Rəşid Behbudov


         Maestro Behbudovun mahnılari biz cavan nəslin atalarının gənclik vaxtlarının mahnısı olmuşdur. O vaxtdan 30-40 il keçməsinə baxmayaraq hələ də biz gənclər tərəfindən sevilir. Bu mahnılar Azərbaycanı dünyaya tanıtdı, onlara bu diyarın gözəl musiqisi ilə ilk dəfə tanış olmaq imkanı verdi. Səməd Vurğunun "Azərbaycan" şeri, bu müqəddəs misraları Rəşid Behbudov öz əfsanəvi səsinin qanadlarında bütün dünyaya, bütün xalqlara çatdırdı. KQB-nin bütün təzyiqlərinə baxmayaraq, Rəşid Behbudov bütün konsertlərini "Azərbaycan" mahnısı ilə başlayırdı. Azərbaycan sözü onun vizit vərəqəsi idi. Rəşid cismən aramızda yoxsa da, səsi əbədi yaşayacaqdır. Müdrik xalqımız öz şair-bəstəkar qəlbi ilə eşqə "ölməz" deyib. Rəşid Behbudov sənəti ilə ölməzdir. Azərbaycan əzəldən şe'r, musiqi, gözəl səslər beşiyi sayılmışdır. Rəşid Behbudov bu müqəddəs beşikdə püxtələşmiş, nəhayətdə özü bir ifaçılıq məktəbinə çevrilmişdir. Nəinki Azərbaycanda, hətta başqa respublikalarda da onlarca müğənni onun yolunu seçmiş, hətta Rəşid manerasını təqlid də etmişdilər, ancaq heç biri Rəşid Behbudov zirvəsinə yüksələ bilməmişdilər. Rəşid elə tək-vahid Rəşid olaraq qalmışdır. Azərbaycan ifaçılıq həyatının bütöv bir dövrünü onsuz təsəvvür etmək olmur. Nəvvabi, Üzeyiri, Bülbülü, Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Xan Şuşinskini, Fikrət Əmirovu, Niyazini yetişdirən musiqi beşiyi Qarabağda uşaqlıq və gənclik illərini keçirən, Nizami, Füzuli, Səməd Vurğun dühasından ilham alan Rəşid Behbudov öz sənəti ilə bizdə işıqlı bir ümid doğururdu, bizə dünyanın fəlsəfəsini açırdı, daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Rəşidin səsindəki həzin lirizm bizə ana məhəbbətini, körpə pıçıltısını, gəlin həyasını-bir sözlə vətənin, insan ürəyinin qüdrətini və genişliyini təlqin edirdi. Bu səs bizi sevgiyə, şəfqətə, doğruluğa, düzgünlüyə, saflığa, təmizliyə çagırırdı. Azərbaycanın elə bir şəhəri və rayonu, qəsəbəsi və kəndi yoxdur ki, sənətkarımızın ayaği oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş SSRİ və respublikalarında yüz minlərlə adam onun e'cazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi olmuşdur. Beynəlmiləlçi ustad dünyanın bir çox ölkələrini gəzmiş, qastrol səfərlərinə çıxmış, dinləyicilərinə həmişə Azərbaycan mahnılarının təkrarsız təravətini çatdırmışdır. Azərbaycan Rəşid Behbudoun vətəni kimi də tanınmışdir. 

Geri Davamı