Bütün
müsəlman ələmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman,
rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri
sədr seçmişdilər.
Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. On
yaşına çatanda atası onu bir bənnanın yanında palçıq daşımağa düzəldir.
12 yaşına çatanda artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə
başlamışdı. Bir müddətdən sonra podratçılıqla məşğul olmağa başlayır.
Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı
kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar
tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da
maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə
başlarkən onun risqli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək
pul töküb, quyu qazdırır, lakin quyu neft vermirdi.
1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür.
Avadanlıq alır, usta və əmələlər tutur, buruq qurdurub başlayır quyu
qazdırmağa. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər
ümüdlərini itirir – öz paylarını satmağa müştəri axtarırlar, axırda
Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da
ağır gedir. Hacı darıxmır, tək-tənha məşəqqətə dözür.
Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu
palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev.
Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray
tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhənk qübbələr
diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy
politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə
baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə
görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi
Qoslavski əsasən Avropa order me’marlıq üslubundan istifadə edib,
fərdi kompozisiya yaradıb (Azərbaycan tarixi muzeyi).
Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhənkg qaz
fanarı yanırdı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi
tapılardı.
Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük
balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun
ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba
tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və
Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və
nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri
sarayı, İranda karvansaraları vardı.
İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak
qızına evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş
edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlməyə ona icazə versin.
O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş
göndərmişdi.
Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə,
Dərbənd, Port-Petrovsk (indiki Mahaç-Qala) daxil olmaqla uzunluğu 300
kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı
vətəkələri dövlətdən icarəyə götürmüşdü.
O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə
yaman əziyyət çəkirdi. Axırda Hacı Zeynalabdina müraciət edirlər ki,
bu işdə bizə kömək elə, dərdimizə çarə qıl. O da, o zaman şəhərin
ucqar yeri hesab edilən Quba (Fizuli) meydanı ilə Kömürçü meydanı
arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini)
düstaqxana üçün verir. Bu barədə digər bir rəvayət də var. Bakıya
yüksək rütbəli təzə mə’mur təyin edilir. Hacı onun görüşünə gedir və
deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan
heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, «düstaqları
Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf
edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin».
Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını düstaqxana üçün
hökümətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq
fabriki yerləşən əraziyə daşıtdırıb, orda dəyirman tikdirir. Özü və
ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və
vaxtaşırı orda qalırdılar.
«Mazut» şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq
Ağabala Quliyevin başçılığı ilə «Bakı - Batum» neft kəməri aksioner
şirkətini yaradırlar.
O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan
başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram
qalasının yamancını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr
məsəfədə uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi.
Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol
açacaqdı.
Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə (10 ilə)
tamamlamışdılar.
1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız
məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada jeganə qız məktəbi idi.
Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur. Bu
məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər
Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.
Qız məktəbin binası me’marlıq baxımından Azərbaycan me’marlığının
milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər
cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı
və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri
əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi.
1905-ci il inqlabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə
mədəni-maarif işlərinin canlanmasına oldu. Ölkənin hər yerində
xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qazet və jurnallar
çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qazet və
jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır.
Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə
məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti
ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə
cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi.
Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da
Hacının yaxından köməyi olmuşdur.
Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı
Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu.
Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.
İkinci arvadı məşhur general-leytenant Balakişi Ərəblinskinin qızı
Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın
arvadı idi. Gacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş
və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu
olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə
getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd «Dikaya
diviziya»nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə
tutularaq ölmüşdür.
Tağıyev Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi
Mərdəkandakı bağında 1924-cü il sentyabırın 1-də, axşam səkkizin
yarısında, 86 yaşında vəfat etmiş və sentyabırın 4-də dəfn edilmişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...