan yüksək oktanlı aviasiya yanacağı əldə etmişdi. O zaman neft emalı
müəssisələrində yeni texnoloji proseslərin hazırlanması üçün Bakıda 75 mühüm
laboratoriya fəaliyyət göstərirdi. “Bakı düşmənin başına od ələyirdi” ifadəsi
Odlar Yurdu paytaxtının məhz bu fəaliyyətindən qaynaqlanırdı.
Müharibə başlanan kimi yazıçılar - Süleyman Rəhimov, Məmməd Səid Ordubadi, Mir
Cəlal Paşayev, Hüseyn Mehdi, Ənvər Məmmədxanlı və Yusif Şirvanın əsərlərindən
ibarət “Döyüşkən qələm” adlı toplu işıq üzü gördü. Bu toplu daha çox ön cəbhəyə,
Azərbaycan əsgərlərinə göndərilirdi. Sonra “Faşizm insan mədəniyyətini məhv
edir” adlı toplu ərsəyə gəldi. Orada isə Səməd Vurğun, Məmməd Arif, Mehdi Hüseyn
və başqa qələm sahiblərinin əsərləri toplanmışdı. Cəbhəyə, döyüşən əsgərlərlə
görüşə gedən ilk Azərbaycan ziyalıları isə Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və
Zeynal Xəlil idi.
“Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm, mən də bu gündən”
- deyən Səməd Vurğun “Ananın öyüdü” şerində cəbhəyə əsgər yola salırdı: “Geyib
əsgər paltarını silahlandı qəhrəman”. Ancaq ustad yaxşı bilirdi ki, hər anı
qanla, ölümlə dolu olan cəbhədə qadın əlinin şəfqətinə çox böyük ehtiyac var.
“Gəl, ana yurdumun qızı, gəlini,
İndi hünər vaxtı, qeyrət dəmidir" - deyə Azərbaycan qadınını ümumi qələbə naminə köməyə çağıran Səməd Vurğun böyük
Üzeyir Hacıbəyovun ürəyini riqqətə gətirmiş və bu iki dahi sənətkarın ərsəyə
gətirdiyi “Şəfqət bacısı” mahnısı azərbaycanlıların döyüşdüyü bütün cəbhələri,
bütün səngərləri dolaşmışdı.
Səməd Vurğunun yola saldığı Azərbaycan əsgərinə Süleyman Rüstəm “Yaxşı yol!”
arzulayırdı:
“Dağ başını aldı duman, get qardaşım, yaxşı yol!
Yağılara vermə aman, get qardaşım, yaxşı yol!”
Yaxşı yol arzulayıb döyüşlərə göndərdiyi Azərbaycan əsgərini arxa cəbhədən
arxayın etmək istəyən Süleyman Rüstəm əsgərə sevgilisindən gələcək məktubu da
özü yazırdı:
“Mən arxada çalışıram, gecə-gündüz, sevgilim,
Gözlərim dörd, alnım açıq, ürəyim düz, sevgilim!”
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər
yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan
reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin
mərkəzində tramvay, troleybuslar...