Mir Mövsüm Ağa imam Əli (ə) nin nəslindəndir.
Seyidlər, ocaq sahibləri isə ALLAH
istənilən diləklərin ünvanına çatdırılmasında binəgüzarlıq edir. Xalq
arasında Mir Mövsüm Ağa kimi tanınan Ağa Seyid Əli də Yaradana yaxın sayılan
simalardan olub. Tanrı ilə bizə məlum olmayan yollarda bələdçilik edib,
biçarələrə çarə qılmaq, xəstələrə şəfa vermək kimi fövqəladə
qabiliyyəti Yaradandan alıb. Ağa Seyid Əlinin (Mir Mövsüm
Ağa)
valideynləri haqda nə respublikanın tarix arxivində, nə də Bakı
məscidlərinin qeydiyyat kitablarında məlumat yoxdur. Lakin
müasirlərinin dediklərinə görə, atası Mirabutalıb Mövsümzadə və anası
Xədicə Mirqasımova Kərbəlada torpağa tapşırılıb. Nəsil haqqında
araşdırma aparanlar Ağa Seyid Əli Mirmövsümzadələrin Məhəmməd
peyğəmbər (s) nın nəslinə mənsub olduğu iddiasındadırlar. Ağanın soy kökü üçüncü imam Hüseyn (ə) nin atası Xəlifə Əli İbn Abu
Talıbın nəsli ilə bağlıdır. VI-VII əsrlərdə Məhəmməd peyğəmbər (s) nın
əleydarları tərəfindən təqib olunan imam Həsən (ə) və imam Hüseyn (ə)
nin törəmələri Yaxın Şərq ölkələrinə köçüblər. Sonradan isə Ağa Seyid
Əli Mir Mövsümzadənin nəsli Azərbaycana köç edib. Mir Mövsümzadələr
nəsli İmam Hüseyn (ə) soyunun bir qolu olaraq seyid sayılıblar (belə
ki, İmam Hüseyn (ə) nin şəcərəsi seyid, İmam Həsən (ə) nin
şəcərəsindən gələnlər isə “şərif” sayılırlar). Tədqiqatlarda
göstərilir ki, peyğəmbər nəslindən olan Mir Mövsüm
Ağaya həm də, ALLAH-təalanın
vergisi qismət olub. Seyid uzun illər İçərişəhər Firdovsi küçəsi 3-dəki
mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi pənah
yeri olub. Ağa Seyid Əli 67 yaşında vəfat edib. Hazırda uyuduğu və
ruhunun dolaşdığı qəbirstanlıq da ziyarətgaha çevrilib. Həmin
məzarıstanda Ağa ilə yanaşı böyük qardaşının həyat yoldaşı Sara Seyid
Musa qızı, onun övladları Hökumə, Gülsüm, Tahirə, Xədicə, kiçik
qardaşı Mirkazım Ağa, onun həyat yoldaşı Sitarə xanım, övladları Seyid
Əkrəm uyuyur. Əvvəllər qəbrinin üstündə yalnız adı həkk olunmuş
başdaşı olub. 1992-ci ildə isə Şüvəlan sakinləri Hacı Nizam, Hacı
Şərif və Tahir Quliyevin təşəbbüsü ilə Mir Mövsüm Ağanın uyuduğu torpağın
ziyarətgaha çevrilməsi üçün təşəbbüs qrupu yaradılıb. Ziyarətgah
əməkdaşının dediyinə görə, tikinti zamanı xüsusi layihə, plan
hazırlanmayıb. Qəsəbə sakinləri tərəfindən Almaniyadan qiymətli
rəngarəng ayna növləri alınıb. Gümbəz və divarlar üzərində “Allah”, “Mühəmməd”,
“Əli” və “Allahu Əkbər” sözləri həkk olunub. Gümbəzin zirvəsində isə
“Allahu Əkbər” əks olunmuş qızıl medalyon asılıb. Kişilərin namaz
