Əhməd Ağdamski


   Bu gün adını andığımız Əhməd bəy (Ağdamski) Bədəlbəyov 1884-cü ildə Ağdamda dünyaya göz açıb. Əhməd Ağdamskinin adı Azərbaycan opera və operettalarında qadın rollarının ilk mahir ifaçısı kimi tarixə düşüb. Bu yerdə xəyal bizi uzaqlara - çox-çox əvvəllərə aparır. Baxırıq o illərə, o illərin saralmış, qat kəsmiş sənədlərinə - düşünürük, o illərin ağrılı-acılı günlərini xəyalımızda canlandırırıq. Sevinir, kədərlənirik və heyrətlənirik. Heyrətlənirsən ki, adi bir aktyorun bığını belə qırxdığı üçün avam adamların tənəsinə, dedi-qodusuna məruz qaldığı bir vaxtda necə olub ki, Əhməd bəy Ağdamski qadın rolunda səhnəyə çıxıb? Necə olub ki, o, sinəsini sipər edib bu "tənə daşlarına?.." Əhməd bəy musiqi təhsili görməmişdi. Lakin dövrünün xanəndələrini çox eşitmişdi, böyük qardaşı Bədəl bəy Bədəlbəyovun səsinə (onun Məcnun rolunda çıxışları olub), tarının şirin hekayətlərinə qulaq asmışdı. Ürəyi atlananda səsini sarı simin səsinə qatmışdı. O, belə fitri istedad, belə duyar qəlb sahibi idi. Muğam operalarında böyük uğurlar, sevinclər qazanmışdı. O, Üzeyir bəyin inqilabdan əvvəl yazdığı bütün opera və operettalarda qadın rollarının ilk ifaçısı idi. Leyli ("Leyli və Məcnun"), Təhminə ("Rüstəm və Söhrab"), Minnət xanım ("Ər və arvad"), Gülnaz ("O olmasın, bu olsun"), Xurşidbanu ("Şah Abbas və Xurşidbanu"), Əsli ("Əsli və Kərəm"), Gülçöhrə ("Arşın mal alan"), Şahsənəm (Z.Hacıbəyov "Aşıq Qərib"). Əhməd bəy Ağdamski bu musiqi partiyalarının birinci ifaçısıydı və birinci ifaçı kimi də onun mənəvi yükü ağır, məsuliyyət hissi böyük idi. Xaraktercə bir-birindən kəskin fərqlənən bu obrazları səhnədə ustalıqla canlandırmaqdan ötrü o nə qədər çalışmalıydı. Hələ musiqi... O elə oxumalıydı ki, sabah Leylinin, Əslinin, Gülçöhrənin, Gülnazın... bir-birindən təsirli ariyaları dildən-dilə düşsün. Əhməd bəy bütün bu deyilənləri həssaslıqla, ustalıqla həyata keçirirdi. Bəstəkarın qönçə nəğmələri onun dodaqlarında gülə dönürdü. Əhməd bəyin səsindən bizə yadigar qalmayıb. Deyilənlərə görə, keçən əsrin əvvəllərində səsini vala yazdırıb, elə həmin vaxtlar da erməni-müsəlman davası düşüb. Valın çap olunub-olunmamasından Əhməd bəyin xəbəri olmayıb. Sonralar isə Əhməd bəy səsini yazdırmağa təşəbbüs göstərməyib.

Geri Davamı