Şəmsi Əsədullayev Bakıda neft sənayesinin
görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının
adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən
birinci istifadə edən neftxudadır.
Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən
çıxmışdır. 1840-cı ildə Bakının Əmirhacıyan kəndində anadan olmuşdur.
Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə
biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına
kömək edirdi. Bu illərdə əmirhacıyanlıların əsas taxıl yerləri
Suraxana torpaqlarında idi. 19-cu əsrin əvvələrində neft sənayesinin
inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi
Suraxanada neft çıxarılması və kerosin e’malı ilə məşğul olan rus
tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı.
Onlar Suraxanada Atəşgahın yanında kerosin e’mal edən bir zavod
tikdirmişdilər. Torpaqsız qalan Suraxana və Əmirhacıyan kəndliləri
neft mə’dənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də
əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, 1860-cı ildə Kokorevin
yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o
neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli
qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır.
1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə
şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması
onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi
ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə
olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.
1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük fantan
vurur. Fantan 56 gün davam edir. Fantan hər gün milyon altı yüz min
pud neft verirdi. Bu Bakı neft sənayesi tarixində ən məşhur
fantanlardan biri idi.
Əsədullayevin neft hasilatı artdıqça onun Volqa boyu şəhərlərində,
Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı
artırdı.
Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft
daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin
qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta
Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki,
yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona
mane olardı.
Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda
neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən
Şəmsi də, xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur,
yazda naviqasiya açılanda daşıtdırardı Rusiyaya.
Neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də
neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas
fasadı Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya (Tolstoy)
küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina
tikdirir. Başqa binaları da vardı.
Şəmsinin Bakıda bir müsəlman arvadı, iki oğlu və iki qızları vardı.
İkinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə arvadı
Ümsəlmə, oğlanları Mirzə, Əli və qızları Sara, Xadicə və Ağabacı ilə
onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya
keçməyə məcbur olur.
Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz
qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Səmsinin üzünə
taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı
sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda
bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan
təmtəraqlı mülk almışdı. Hər il Avropa şəhərlərinə, yaylaqlarına
istirahətə, səyahətə gedirdilər.
Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, Xeyriyyə
işləri ilə məşğul olur.
Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda
keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev
məşğul olurdu. Volqada noviqasiya açılan kimi Bakıya gələr və neçə ay
müddətində anbarlarda toplanmış nefi Rusiyaya öz müştərilərinə
göndərməyə başlardı.
Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün
çox böyük sahəsi və əzəmətli arka qapısı ilə fərqlənirdi. Bağ 19-cu
əsrin axırlarında salınmışdı.
Sovet höküməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi.
Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat
etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızına, kiçik oğlu Əli
isə H.Z. Tağıyevin Leyla qızına evlənmişdilər. Qızı Sara atasının
işlər müdiri Zal Həsənovun arvadı olub.
Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı
Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində
yazırdı. O iki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin
nəvəsidir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...