qılmaları üçün məscid tikilib. Həmçinin 8 güşəli, divarları maili
hövuz inşa olunub. Ziyarətgahda “Qurbangah” adlanan xüsusi yer var. Ramazan ayı ərzində hər gün iftar süfrəsi
açılır. Məhərrəm ayı daxil olmaqla hər gün Ağanın ehsanı olaraq çay
verilir. Hər şənbə günü bir internat məktəbinin şagirdləri üçün nahar
süfrəsi açılır, nəzirlər hesabına bir neçə internat məktəbinə, qocalar
evinə ərzaq yardımı edilir. Ağanın payı kimi 5-dən çox qaçqın və
məcburi köçkün ailəsinə hər ay yardım olunur. Təxmini hesablamalara
görə, ziyarətgaha hər gün 100-150 zəvvar gəlir. Məhərrəm ayında isə bu
rəqəm 500-ü ötür. Bura hətta Rusiya, Almaniya, Türkiyə, ABŞ, Fransadan
ziyarətə gəlirlər. Rayonlardan və xarici ölkələrdən gələnlər üçün
gecələməyə otaqlar var. Ziyarətə gələn İçərişəhər sakini 78 yaşlı Hacı
Əzizin dedikləri: “Ağır xəstəliyə tutulmuşdum. Anam məni Ağanın yanına
apardı. Əlini başımdan üzümə qədər çəkdi. Sonra təbəssümlə bacısının
üzünə baxdı. Bacısı Ağanın yarımçıq qalmış çayını mənə içirtdi. Anam
dedi ki, Ağanın əlindən öp. İki gün içərisində sağaldım. Sonralar hər
ay Ağanın ziyarətinə getmişəm. Noyabrın 17-də torpağa tapşırıldı. Yas
mərasimində 50-60 min adam iştirak edirdi. Hamı Ağaya son borcunu
vermək istəyirdi”. Ağanın möcüzələrinin şahidi olan Hacının sözlərinə
görə, ateizmin hökm sürdüyü dövrdə Mərkəzi İcraiyyə Komitəsinin sədri
Mir Bəşir Qasımovun başına gələnləri və Ağaya pənah gətirdiyini hamı
bilirmiş: “Belə nəql edirdilər ki, iclasların birində Mir Mövsüm
Ağa
haqqında nalayiq sözlər danışan Mir Bəşirin qəfildən səsi tutulub.
Bayaqdan gur-gur guruldayan Qasımov xırıldayaraq yerə yıxılıb.
Həkimlər əlac edə bilməyəndən sonra Ağanın yanına aparıblar. Ağanın
işarəsi ilə bacısı bir tikə çörəyi seyidin yeməyinə batıraraq Mir
Bəşirə verib. Həyacandan titrəyən sədr tikəni yeyəndən sonra
sakitləşib və səsi açılıb. Amma Stalin Ağanı bütün bəlalardan qoruyub.
O boyda rəhbər Mir Mövsüm Ağaya çox inanırmış”. Daha bir hadisə isə Ağa
haqqında yazılmış xatirələrdədir: “Seyidin evinə gələrək əşyaları
siyahıya alınıb. Baxmayaraq ki, bütün nəzirlərdən vergi ödənilirmiş.
Sovetlərin fikrincə, Ağa insanlara hökumətə deyil, Allaha tabe olmağı
təbliğ edib. Əmlakı “ZİS-5” markalı maşına yükləyiblər. Lakin maşının
motoru qəfildən sönüb. Təmir işləri aparılsa da, maşın yola düşməyib.
Əşyalar geri qaytarılmayanadək heç kim maşını sürməyə cəsarət etməyib”.
“1943-cü ildə Ağanın yanına üç rus gəlib və müsəlmanlığı qəbul edib.
