Bu gün
adını andığımız Əhməd bəy (Ağdamski) Bədəlbəyov 1884-cü ildə Ağdamda
dünyaya göz açıb. Əhməd Ağdamskinin adı Azərbaycan opera və
operettalarında qadın rollarının ilk mahir ifaçısı kimi tarixə düşüb.
Bu yerdə xəyal bizi uzaqlara - çox-çox əvvəllərə aparır. Baxırıq o
illərə, o illərin saralmış, qat kəsmiş sənədlərinə - düşünürük, o
illərin ağrılı-acılı günlərini xəyalımızda canlandırırıq. Sevinir,
kədərlənirik və heyrətlənirik. Heyrətlənirsən ki, adi bir aktyorun
bığını belə qırxdığı üçün avam adamların tənəsinə, dedi-qodusuna məruz
qaldığı bir vaxtda necə olub ki, Əhməd bəy Ağdamski qadın rolunda
səhnəyə çıxıb? Necə olub ki, o, sinəsini sipər edib bu "tənə daşlarına?.."
Əhməd bəy musiqi təhsili görməmişdi. Lakin dövrünün xanəndələrini çox
eşitmişdi, böyük qardaşı Bədəl bəy Bədəlbəyovun səsinə (onun Məcnun
rolunda çıxışları olub), tarının şirin hekayətlərinə qulaq asmışdı.
Ürəyi atlananda səsini sarı simin səsinə qatmışdı. O, belə fitri
istedad, belə duyar qəlb sahibi idi. Muğam operalarında böyük uğurlar,
sevinclər qazanmışdı. O, Üzeyir bəyin inqilabdan əvvəl yazdığı bütün
opera və operettalarda qadın rollarının ilk ifaçısı idi. Leyli ("Leyli
və Məcnun"), Təhminə ("Rüstəm və Söhrab"), Minnət xanım ("Ər və arvad"),
Gülnaz ("O olmasın, bu olsun"), Xurşidbanu ("Şah Abbas və Xurşidbanu"),
Əsli ("Əsli və Kərəm"), Gülçöhrə ("Arşın mal alan"), Şahsənəm (Z.Hacıbəyov
"Aşıq Qərib"). Əhməd bəy Ağdamski bu musiqi partiyalarının birinci
ifaçısıydı və birinci ifaçı kimi də onun mənəvi yükü ağır, məsuliyyət
hissi böyük idi. Xaraktercə bir-birindən kəskin fərqlənən bu obrazları
səhnədə ustalıqla canlandırmaqdan ötrü o nə qədər çalışmalıydı. Hələ
musiqi... O elə oxumalıydı ki, sabah Leylinin, Əslinin, Gülçöhrənin,
Gülnazın... bir-birindən təsirli ariyaları dildən-dilə düşsün. Əhməd
bəy bütün bu deyilənləri həssaslıqla, ustalıqla həyata keçirirdi.
Bəstəkarın qönçə nəğmələri onun dodaqlarında gülə dönürdü. Əhməd bəyin
səsindən bizə yadigar qalmayıb. Deyilənlərə görə, keçən əsrin
əvvəllərində səsini vala yazdırıb, elə həmin vaxtlar da erməni-müsəlman
davası düşüb. Valın çap olunub-olunmamasından Əhməd bəyin xəbəri
olmayıb. Sonralar isə Əhməd bəy səsini yazdırmağa təşəbbüs göstərməyib.
Xatirələrdən bəlli olur ki, Əhməd bəyin geniş diapazonlu tenor səsi
olub. Elə təkcə onun oxuduğu musiqi parçalarına diqqət yetirsək, - o
səsin gücü aşkar olar. Budur: "Kürdü-Şahnaz", "Rast", "Bayatı-Şiraz",
"Şur", "Bayatı-Kürd"... kimi mürəkkəb muğamlar, Gülçöhrənin,
Şahsənəmin ariyaları... Bütün bunlar müğənnidən nə qədər güclü səs
tələb edir. Əhməd bəy Ağdamski muğamlarımızı dərindən bilir, ustalıqla
oxuyurdu. Yenə də Üzeyir bəyin bir qeydini xatırlatmaq yerinə düşər.
Bəstəkar, erməni operetta truppasının oynadığı "Arşın mal alan"
tamaşasına baxıb, Gülçöhrənin aktrisa tərəfindən oynanılmasından
təsirlənərək yazıb: "Gülçöhrəni oynayan xanım, doğrudur, bizim
Ağdamski kimi "Şahnaz" oxumadı, lakin bir o var ki, arvad idi..."
Nəhayət, qadınların səhnəyə yavaş-yavaş ayaq açması Əhməd bəyi
sevindirirdi. Deyilənə görə, 1919-cu ildə Əhməd bəyin benefisinə "Əsli
və Kərəm" operası oynanır və o, ilk dəfə Kərəm rolunda səhnəyə çıxır.
Nə böyük hadisə! İllərlə gözlənən gün! Bir anlığa bu fədakar insanın,
istedadlı aktyorun o gecə Kərəm rolunda keçirtdiyi hissləri təsəvvür
edin... Əhməd bəy Ağdamski 20-ci illərin əvvəllərində doğma Qarabağa
qayıdır. Ağdamda yaşamağa başlayır. Çox keçmir ki, burada teatr
truppası (1923) yaradır, bir çox tamaşaların rejissoru olur, musiqili
əsərlərlə yanaşı dram əsərlərində də bir müğənni-aktyor kimi çıxış
edir. Sonra o, mehrini daha çox tara salır. Ə.Ağdamski 1934-cü ildən
Ağdaşa köçüb, orada uzun illər musiqi məktəbində tar müəllimi işləyib,
dərs hissə müdiri olub. Əməkdar incəsənət xadimi (1943) Əhməd bəy
Ağdamski mənalı ömrünün çoxunu Azərbaycan səhnəsinin, incəsənətinin
çiçəklənməsinə sərf edib. Bəli, biz bu gün qürurla deyə bilərik ki,
millətimiz onun adı ilə fəxr edə bilər.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...