|
M.C.Bağırov
M.C.Bağırov fenomeni, hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki, azərbaycan fenomenidir, milli həyatımızın məhsuludur, 30 il bu xalqa rəhbərlik edib və onu ancaq “xalq düşməni” kimi tanımaq, əslində tanımamağa bərabərdir.
M.C.Bağırov 1896-cı ildə Quba şəhərində anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra Petrovski (indiki Mahaçqala) şəhərində pedaqoji kursda təhsilini davam etdirmişdir. 1915-ci ildən sonra Xudat stansiyasındakı kənd məktəbində müəllim işləyir və elə o vaxtdan etibarən inqilabi işə qoşulur. Sonralar Qubaya gəlib ibtidai məktəbdə müdirlik edir. 1917-ci ilə qədərki müddət M.C.Bağırovun fəaliyyətinin ən mürəkkəb dövrüdür. Fevral burjua-demokratik inqilabına qədər, istərsə də sonra hansı partiyalara üzv olduğu barədə məlumat yoxdur. 1918-ci ildə M.C.Bağırov artıq Bakıda fəaliyyət göstərirdi. M.C.Bağırov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Qızıl Orduda müxtəlif rəhbər vəzifələrində işləyir, vətəndaş müharibəsi cəbhələrində vuruşur. Və onun ideya-mənəvi xarakterinin formalaşmasında fəaliyyətinin həmin dövrü əsas rol oynayır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra M.C.Bağırov Qarabağa vilayət İnqilab Komitəsinin sədr müavini və hərbi İnqilab Şurasının müvəkkili göndərilir. 1920-ci ilin payızında M.C.Bağırov Bakıya qayıdır və Azan diviziyasının hərbi komissarı təyin olunur. Sonralar bir sıra yüksək hərbi-siyasi vəzifələrə irəli çəkilir - ən böyük xidməti isə ondan ibarət olur ki, Azərbaycana milli qoşun hissələri yaratmaq kimi mühüm iş üzərində çalışır. Nəhayət, 1921-ci ilin fevralında o, ÇEKA-nın sədri təyin olunur və on ilə yaxın orada çalışır. 1929-cü ildə İranla sərhəddə başvermiş münaqişə zamanı M.C.Bağırov iranlıları təqib edir, bir nüçə kəndə od vurdurur və bu da beynəlxalq münaqişəyə səbəb olur. M.C.Bağırovu vəzifədən kənar edir və partiyadan çıxardırlar. M.C.Bağırov Moskvaya gedib birbaşa Stalinlə görüşür. Stalin onu partiyaya bərpa edib onu Zaqafqaziyaya Su təsərrüfatı İdarəsinin rəisi təyin edir.
Geri
Davamı
|