60-cı
illər... Bu zaman kəsiyində Azərbaycan incəsənətinin
yeni mərhələsi- intibah mərhələsi başlandı.
Şüurlara hopmuş müqavimətsizliyi, əzilmək xofunu darmadağın
etmək istəyindənmi yaranmışdı bu "intibah mərhələsi"?
Rejimin sifarişi ilə yazılan tarixə, uydurulan fenomenal
ədəbiyyata, bəstələnən not "yığımı"na üstüörtülü
cavab idimi 60-cı illərin sənət dirçəlişi? Hər
halda əsrimizin bu dönəmində çarpaz fikirləri toqquşdura
biləcək maraqlı və yaddaqalan sənət meyarları
formalaşmışdı. Ən əsası isə bu idi ki, qara fəhləsindən
"qara" kürsüdə oturanına kimi hər kəs bu formalaşmanı
fərq edə biləcək dərəcədə "ziyalı"
olmağa məcbur deyildi. Ədəbiyyat və incəsənətin
bütün şaxələrində peşəkar və yaradıcı bir sistem
formalaşmışdı. Bu dinamikanın fonunda "quruluş" yırtıcılığının qabarıq
təzahürü nəzərə çarpsa da, tarixin qızıl səhifələri
yazıldı. Bu səhifələrin fonunda isə, özfəaliyyət
mexanizmləri hələ dumanlı təsəvvürlərdən
başqa bir şey deyildi.
Kainatı
diz çökdürən heybətli fatehlər, ölkələri viran
qoyan sərkərdələr belə, mədəniyyəti
məxsus olduğu xalqın sivil təfəkkürünə yüksək
təkan verə biləcək amil hesab etmişlər. Həqiqətən
də insan oğlu yaşadığı mühit etibarilə yazıdan-pozuya, səsdən-səssizliyə,
zildən-bəmə məhz qidalandığı mədəniyyətin
inkişafına cəhd göstərir.
Qaya rəsmlərinin yazılı şahidi
Qobustanın ucsuz-bucaqsız soyuq divarlarında əks-səda verən
Üzeyir musiqisinin notlarına hopmuş Füzuli, Nizami dühası böyük
xalqın özü qədər şərəfli keçmişinə çıraq tutur.
Mədəniyyətin öncülləri sırasında əzmini əsirgəməyən,
janr etibarilə müxtəlif sahələrdə əvəzsiz
xidmətlər göstərmiş şəxsiyyətlərin yaşanmış
məqamlarının qiyabi bələdçi kimi zəngin Azərbaycan
incəsənətinin ən zərif nüanslarını çatdırmağı
özümüzə borc bilirik.
Yeni nəslin öz keçmişini danmaması,
çürük və bayağı ideologiya arxasınca kor-koranə qaçmaması,
incəsənət sahələrinin yetənəksiz "kadrlar"
ixtiyarına verilməməsi və mədəniyyətin anlamlı
bir şəkildə qavranılması naminə virtual məkanın
labüd imkanlarından lazımi şəkildə bəhrələnərək,
istər teatr, musiqi, kino, istərsə də təsviri
incəsənətin mövcud qollarını səhifəmizdə
işıqlandırmağa nail olduq. Unutmaq olmaz ki, hər dövrdə
maarifçilərimiz cəmiyyətin savadlanması, tərəqqisi
yönündə mübarizə metodlarını mənımsətmiş, məhdud
da olsa, ziyalı çevrəsi yaratmışlar. Təsadüfi deyildir ki,
bu gün hər bir Azərbaycanlı gəncinin qəlbində
azacıq da olsa, böyük mədəni irsin zərrəciyi vardır.
Arzu və
diləklərinizi başqaları ilə də paylaşmaq istəyirsənizsə, onda ürək
sözlərinizi
QONAQ
DƏFTƏRİNƏ qeyd edin