Bakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. Milyonşu Ağa Musa
Nağıyev “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü. “Cəmiyyəti xeyriyyə” üçün
şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu
mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb
yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında
(indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli
pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə
damğalanmışdı.
28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən
tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı
yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar
Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində
Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa”
mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa
Nağıyevin pulu ilə tikilmişdir.
Xalq içərisində onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılmışdı.
Əslində Nağıyev deyildiyi dərəcədə də xəsis deyildi. Bəzən qəpiyə
xəsislik eləyirdisə, böyük kapital qoyuluşunda başqa milyonçulardan də
geri qalmırdı. Məsələn, O, birinci realnı məktəbin hamiliyini boynuna
almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul
etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə
müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.
Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan
olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd
mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir.
25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır.
Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan
açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil
fəaliyyətə başlayır. Iki ildən sonra Musa Nağıyev borcunu qaytarır və
parça alverinə başlayır. 5 ildən sonra 2 000 manat qənaət toplayır.
Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu
alır. Sonra neftli torpaq sahaləri alaraq, böyük bir energiya ilə neft
istehsalına başlayır. Xüsusilə Bibiheybətin mə’dənlərində birbirinin
dalınca vuran neft fantanları başqaları kimi onu da milyonçu
dərəcəsinə qaldırır.
O müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü
qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm
xəstəliyinə tutulur və ölür. Istiqlaliyyət küçəsində tikdirdiyi bina
da İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılır.
1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızılla yetmiş
milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan
qat-qat çox imiş. Musa Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında
vəfat etmişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...