Xarici görkəmi, gözəl nitq qabiliyyəti və aktyorluq
istedadı... Bu üç xüsusiyyət bir insanda cəmləşirsə, ondan əsl
sənətkar olur. Zamanəsinin görkəmli aktyorlarından olan Əli Zeynalovda
bu üç xüsusiyyətin hamısı birləşmişdi. Ötən əsrin 75 ili onun
qismətinə düşüb və o da bu ömürdən kifayət qədər səmərəli istifadə
edib. Teatr səhnəsində yaratdığı Seyran ("Namus"), Elxan ("Od gəlini"),
Neznamov ("Günahsız müqəssirlər"), Eyvaz ("1905-ci ildə"), Fərhad ("Fərhad
və Şirin"), Aydın ("Aydın"), Oqtay ("Oqtay Eloğlu"), Həsənzadə ("Sən
həmişə mənimləsən"), Antoni ("Antoni və Kleopatra") və başqa rolları
incəsənət tariximizə qızıl hərflərlə yazılıb.
Ə.Zeynalovun həyat yoldaşı da aktrisa idi. Mirvari Novruzova
səhnəmizdə maraqlı, özünəməxsus rollar ifa edib. Hər iki sənətkarın
ailə qurmalarının qəribə tarixçəsi var. Bu haqda danışan qızı Sədaqət
xanım bildirdi ki, "Eşq və intiqam" tamaşasında Əli müəllim Çingiz
rolunu, Mirvari xanım isə Qəmər obrazını oynayıblar. Elə o tamaşadan
sonra iki sənətkarın eşq macərası başlayıb. Onlar münasibətlərini
1940-cı ildə rəsmiləşdiriblər. Yeri gəlmişkən, bu, Əli müəllimin
ikinci nikahı imiş. Birinci evlilikdən onun bir qızı, bir oğlu olub.
Mirvari xanım onları doğma balaları kimi saxlayıb. Daha sonra ailədə
yeni körpələr doğulub. Beləliklə, Zeynalovlar ailəsində dörd uşaq
tərbiyə almağa başlayıb.
Əli Zeynalov 1913-cü ildə Salyanda anadan olub. Amma uşaqlığı Bakıda -
İçərişəhərdə keçib. Onun atası Yusif Zeynalov ilk əlifba kitabının
müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli
Zeynalovda öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb.
Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub.
1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda"
tamaşasındakı baş rolu ilə çoxlarının rəqbətini qazanıb. Bakı Pedaqoji
və Teatr texnikumlarını bitirdikdən sonra o, bir müddət Moskva
teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki
Dövlət Dram Teatrında işləyib. A.Şirvanzadənin "Namus" əsərində Seyran
rolunu oynamaqla peşəkar teatr səhnəsinə gələn aktyor truppasına daxil
olub.
Onun yaradıcılığının müəyyən dövrü İrəvan Dram Teatrı ilə bağlıdır.
Atam orada görkəmli sənətkar Kazım Ziya ilə tanış olur, həmişə onu
idealı, böyük müəllimi hesab edirdi. 1945-ci ildən etibarən isə o,
Azərbaycan Dövlət Dram Teatrına dəvət alır və burada yaradıcılığının
ən gözəl mərhələsinə qədəm qoyur.
Təqaüdə çıxdıqdan sonra "Azərbaycanfilm"in dublyaj və səsləndirmə
studiyasında işlədi. Bir neçə filmlərə çəkildi: "Kölgələr sürünür", "Leyli
və Məcnun", "Bir qalanın sirri"...
Əli Zeynalov öz sənətini çox sevirdi. "İki ömrüm olsaydı" adlı kitab
da yazmışdı. Sadəcə, o çox ciddi, yüksək potensiala malik bir sənətkar
idi. Onun oynadığı rollar hamısı bu gün təhlil olunub və təkrarsız
sənət əsəridir. "Sən həmişə mənimləsən" tamaşası gedəndə bütün
tamaşaya baxan gənc qızlar o rolu və Əli Zeynalovu sevməyə başladılar.
- Əli Zeynalovun gözəl danışıq qabiliyyəti və səsi var idi. O vaxt
dövlət səviyəsində keçirilən bütün tədbirlərdə atam iştirak edirdi.
Nodar Şaşıqoğlunun bütün filmlərində Əli Zeynalov onu səsləndirir və
bundan həm tamaşaçılar, həm də hər iki aktyor razılıq edirdi.
Əvvəllər incəsənət işçilərinə özgə cür münasibət var idi. O vaxtlar
Ələsgər Ələkbərov küçədə gedəndə hamı donub qalırdı. Ya da Leyla
Bədirbəyli. Afişalar izlənilirdi, tamaşalar anşlaqla keçirdi. Gecə
saat 12-də, birin yarısında tamaşalar bitirdi. Teatr bitdikdən sonra
onlar arxa qapıda dururdular ki, aktyorları öz gözləri ilə görsünlər.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...