Məlum olub ki, bütün ekipaj məhv olub. Lakin Ağaya nəzir demiş bu üç
nəfərdən başqa. Sürünə-sürünə seyidin hüzuruna gələn ruslar sağ
qaldıqları üçün Ağaya nəzir gətiriblər”. Uşaqlıqdan dili tutulmuş
yeddi yaşlı oğlanın Ağanın yanında dili açılıb və həmin uşaq dünyasını
dəyişənənədək hər həftənin cümə günü Mir Mövsüm Ağanın ziyarətinə gəlib. Ağanın
şəfa verən möcüzələri yüzlərlə olub. 115 ildən artıqdır davam edən nur
yəqin ki, hələ neçə əsrlər ziyarətgahı tərk etməyəcək.
1883-cü ildə dünyaya gələn Seyid Mir Talib Ağanın oğlu Seyidəli fiziki
cəhətdən zəif olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də
qohumları onda qeyri-adilik hiss edirdilər. O, hamıdan fərqlənirdi.
Yaşına uyğun olmayan bacarıqların Seyidəlidə müşahidə edilməsi ailə
üzvlərini təəccübləndirirdi. O, başı ağrıyan adama əlini çəkən kimi,
həmin şəxsin bütün ağrıları keçirmiş. Seyidəlinin cəddinin gücünə,
qüdrətinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.
Mir Mövsüm Ağa nə danışa, nə də gəzə bilirdi. Amma qohumları bunun
əksini deyərək onun hər iki qabiliyyətinin olduğunu ərz edirlər. Lakin
Ağanın dediklərini yalnız əzizləri başa düşdüyündən el içərisində belə
şayiələr gəzir. Ağanın bacısı nəvəsi 10 il onunla bir evdə yaşayan
Hacı Rüfət Mahmudovun bildirdiyinə görə, Ağa təhsil ala bilməmişdi,
yazıb-oxumağı da bacarmırdı. “Qurani-Kərim”i və duaları da
öyrənməmişdi. Bununla belə, o, üzünü göyə tutar, əllərini bacardığı
qədər qaldıraraq güclə eşidiləcək səslə deyərdi: “Allah, sənə qurban
olum”.
O, həqiqətən də Tanrı tərəfindən seçilən və sevilən insanlardan idi.
Qapısına gələn və ondan kömək diləyənləri heç vaxt ümidsiz qaytarmırdı.
Ağanın adına deyilən nəzirləri də, özünün ehtiyacı olduğu qədər
saxlayar, qalanlarını isə yoxsullara paylayardı.
Mir Mövsüm Ağanın sağlığında olduğu kimi, vəfat etdikdən sonra da
min bir diləklə onun ocağına üz tutanların ardı-arası kəsilmir. Onun
gücünə, qüdrətinə inam, ürəklərində tutduqları hər bir niyyətin yerinə
yetməsi o ocağa pənah gətirənlərin sayını gündən-günə artırır.
Millətindən, dinindən asılı olmayaraq, Ağanın cəddinə inanan hər kəs
onun ruhunu əziz tutur. Belə şəxslərdən biri də məşhur rəssam Nikolay
Safranovdur. 2002-ci ildə Nikolay Safranov Moskvadan Ağanın qardaşı və
bacısı uşaqlarına zəng edir. Ağanın cəddinə xoş sözləri deyərək,
onlara minnətdarlığını bildirir. Ağanın qohumları bu telefon zənginin
nəyə borclu olduğunu öyrənmək istəyəndə Nikolay Safranov başına gələn
əhvalatı danışır. Deyir ki, çox dəhşətli maşın qəzasına düşüb. Qəza
zamanı ölənlər və ağır yaralananlar olub. Amma Safranov bu faciədən
sağ-salamat qurtulub. Möcüzəyə səbəb isə Mir Mövsüm Ağanın gücü olub.
Qəza zamanı Nikolay Safranovun cibində Ağanın şəkli olub və rəssamın
bildirdiyi kimi: “Məni müqəddəs insanın əksi xilas edib”.
