Böyük Vətən Müharibəsi (1941-45)
illərində Azərbaycanın şəhər və rayonlarındakı Dövlət Teatrlarının
yaradıcılıq həyatının əsasını döyüşçülər, cəbhə bölgələrindəki
əsgərlər qarşısında çıxışlar təşkil edirdi.
Müharibənin ilk günlərindən Azərbaycan Dövlət Akademik Dram
Teatrının kollektivi Azərbaycan Dövlət Opera və Balet Teatrının,
Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Rus Dram
Teatrının artistlərindən ibarət müştərək briqadaların tərkibinə daxil
oldu. Onlar çağırış məntəqələrində, hərbi hissələrdə, cəbhə yollarında
döyüşçülərə xidmət göstərirdilər. 1 avqust 1941-ci il tarixli "Ədəbiyyat
qəzeti" cəbhə briqadalarından bəhs edərək yazmışdı: "Cəbhələrə xidmət
kimi əhəmiyyətli bir işdə xalq artistləri Mərziyə Davudova, Ələsgər
Ələkbərov, Qurban Primov, əməkdar artistlər B.Şəkinskaya, P.Əfqanlı,
O.Kabiçeva və b. fəal iştirak edirdilər".
Bir müddət sonra Ə.Ələkbərov, S.Ruhulla, M.Davudova, M.A.Əliyev, M.Mərdanov,
İ.Dağıstanlı, F.Qədri, B.Şəkinskaya, N.Royen və b. aktyorların daxil
olduqları bədii cəbhə briqadaları yaradıldı.
Respublika teatrları müharibənin ilk günlərindən öz işlərini faşizm
üzərində qələbəyə həsr etmişdirlər. Müharibəni ilk aylarında
Azərbaycan teatrlarının aktyorlarına müharibəyə getməmək imkanı verən
bron ayrılmırdı. Odur ki, aktyorlardan bir çoxu ön cəbhədə vuruşurdu.
Onlardan Həsənağa Salayev, Atamoğlan Rzayev, Kamil Qubuşov (Azərbaycan
Dövlət Dram Teatrı), Hüseynağa Sadıxov, Süleyman Ələsgərov, Yusif
Vəliyev, Georgi Sıqankov (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı),
Əyyub Haqverdiyev, Məmməd Quliyev (Naxçıvan Musiqili Dram Teatrı),
Ələddin Abbasov (Gəncə Dövlət Dram Teatrı) və b. yaradıb yenidən
teatra qayıtmışdılar. Musa Hacızadə, Ağabala Dadaşov, Fərəc Süheyli,
Tələt Nəcəfov, Məmmədrza Əsgəroğlu (Barsoçluy, Xanlar Babanlı,
Hüseynbala Zeynalov, Hidayət Qasımov və b. Respublikamızın müxtəlif
teatrlarında fəaliyyət göstərən istedadlı gənc aktyorlar döyüş
meydanlarında həlak oldular.
Bu illər Azərbaycan teatrının tarixinə humanizm, qəhrəmanlıq və
vətənpərvərlik əhval-ruhiyəsi ilə zəngin və gərgin dövr kimi daxil
olmuşdur. Müharibə milli teatr sənətimizdə köklü dəyişikliklər etməklə
yanaşı, onun inkişafına müəyyən təkan verdi. Əlbəttə, müəyyən
nöqsanlar da vardı. Teatrın maddi imkanları azalmış, respublikada
çətinlik yaranmışdı. Bu da, dramaturgiyanın, tez-tələsik hazırlanan
tamaşaların keyfiyyətinə təsirsiz qalmamışdı. Bununla yanaşı müharibə
teatr sənətini yeni mövzularla, obrazlarla zənginləşdirdi.
Hələ müharibədən xeyli əvvəl Azərbaycan Dövlət Akademik Teatrının
repertuarında qəhrəmanlıq və vətənpərvərlik mövzulu əsərlər möhkəm yer
tutmuşdu: "Vaqif", "Xanlar", "Qaçaq Nəbi" və s. Müharibə dövründə
aktual məsələlərin həllinə çalışan teatr öz işində xalqın qəhrəmanlıq
ruhunu, vətənpərvərliyini önə çəkmişdi. Müharibə başladıqdan bir neçə
ay sonra teatr faşist işğalçılarına qarşı mübarizədən bəhs edən
pyeslər daxil olduğu repertuarda vətənin azadlığı uğrunda mübarizə
mövzulu əsərlər üstünlük təşkil etməyə başladı.
1941-42-ci il mövsümünə teatr K.Simonovun dövrün ən vacib, ən ümdə
məsələlərinə cavab verən "Bizim şəhərli oğlan" (əsər M.Hüseynin
tərcüməsində "Vətən oğlu" adı ilə oynanıldı) pyesinin tamaşası ilə
başladı. Bu, faşist işğalçılarına qarşı xalqın ümumi həyəcanını,
nifrətini açıq-aydın göstərən ilk tamaşa idi. Tamaşanın quruluşçu
rejissoru Səftər Turabov aktual hadisələri, dövrün ruhunu tamaşaçıya
çatdıra bilmişdi. Tamaşada aktyorlardan Ə.Sultanov (Sergey Lukonin),
B.Şəkinskaya (Varya), İ.Osmanlı (Arkadi Burmin), S.Hacıyeva (Jenya) və
b. yaddaqalan təsirli obrazlar yaratmışdılar.
Mürəkkəb və məsuliyyətli dövrünü yaşayan teatrın qarşısında repertuarı
sahmana salmaq, vətənpərvərlik ruhlu əsərləri səhnəyə qoymaq kimii
vacib məsələlər dururdu. Teatr 1941-ci il noyabrın 6-da S.Vurğunun "Fərhad
və Şirin" əsərini tamaşaçılara göstərdi.
Müharibə ərəfəsində ölkə ictimaiyyəti böyük Nizami Gəncəvinin 800
illik yubileyini təntənə ilə keçirməyə hazırdı. Yubileyə hazırlıq
dövründə yaradıcı kollektivlər, alimlər, şair və yazıçılar Nizami
irsini diqqətlə araşdıraraq yeni əsərlər yaratmağa səy edirdilər.
S.Vurğun məhz bu dövrdə Nizaminin "Xosrov və Şirin" poemasındakı
zəngin ədəbi materialdan məharətlə faydalanaraq kəskin dramatik
konfliktlərə, güclü ehtiraslara, gərgin çarpışmalara malik "Fərhad və
Şirin" kimi mənzum dramını yazmışdı. Qəhrəmanlıq pafosu,
vətənpərvərlik istiqaməti ilə seçilən bu əsər sonradan Dövlət
mükafatına layiq görüldü. "Fərhad və Şirin" dramının əsasında Vətəni
yadelli işğalçılardan müdafiə etmək, həmçinin, məhəbbət və sədaqət
kimi çox əhəmiyyətli bir ideya dururdu.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər
yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan
reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin
mərkəzində tramvay, troleybuslar...