H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Musa
Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin
görkəmli nümayəndəsi Murtuz Muxtarovdur.
Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının
inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları
içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi
dərindən bilən ikinci bir sahibkar, çətin ki, tapılaydı. Muxtarov
diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan neft sənayesi
tarixinə özünün ixtirası ilə daxil olmuşdur. 1895-ci ildə dünyada ilk
dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün
dövlət patenti alır. O bu ixtirasını «Bakı qazma sistemi» adı verir.
Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun bir sıra digər
ixtirası da vardır.
1890-cı ildə yaratdığı «Podrat qazma» kontoru Bakının Balaxana,
Suraxana, Ramana və Sabunçu neft rayonlarında neft quyularının
qazılmasında böyük rol oynamışdır. Bu səhələrdəki quyuların
əksəriyyəti onun «Podrat qazma» kontoru tərəfindən qazılmışdır. Bundan
əlavə özünün xüsusi mə’dənləri də vardı. Elektrik qatarı ilə Bakıdan
Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacağ onun adı ilə «Muxtarovka»
adlanır. Bu dayanacağın ətrafındakı bütün neft quyuları vaxtilə ona
məxsusdu.
Muxtarov ondoqquzuncu əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı
zavodunu işə salır. Bu, Rusiyada ilk neft avadanlığı müəssisəsi idi.
Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış
binaları tikdirir; bununla da həm işçi qüvvəsini ətrafına toplayır,
həm də əlavə gəlir əldə edirdi.
Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici
ölkələrə satırdı.
Murtuz Muxtarov Bakının Əmircan kəndində anadan olmuş və əmək
fəaliyyətinə də bu kənddə başlamışdır. O da Bakının bir sıra
milyonçuları kimi adi fəhlədən nəft maqnatı səviyyəsinə yüksəlmişdir.
Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda
podratçılıqla məşğul olmuşdur. Qara qızıl fantanları nəhayət onun da
üzünə gülərək, əlini milyonlara çatdırmışdır.
Təkcə Bakıda yox, Maykop və Qroznı neft mə’dən sahiblərilə də müqavilə
bağlıyıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə
texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.
Muxtarov generalın də’vətini qəbul edib Vladiqafqaza, evlərinə qonaq
gedir. Nəhayət, generalın ortancıl qızı Liza xanımla evlənib, qohum
olurlar.
Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binaların
arxitekturası neftxudanı valeh edir. Və onlara oxşar bir sarayı Bakıda
bir il ərzində (1911-1912) tikdirir. Sarayın hər sütünü, tağları, buta
və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz
sənət əsəri, memarlıq incisidir. Neftxuda pul əsirgəmədiyi kimi
memar da ilham, ustalar da səy və əməklərini əsirgəməyiblər. Sarayı
arxitektor Ploşko fransız kotik üslubunda layihələşdirib.
M.Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı
şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın
bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun
adı ilə bağlıdır. 1910-cu ildə Əmirhacıyan kəndində tikdirdiyi məscid
binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.
1913-cü ildə Abşeronun qumsal dəniz sahilində mayaq qülləsi (indi bu
mayaq işləmir), Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu
Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid,
Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl,
yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir.
Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində
yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi.
Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda
Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində Muxtarov
Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov)
küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov
qapını açıb, onları gördükdə atəş açıb, onlardan birisini öldürür,
ikinci gülləni də öz alnına çaxır.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...