Mir Mövsüm Ağa uşaqları çox sevər və həmişə onlara gülümsəyərdi.
Uşaqlara olan sevginin nə dərəcədə böyük olmasını bir jurnalistin
evində baş verən hadisə də sübut edir. Hadisə baş verən gün ev sahibi
Bakıda yox, rayonda olur. Evdə onun həyat yoldaşı və uşaqları qalır.
Gecə hamının şirin yuxuda ikən elektrik qızdırıcısında boşluq
olduğundan qısaqapanma baş verir, ev yanmağa başlayır. Tüstü iyinə
yuxudan ayılan ana görür ki, döşəmədəki xalça, linolium yansa da, alov
öz-özünə sönüb. Ən qəribəsi isə yanğın uşaqlar yatan otaqda olub.
Orada divardan asılan bir neçə şəkil içərisində olan Mir Mövsüm Ağanın
qəbrinin şəklində təsvir itir, heç nə görünmür. Amma şəkil qıpqırmızı
olur. Heç kəs bunu anlaya bilmir. Ertəsi gün evdə olanlar axşam
saatlarında şəkildə dəyişikliklər müşahidə edirlər. Şəkil əvvəlki
vəziyyətinə dönür. Bu hadisəni qonşu qadın belə izah edir: “Qurban
olduğumun ruhu görüb ki, uşaqlar yanacaq, odu özünə çəkib. Şəklin
qırmızı olması da buna dəlalət edir”.
Mir Mövsüm Ağanın cəddinin, gücünün böyüklüyünə nümunə kimi digər
hadisəni də misal göstərmək olar. Böyük Vətən müharibəsi illərində bir
bakılının idarə etdiyi təyyarə düşmən tərəfindən vurulur və yerə doğru
yuvarlanır. Təyyarəçi ölümlə üz-üzə dayandığını görüb Ağanın adını,
ruhunu köməyə çağırır, ondan imdad diləyir. Təyyarə yerə dəyib
parçalansa da, təyyarəçi sağ qalır və müharibəni xəta-balasız başa
vurur. Həmin şəxs Bakıya qayıdır. Ölümlə pəncələşdiyi bir vaxtda Mir
Mövsüm Ağanın adına dediyi nəziri gətirib onun ocağına verir. Aradan
neçə illər keçir. İş elə gətirir ki, təyyarəçinin oğlu da
təyyarəçiliyi özünə peşə seçir. Taleyinin qəribəliyindən atasının
başına gələn hadisə eynilə təkrarlanır. Təyyarəçi rəhmətlik atasının
dediklərini xatırlayıb Mir Mövsüm Ağanın ruhunu çağıraraq onu xilas
etməsini diləyir. Nəticədə təyyarə heyəti sağ qalır. Hospitala
yerləşdirilən zərərçəkən iki pilot yüngül xəsarətlər alır. Həmkarının
“təyyarə yerə düşəndə sən kimin adını çəkirdin” sualına cavabda “Mir
Mövsüm Ağanın cəddinə qurban olum” deyərək ona hər şeyi başa salır. Bu
hadisəni təxminən 15 il öncə Mir Mövsüm Ağanın ziyarətgahına Moskvadan
gələn təyyarəçi oğlanın anası axundlara danışıb.
Deyirlər, ALLAH yalnız onu çağıranların səsini eşidir. Mirmövsüm
Ağa da Tanrının insanlara kömək üçün göndərdiyi şəxsiyyətlərdəndir.
Sağlığında cismi, haqq dünyasına qovuşandan sonra isə ruhu insanların
dadına çatır.
İnam möcüzələr yaradır və hər çətin məqamda o, ən sonda ölür. İnanın
və bu dünyada inamla da yaşayın. Qoy Mirmövsüm Ağanın cəddi hamıya
kömək olsun.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...